NATO Suriyada əməliyyatlar keçirməyəcək

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
NATO Suriyada əməliyyat keçirməyə hazırlaşmır. Bu barədə alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib. “Lakin biz suriyalı nümayişçilərə qarşı repressiyanı qətiyyətlə qınayırıq. Bu problemin yeganə həll yolu Suriya xalqının haqlı tələblərini yerinə yetirməkdir“, - deyə Foq Rasmussen bildirib. Suriya səfirlikləri xaricdə yaşayan fəallara və etirazçılara qarşı hədə kampaniyası aparmaqda ittiham olunurlar. “Amnesty International“ fəalların Suriyadakı qohumlarına qarşı təqib kampaniyası aparıldığını bildirib. Britaniyadakı suriyalı fəallar Londonun varlı Belqravia məhəlləsində yerləşən Suriya səfirliyinin hədə-qorxu kampaniyası apardığını iddia edirlər. Burada müntəzəm olaraq prezident Bəşar əl-Əsəd hökumətinə qarşı nümayişlər keçirilir.
Siyasi fəal Qiyas Əlcundi son nümayişlərdə iştirak edib: “Səfirlikdən mənə kimsə zəng edərək rejim əleyhinə çıxışlarıma son qoymağa çağırdı. Həmin adam mənə dedi ki, istənilən anda mənə və ailəmə əlləri çata bilər. Mənim ailəm hamısı Suriyadadır“. Razan Saffur Britaniyada boya başa çatıb, amma o, da anti-Əsəd protestlərinin tərkib hissəsidir. Saffur adamların Müsəlman Qardaşları kimi damğalanacağı və vətənə buraxılmayacağı barədə xəbərdarlıqla üzləşdiklərini deyir. “Amnesty International“ ABŞ da daxil olmaqla səkkiz ölkədə bu növ hədələmə kampaniyalarının keçirildiyini deyib. “Neil Sammons Amnesty“də Suriya üzrə ekspertdir: “Bizə məlum olub ki, insanların Suriyadakı ailə üzvləri ilə kəşfiyyat agentliyi əlaqə saxlayıb. Azı səkkiz adam saxlanılıb. Dördü işgəncəyə məruz qalıb. İki adam yoxa çıxıb“.
“Amnesty“ xarici hökumətləri xaricdəki suriyalıları qorumağa çağırıb. Suriyanın Londondakı səfirliyi müsahibə verməkdən imtina edərək bəyanat yayıb. Bəyanatda Suriya diplomatik elçiliyinin beynəlxalq konvensiyalara əməl etdiyi bildirilir. Səfirliyin qarşısında isə insanlar üzərilərində adlarının yazıldığı şüarlar tutublar. Onlar Əsəd hökumətindən qorxmadıqlarını deyirlər.
ABŞ-ın dövlət katibi Hillari Klinton BMT-nin Təhlükəsizlik Şurasının Suriyadakı zorakılığı dayandırmağa çağıran qətnaməsinə Rusiya və Çinin veto qoymasını pisləyib. Klinton Rusiya və Çinin yanlış yolda olduqlarını bildirib. “Qətnaməyə veto qoymağı seçən ölkələr Suriya xalqına və dünyada azadlıq və insan haqları uğrunda mübarizə aparan bütün insanlar qarşısında izahat verməli olacaqlar. ABŞ və avropalı müttəfiqləri bu məsələdə hansı mövqedə dayandıqlarını göstərdilər, 4 qitədən bizə qoşulan insanlar, zorakılığı pisləyən və demokratik Suriyaya sülh yolu ilə keçid etmək istəyənlər doğru yoldadır. Günahsız kişi, qadın və uşaqlara tuşlanan silahları Əsəd rejiminə göndərməyə davam edən ölkələr isə nə etdiklərinə yaxşı baxmalıdırlar“, - Hillari Klinton belə deyib. Hillari Klinton həmçinin bildirib ki, qətnamənin uğursuzluqla nəticələnməsi Təhlükəsizlik Şurasının beynəlxalq sülhü bərqərar etmək və dinc sakinləri müdafiə etmək öhdəliyinin icrasının uğursuzluğa düçar olması deməkdir.
ABŞ hökuməti Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasında Suriyayla bağlı qətnaməyə veto qoyması qərarını pisləyib. ABŞ departamentinin sözçüsü Viktoriya Nulandın sözlərinə görə, Rusiya və Çinin dünən “ləğv etdiyi“ qətnamə sadəcə “yüngül cəza“ xarakteri daşıyıb, yalnız Əsəd rejiminə qarşı sərt sanksiyalarla kifayətlənib. V.Nuland bu qətnamənin qəbul olunaraq, Təhlükəsizlik Şurasında təsdiq olunması üçün böyük, “çox böyük səylər“ göstərdiklərini və müvafiq danışıqların aparıldığını bildirib. Xanım Nulandın sözlərinə görə, ABŞ qətnamənin yumşaldılmasına belə razı olub. Halbuki bununla belə Rusiya və Çin dinc sakinlərin ölümünə səbəb olan Əsəd rejiminə qarşı qətnaməni təsdiq etməkdən imtina edib. ABŞ departamentinin sözçüsü “dişlərin belə görünmədiyi“ bir qətnamənin təsdiq olunmamasına çox məyus olduğunu ifadə edib. Qeyd edək ki, BMT-də keçirilən səsvermə zamanı Rusiya və Çin Suriyaya qarşı qətnamə layihəsinin qəbuluna veto qoyub. Bununla da Rusiya Suriyada ikinci Liviya ssenarisinin təkrarlanmasına imkan verməyib.
Azad Əliyev