Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

10:30 16.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşaya səfər edib. Prezidentin ailəsi ilə birlikdə Qarabağın mirvarisi olan Şuşaya səfəri ölkə əhalisində yeni bir əhval-ruhiyyə ilə qarşılanıb.

Bu barədə “Həftə İçi”nə fikirlərini bildirən Azərbaycan Xalq artisti, Prpfessor Xuraman Qasımova Prezidentin ailəsi ilə birlikdə Şuşaya səfərini göz yaşları ilə izlədiyini deyib:

“Bu 30 ildə o torpaqlar üçün, Şuşa üçün hər kəsin burnunun ucu göynəyirdi. Bu səfər mənim qəlbimdə “həqiqətdirmi, doğrudanmı biz yenidən Üzeyirin vətəninə, Cıdır düzünə gedirik” deyə, kövrək hisslər oyatdı. Bu, bizim çoxdan arzuladığımız anlardır. İndi sizinlə danışarkən də kövrəlirəm. Nəhayət cənab Prezident İlham Əliyev ailə üzvləri ilə azad olunmuş Şuşa torpağında oldu. Nəhayət bizim Mədəniyyətin beşiyi sayılan Şuşa şəhəri, bu torpaqlar “Qarabağ Azərbaycandır!” şüarı ilə Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan ordusunun şücaəti nəticəsində azad olundu”.

Xuraman Qasımova bildirib ki, bu torpaqlar Üzeyir Hacıbəyli, Natəvan, Xan Şuşinski, Bülbül, Vaqif kimi dühaların yurdudur:

“O dühaların şeirləri, musiqiləri səsləndikcə, o torpaqlar canlanacaq, ruhları şad olacaq. Mən Opera teatrında Natəvan rolunun ifaçısı olmuşam. Mən Natəvanın “torpaqdan pay olmaz” kimi ifadə olunan arzularını, istəklərini onun qəzəllərində, sözlərində oxumuşam. Nəhayət, ay Xurşudbanu Nətəvan, sənin torpaqların qayıtdı! Bu torpaqlarda sənin “Qərənfil”in səslənəcək! Bu torpaqlarda Xan Şuşinskinin muğamları səslənəcək. Bu torpaqlarda Prezidentin də dediyi kimi, əlbəttə ki, musiqi festivalları keçiriləcək! Bu torpaqlarda yeni bir döyüş, qəhərmanlıq tarixi yazıldı. Şuşa bizim mədəniyyət mərkəzimiz olacaq. Şuşanın mənzərəsini izlədikcə, o dağlara baxdıqca,  çəmənliyi gəzdikcə, adamın ruhu dincəlir. Biz hər zaman bu günü gözləmişik”.

Xuraman Qasımova hər zaman bacısı Fidan xanımla birlikdə bu günləri görmək üçün dualar etdiklərini vurğulayıb. Bu gün azad olunan Şuşaya getmək barədə arzular quran sənətkar orada vətənimizi vəsf edən əsərlər ifa edəcəklərini qeyd edib:

“Vətən haqqında gözəl əsərlərimiz var. Üzeyir bəyin tək "Koroğlu" operasından üverturası və yaxud himnimiz o yerlərdə qələbənin möhtəşəmliyini musiqi ilə birlikdə ruhumuza hopduracaq. O musiqiləri dinləyəndə Qarabağ torpağının qoxusunu duyursan”.

Xuraman Qasımova Qarabağın abadlaşacağı günün çox yaxın olduğunu bildirib. Onun sözlərinə görə, Prezidentin Şuşadakı inamlı çıxışları hər kəsdə bu inamı yaradır:

“Möhtərəm Prezidentin o uçurdulmuş, viranə qoyulmuş abidələrimizi, məscidlərimizi ziyarət etməsi səhnəsi məni ağlatdı. Biz möhtərəm Prezidentimizlə, möhtərəm  Mehriban xanımla 1994-cü ildə, hələ ulu öndər Heydər Əliyev sağikən Səudiyyə Ərəbistanda Məkkədə olarkən Kəbəni ziyarət etdik. Hətta bizə Kəbənin içinə girmək də nəsib oldu. Mən indi də xatırlayıram ki, Mehriban xanım necə orada olan sütuna söykənib daxilən dualar edirdi. Eləcə də mən. Şübhəsiz ki, Mehriban xanım daxilən elə bu günlər üçün dua edirdi. Mən bu gün yenə də Mehriban xanımın Məsciddə o cür divara söykənərək dua etdiyini gördüm. O mənzərə gözümün önünə gəldi. O hissləri mən də keçirmişdim. Arzu etmişdim ki, torpaqlarımız azad olsun, dövlətimizə, millətimizə firəvanlıq gəlsin. Hansı ana istər ki, müharibə olsun?

Şəhidlərimiz o torpaqlarda qan tökdü. İnşaallah o torpaqlar yenidən abadlaşacaq, yenə də o torpaqlarda azan səsi eşidiləcək. İnşaallah mənə və Fidan xanıma da nəsib olsun ki, o torpaqlara gedək, təkrar o yerlərin ətrini duyaq, azan səsini eşidək, əsərlər ifa edək.

Biz möhtərəm prezidentimizə təşəkkür edirik ki, o, bu savaşda düzgün taktiki addımlar seçərək, torpaqlarımızı işğaldan azad etdi. Biz inanırdıq ki, torpaqlarımız azad olunacaq. Və bu, prezidentimizin qələbəsi idi. Kim nə deyirsə desin, bu, böyük bir qəhrəmanlıq idi. O günü gözləyirik ki, bütün işıqlı yollar Azərbaycan xalqını Qarabağda qarşılasın”.

Oxunma sayı 926