Yanmış meşə sahələri bərpa olunacaq

19:14 30.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq. Bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Onun sözlərinə görə, meşəbərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür. Əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək.

A.Qaraşov həmin rayonların sakinlərinə müraciət edərək bildirir ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar. Bununla həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbiibərpa işlərinin getməsinə şərait yaranacaq: “Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçikhəcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb”.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda meşə yanğınları əsasən havaların isti və quraq keçdiyi yay aylarında, yəni ot örtüyünün tam quruduğu zaman əsasən insanların ehtiyatsızlığı səbəbindən baş verib. Söndürülməmiş siqaret kötüyünün, kibritin meşə ərazisinə atılması, tonqalın söndürülməməsi, taxıl biçildikdən sonra kövşənlərin yandırılmaması meşə yanğınlarının başvermə səbəbləri arasındadır.

A.Qaraşov əhaliyə çağırış edərək bildirib ki, meşə sahələri ən qiymətli milli təbii sərvətimizdir: “Ona görə onları həm yanğından, həm də mal-qara tapdağından qoruyaq ki, meşələrimiz özünü bərpa edə bilsin".

Yeri gəlmişkən, bu gün dünyada meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalması sayılır. Təsadüfi deyildir ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır. Ümumdünya Vəhşi Təbiət Fondunun son illər artmaqda olan meşə yanğınları ilə bağlı apardığı elmi tədqiqatlar barədə hesabatında bildirilir ki, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması və s. təbii səbəblərdən baş verir. Digər hallarda isə yanğınlar qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir.

 

Qeyd edilir ki, meşə yanğınlarının tüğyan etdiyi ən acınacaqlı region Aralıq dənizi hövzəsidir. Araşdırmalara görə, 1960-cı ildən indiyədək regionda il ərzində baş verən meşə yanğınları 4 dəfə artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il Aralıq dənizi hövzəsində 50 min meşə yanğını hadisəsi qeydə alınır və bunun nəticəsində 800 min hektar meşə sahəsi məhv olur. Bu yanğınlardan xüsusilə İtaliya, İspaniya, Fransa, Portuqaliya və Yunanıstan daha çox ziyan çəkir. Son onilliklərdə Avropa ölkələrində meşəsalmada yanğınadavamlı palıd ağaclarının efir yağları ilə zəngin evkaliptlərlə əvəzlənməsi dəbdədir. Hesabat müəllifləri, həmçinin bu cür ağac növlərinin kütləvi halda əkilməsinə son qoyulmasını da tələb edib. Həmçinin gələcəkdə baş verəcək daha böyük fəlakətləri önləmək üçün Avropa ölkələri ciddi addımlar atmağa çağırılır.

Məlumat üçün bildirək ki, meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür. Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Azərbaycanda dərman bitkilərinin 300-dən artıq növü yayılıb. Həmin bitkilərdən (bağayarpağı, yovşan, kəklikotu, qantəpər, moruq, çiyələk, dazıotu, gicitkan və s.) təbabətdə istifadə olunur. Eyni zamanda bizdə xeyli meşə ağac və kol cinsləri də məlumdur ki, onlardan da dərman bitkisi (cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyürtkan, itburnu, çaytikanı, sumax, nar və s.) kimi istifadə olunur.

Araşdırmalara görə, respublikada meşələrin əhali üçün rekreasiya məqsədlərilə istifadəsinin geniş perspektivləri vardır. Belə ki, meşələrin nəhəng oksigen istehsaledici qüvvəsi, təbiətdə rast gəlinən ayrı-ayrı mənfi halları və antropogen təsiri yox etmək və ya azaltmaq (sel axınlarının, güclü küləklərin, ciddi mənfi hərarətin, günəşin yüksək şüalanmalarının, hava hövzəsinin, torpağın, suyun çirklənməsinin, səs-küyün qarşısını almaq) qabiliyyəti inkaredilməzdir. Eyni zamanda havanı tozdan, küləkdən, tüstüdən, hısdən və s. kimi insanlara ziyan verən qarışıqlardan təmizləməkdə meşələrin çox böyük sağlamlaşdırıcı rolu mövcuddur. Müəyyən edilib ki, 1 hektar palıd meşəsi gün ərzində 56 ton, fıstıq meşəsi 68 ton, şam meşəsi 38 ton tozu öz çətirləri (yarpaqları) arasından süzdürür və tozdan təmizləyir. Bir sözlə, respublikanın meşələri təmiz və müalicəvi havanın əsl mənbəyidir, onu oksigenin aktiv forması ilə zənginləşdirir. Meşələr özlərinin müalicəvi və estetik xüsusiyyətləri ilə insanların yüksək dərəcədə iş qabiliyyətini təmin etməyə, səhhətlərini və uzunömürlülüyünü qorumağa qadirdir.

Mütəxəssislər hesab edirlər ki, meşələrin rekreasiya əhəmiyyəti, istirahət, müalicə və turizm məqsədilə kütləvi surətdə istifadəsində özünü göstərir. Rekreasiya obyekti kimi Böyük və Kiçik Qafqazın, həmçının Talış dağ meşələrini, eyni zamanda Xəzər dənizi kənarında yerləşən (Nabran) meşələri, Kür çayı boyundakı ağaclıqları və s. göstərmək olar. Təbii ki, meşələrin insan həyatı üçün yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərini vurğulamaqla yanaşı onların sahəsinin genişləndirilməsi, sıxlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması, aqrotexniki qulluq səviyyəsinin yüksəldilməsi, eyni zamanda yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi də ön plana çəkilməlidir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.