Yaponiyanın Azərbaycandakı səfirliyi 20-ci ildönümünu qeyd edir

10:22 22.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Düz 20 il əvvəl - 21 yanvar 2000-ci ildə Qafqaz regionunun 3 ölkəsi arasında ilk dəfə olaraq məhz Azərbaycanda yaradılan Yaponiyanın Azərbaycandakı səfirliyi 20-ci ildönümünu qeyd edib.

Hafta.az-ın yazdığına görə, Yaponiya səfirliyinin facebook səhifəsində səfir Teruyuki Katorinin adından verilən məlumatda deyilir ki, ötən ilin sentyabr ayında Yaponiyanın dövlət zəmanətli krediti əsasında uzun illərdir inşası davam etdirilən “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimi Prezident İlham Əliyev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenci Yamadanın iştirakı ilə baş tutub. Yaponiya hökuməti bu cür əməkdaşlıqlar vasitəsilə Sovet hökumətindən ayrılaraq yeni doğulmuş ölkə - Azərbaycanın inkişafını daim dəstəkləyib. Təhsil, tibb, su təminatı kimi Azərbaycan əhalisinin yaşayış mühitinin yaxşılaşdırılmasına birbaşa xidmət edən “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Proqramı səfirliyimiz tərəfindən uzun illərdir həyata keçirilib və indiyədək ümumi məbləği 22 milyon dollar olan 256 layihə reallaşdırılıb.

Daha sonra bildirilir ki, 2018-ci ilin payızında Yaponiyanın XİN başçısı Taro Kono Bakıda səfərdə olub, Prezident İlham Əliyev, sabiq Baş nazir Novruz Məmmədov, Xarici İşlər naziri Elmar Məmmədyarovla iki ölkə arasında münasibətlərin inkişafı, beynəlxalq vəziyyət haqqında ətraflı fikir mübadilələri aparılıb. Azərbaycan tərəfindən də 2019-cu ildə Vergilər naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Oqtay Əsədov (Yaponiya İmperatorunun taxtaçıxma mərasimində iştirak), Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin (Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında iştirak) Yaponiyaya rəsmi səfərləri baş tutub, iki ölkə arasında qarşılıqlı anlaşmanın daha da artmasına xidmət edib.

"Bu il Tokioda Olimpiya və Paralimpiya oyunları keçiriləcək. İşikava Prefekturasının Şikamaçi şəhəri Azərbaycanın güləş milli komandası və paracüdo üzrə yığma komandalarını qəbul edəcək “Ev sahibi şəhər” kimi qərarlaşdırılıb. Olimpiya oyunlarında Azərbaycan yığmasının əzmlə mübarizəsi yarışları izləyəcək hər iki ölkə nümayəndələrinin qarşılıqlı əlaqələrinin daha da dərinləşməsi üçün bir şans olacağına inanıram", - səfir Teruyuki Katorinin açıqlamasında deyilir.

Sonda deyilir: "Səfirliyimizin yaradılmasının 20-ci ildönümü münasibətilə, Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün bundan sonra da səfirlik olaraq var gücümüzlə çalışacağıq".

Oxunma sayı 135
Siyasət rubrikasından digər xəbərlər