YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir

15:14 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir.

Hafta.az-ın məlumatına görə, XX-XXIəsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur.

Sərgidə Azərbaycanın tanınmış rəssamlarının Şamo Abasov, Məlik Ağamalov, CHINGIZ, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.

Sərginin adında, biz, süqut dövründə tənhalıq və yalnızlıq mövzusunu mənəvi qurtuluş kimi eşidirik. “Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, +həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir.

Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Belə ki, tarixi nöqteyi-nəzərdən, bu layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Bu gün sovet irsi ilə bağlı olan mövzular, müəyyən məqamda dünyanın mədəni mühitində çox tələb olunsa da, ciddi şəkildə tükənmişdir. Buna baxmayaraq, hər bir yeni kurator baxışı, yeni nəslin fərqli qavrayışları, həmin dövrün naməlum əsərlərinin yeni ekspozisiyası, yeni tarix və
mədəni layları aşkara çıxara bilər.

Keçmiş Sovet İttifaqı respublikalarının dövlət müstəqilliyini əldə etməsi müxtəlif tarixi yollarla baş vermişdir. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan, sözügedən sərgi, əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.

SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə “sınma” kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqınlar, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin, yenidənqurma illərində yaranmış “yeni” həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu “zamansızlıq” dövründə, rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki, incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...

“Öz adanı kəşf et” sərgisi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: “Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi” dövrü, “Faciənin baş verməsi: müharibə və onun nəticələri” dövrü və “Həyatın canlanması və tunelin sonunda işıq” dövrü.

Sərginin bədii əsərləri, həmin dövr cəmiyyətinin vəziyyətini və əhval-ruhiyyəsini yenidən
qurmaqla və vizuallaşdırmaqla, həmin illərin sənədli fotoşəkilləri və xronikalardan olan
videomateriallarla birgə təqdim olunur.

Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Fotoqraflar Birliyinin fondunda saxlanılan əsərlər daxil olub.
***
Kurator Sabina Şıxlinskaya, araşdırmaçı Zəhra Məmmədovadır.
***
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi haqqında

Heydər Əliyev Fondu tərəfindən yaradılmış, Dövlət Bayrağı Meydanında yerləşən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin açılışı 2015-ci ilin iyun ayında baş tutub. 26 may 2018-ci il tarixində isə YARAT Müasir İncəsənət Məkanı, bu muzeydə “Əmək, istirahət və xəyallar: 1960- 1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı ilk sərgini təqdim etdi. Ekspozisiyaya ümumilikdə Azərbaycan mədəniyyətinin qızıl fondunu təşkil edən 23 tanınmış Azərbaycan rəssamının əsərləri daxil edilmişdi. İncəsənət sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüşlər sayəsində sərgiyə gələn ziyarətçilər muzeydə təqdim edilən sənətkarların həyat yolları və yaradıcılıqları haqqında daha geniş məlumat almaq imkanını əldə etdilər.


Tanınmış rəssamların rəhbərliyi altında həm uşaqlar “Little Master”, həm də böyüklər “Özünü kəşf et” üçün keçirilən ustad dərsləri, iştirakçılara öz yaradıcılıq potensiallarını üzə çıxarmağa və təsviri incəsənətin əsaslarını mənimsəməyə kömək etdi. Muzeyin zallarında isə klassikadan roka qədər ən müxtəlif janrlar və istiqamətlərdə musiqi tədbirləri keçirildi.
Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv
ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

Oxunma sayı 4171