Yardımlıda müəllim onlayn müsahibəyə qoşulmaq üçün dağa çıxdı – Günün təzadları

18:25 19.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasına görə mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçirilir.

Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxdı.

Hafta.az-ın Moderator.az-a istinadla  verdiyi xəbərə görə, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.

Müəllim T.Zəkili bildirib ki, onun olduğu kənddə operator dalğalarının zəif olmasına görə dağın başına çıxaraq Lerik rayonunun həmsərhəd olan kəndinə gəlib və oradan onlayn müsahibəyə qoşulub.

 

Bakıda öldürülən şəxsin skeleti istirahət mərkəzində tapıldı

Paytaxtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı.

Hafta.az yazır ki, “Report”un xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.

 

Gəncədə supermarketdə liftin şaxtasına düşən qız öldü

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada dünyasını dəyişdi.

Hafta.az xəbər verir ki,  "Report"un məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən "Bazarstire"a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Məşhur aktyor və sevgilisi evdə ölü tapıldı

Məşhur “Alatoran” (“Twilight”) filminin aktyoru Gregory Tyree Boyce və sevgilisi evində ölü tapıldı.

Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, ekran işində Tyler Crouley obrazını canlandıran Gregory və Natalie Adepojunun cansız bədəni Las-Veqasdakı mənzillərində aşkarlanıb.

Qərb KİV-nin məlumatına əsasən, hadisə mayın 14-də baş tutub, cütlüyün nəşi tibbi-ekspertizaya göndərilib.

 

Birinci vitse-prezident də koronavirusa yoluxdu

Cənubi Sudanın Birinci vitse-prezidenti Riek Maşar və onun xanımı yeni növ koronavirusa yoluxdu.

Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, bu barədə “Reuters” siyasi xadimin kabinetinə istinadla məlumat yayıb.

Açıqlamada bildirilir ki, vitse-prezidentin ofisinin bir neçə əməkdaşı və mühafizəçilərində də koronavirus aşkar olunub.

Hazırda Cənubi Sudanda ümumilikdə 194 virusa yoluxma faktı aşkarlanıb. Mayın 14-də isə virusdan ilk ölüm faktı qeydə alınıb.

 

Abşeronda oğru polis bölməsindən qaçdı

Abşeron rayonunda oğurluq hadisəsi baş verdi.

Hafta.az  yazır ki, “Report”un xəbərinə görə, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

Oxunma sayı 353