Yardımlıda oğlan nişanlısı ilə yanaşı dəfn edildi – Günün təzadları

18:42 06.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Yardımlı rayonunda baş verən hadisə hər kəsi təsirləndirdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Yardımlı sakini Hüseynov Azər Hüseynağa oğlu uzunsürən xəstəlik səbəbindən vəfat edib və öz vəsiyyəti ilə 5 il əvvəl dünyasını dəyişmiş qızın yanında dəfn edilib. Belə ki, 1985-ci il təvəllüdlü Azər Hüseynovun nişanlısı, rayonun Osnakəran kənd sakini Əsgərzadə Gülərl Barat qızı 2014-cü ildə ürək çatışmazlığından vəfat edəndən sonra Azər xiffətdən ağır xəstəliyə düçar olub. Ağ ciyərində problemlər səbəbindən xeyli müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 10 noyabrda 34-cü doğum günün qeyd edəcək olan Azər tibbi müdaxilələrə baxmayaraq vəfat edib. O, ölümündən əvvəl sevdiyi qızın yanında dəfn edilməsini vəsiyyət edib. Beləliklə, Azər Hüseynovun cənazəsi yaşadığı Yardımlı şəhərindən bir vaxtlar nişanlısının yaşadığı kəndin məzarlığına gətirilib və Gülərin yanında dəfn edilib.
Yaxınlarının bildirdiyinə görə, nişanlısı vəfat edəndən sonra ailə üzvləri Azərə başqası ilə nişanlanmağı, ailə qurmağı tövsiyə və vadar etsələr də, o razılaşmayıb və bir müddət sonra ağır xəstəliyə düçar olub.

 

93 yaşlı türk məscidə getmək üçün yeni velosiped icad etdi

93 yaşlı Ankara sakini Mehmet Çelik məscidə rahat gedə bilmək məqsədilə  əl pedalı ilə hərəkətə gətirilən bənzərsiz velosiped ixtira etdi.  Hafta.az bu haqda Moderator.az-a istinadən xəbər verir. İflic olmuş ayaqları səbəbindən adisindən istifadə edə bilməyən müsəlman yeni, uyğun bir model velosiped düzəltmək qərarına gəlib. "Məscidə getmək üçün velosipedə ehtiyacım var. Məscidə baş çəkmək mənim üçün həyati  vacib bir vəzifədir", - deyir 93 yaşlı türk. Ömrüboyu dəmirçi kimi çalışmış Mehmet Çeliyə qeyri-adi bir velosiped düzəltmək  çox da çətin başa gəlməyib. Ahıl bir müsəlmanın Allah rizası üçün etdiyi bu ixtirası tezliklə yalnız  yerli sakinlərin deyil, digər şəhərlərin mətbuatının da diqqətini cəlb edib.  “Əl ilə işləyən velosiped ideyamın mənim kimi ayaqları xəstə olan təqaüdçülərə şəhərdə gəzməyə kömək edəcəyinə çox şadam", – deyə Mehmet bəy sevincini ifadə edib.

 

40 il öncə kosmosa buraxılmış gəmidən xəbər gəldi


40 il əvvəl kosmosa buraxılan “Voyadjer-2” kosmik gəmisi ulduzlararası fəzaya keçdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, NASA-nın yaydığı məlumata görə, “Voyadjer-2” yerdən 18 milyard kilometr aralanıb və Günəş sistemini tərk edərək ulduzlararası fəzadan məlumatlar ötürür. Onun ötürdüyü məlumatlar, artıq Yerə çatıb və mütəxəssislər tərəfindən aşkara çıxarılıb. Kosmik gəminin üzərində quraşdırılan kameralar Günəş sisteminin son, ulduzlararası fəzanın başlanğıc fotolarını çəkərək NASA-ya göndərib.

 

Futbolçu toyuğu öldürdüyünə görə “qırmızı” aldı

Xorvatiyanın həvəskar liqasında çıxış edən "NK Yelenqrad" komandasının futbolçusu İvan Qazdek qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşdü. Hafta.az-ın yazdığına görə, "Report" "24Sat"a istinadla xəbər verir ki, 23 yaşlı oyunçu matç zamanı meydanda olan toyuqları qovub. Bu vaxt Qazdek onlardan birini vuraraq öldürüb və toyuğu meydandan kənara atıb. Xorvatiyalı futbolçunun bu hərəkətlərindən sonra hakim ona qırmızı vərəqə göstərib. Qazdek oyundan sonra məsələ ilə bağlı bunları söyləyib: "Toyuqlar daim meydana çıxırdılar. Ot örtüyü nəcislə dolu idi. Bunlar sağlamlıq üçün təhlükədir. Onları qovmaq üçün qaçdım, təpik atdım və təsadüfən birini öldürdüm. Hakim mənə tərəf qaçdı və qırmızı vərəqə göstərdi. Toyuğu bilərəkdən öldürmədim. Sahibinə məktub yazıb yeni bir toyuq göndərərək ondan üzr istədim".

 

Güzdək qəsəbəsində zenit top mərmisi tapıldı

Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində mərmi tapılması barədə məlumat daxil oldu. Hafta.az yazr ki, ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-nin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.