Yarmarkada xalis yaylaq balı 70 manata satılır - REPORTAJ

18:13 09.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Sayca 19-cu dəfədir ki, paytaxtda keçirilən Bal Yarmarkası ildən-ilə daha da genişlənir və təkmilləşir. Bu dəfə yarmarkada Azərbaycanın bütün bölgələrindən arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlər iştirak edirlər. Sözügedən yarmarkada ciddi nizam-intizam özünü göstərir, saxta balın satışına yol verilmir.

On bir gündən çoxdur, davam edən satış yarmarkasına üz tuturuq. Yarmarkada balın satışı və alıcılıq qabiliyyəti ilə yaxından tanış olduq. Yarmarkada təmizlik, səliqə-sahman özünü göstərirdi. Satıcılar gətirdikləri məhsullarını səliqə ilə piştaxtalara düzmüşdülər. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədarükü İdarəsinin və Qida Təhlükəsizliyi Angentliyinin nümayəndələri tərəfindən Satış Yarmarkasına nəzarət edilirdi. Bölgələrdən satışa gətirilən kənd təsərrüfatı məhsulları Qida Təhlükəsizliyi Agentliyi Mərkəzi Fitos Sanitat Laboratoriyasında yoxlanılıb, satıcıların satış yerləri nömrələnib. Laboratoriya analizində keçmiş bal və bal məhsullarının tərkibi, çiçək tozcuqları, diastazasının faizinə kimi verilən arayışda göstərilib. Sarıcılar üçün yarmarkada hər cür şərait yaradılıb. Fermerlər istədikləri qiymətdə mallarını satırdılar.Əvvəlki illərdən fərqli olaraq bu il satışa xalis, olduqca təmiz bal çıxarılıb.

 “Bəzən balın görüntüsü keyfiyyəti üstələyir”

Tahir Qarayev Göranboy rayonundan gəldiyini və 250 kiloqrama qədər bal gətirib satdığını dedi. Onun sözlərinə görə, satdığı çiçək və biyan balıdır, diastazası 29 faizdir: ”Təəssüflər olsun ki, bu günə kimi 17 kilo bal satmışam. Satdığım balın rəngi tünd olduğuna görə alıcılar almırlar. Alıcılar açıq bala meyil edirlər. Bəzən balın görüntüsü keyfiyyəti üstələyir. Bir sözlə, görüntü alıcıları aldadır. Bu səbəbdən, aşağıkeyfiyyətli ballar da satılır.

Əvvəllər Bakıya sərgiyə gələndə çox əziyyət çəkirdik, hətta bəzən bal anbarlarında oğurluq da olurdı, hərc-mərclik hökm sürürdi. İndi belə deyil. Sağ olsunlar, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədarükü İdarəsinin rəisi Leyla Əliyevanın əməyini xüsusilə qiymətləndirmək istərdik. Leyla xanım çox ciddi və qanun-qaydaya riayət edən bir şəxsdir. Kənd Təsərrüfatı nazirinin tapşırıqlarını yüksək səviyyədə icra edir. Onun göstərişi ilə kənardan bir nəfər belə yarmarkaya buraxıla bilməz. Nəzarət güclüdür, saxta balın satışına isə yol verilmir. Burada biz satıcılar üçün hər cür şərait yaradılıb. Təmizlik, səliqə və sahman burada özünü göstərir. Yeməkxanasına kimi təçkil edilib”.   

“Bu il 3 ton 700 kq süzülmüş və 600 kq şanı balım olub”

Usaməddin Hüseynov Astara rayonunun Miki kəndindən gəldiyini söylədi: ”Satdığım xalis baldır. Diastazası yüksəkdir, kalorisi çoxdur. Əsasən yaylaq balı, çökə, meşə, çəmən və çiçək balı, eləcə də balın qaymağını satıram. Gətirdiyim 400 kiloqram baldan artıq 150 kiloqramından çoxu satılıb. Alıcılar məni tanıyır, mənə etibar edirlər.  Alıcılq qabiliyyəti balın keyfiyyətindən asılıdır. Burada elə adamlar var, satdıqları balı alan yoxdur. Balı o dərəcədə keyfiyyətli, təmiz deyil. Müştərilər çox gəlir. Balı müxtəlif qiymətlərə satıram. Çəmən balının bir kiloqramını 20 manata, qaratikan balını 25 manata, meşə balını 50 manata, yaylaq balını isə 70 manata satıram. Ata-babadan arıçılıqla məşğul oluruq. Hazırda karxanamda 470 yeşik arı ailəsi var. Arıxanamda 12 nəfər köməkçi fəaliyyət göstərir. Hər köməkçiyə əməkhaqqı əvəzinə, razılaşma yolu ilə bal verirəm. Allah bərəkər versin, bu il 3 ton 700 kq süzülmüş və 600 kq şanı balım olub. Bu il ən yüksək bal Astaranın meşə və yaylaqlarında olub. Təmiz balın  diastazası 13, 15 faiz normasında olmalıdır. Əslində, 5-3 faiz diastazası olan bal da yararlıdır. Balın diasrazası 29 ola bilməz. Günün altında olan arıların çəkdiyi bal ən yüksək və xalis baldır. Diastazası 29 faiz olan bal xalis bal sayıla bilməz. Ona görə ki, arı yeşikləri  kölgəlikdə, nəmişlik olan yedə həmin balı çəkiblər. Nəmişlikdə arılar çəkdiyi balı yaxşı quruda bilmir. Arılar əvvəlcə balı pətəkdə sərib qurudur, sonra anbara yığıb ağzını lehimləyir. Dövlətimiz tərəfindən  arıçılıqla məşğul olan sahibkarlara qayğı və diqqət artırılıb. Hər il bizə bir arı pətəyinə görə 10 manat vəsait verilir. Elə bu qayğının, bu köməyin nəticəsidir ki, becərdiyimiz bal məhsulları təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də satılır. İngiltərəyə bal göndərmişəm. Hətta Səudiyyə Ərəbistanından da  nümayəndələr gəlib. Onlarla bağladığımız müqavilə əsasında məndən 700 kq çəkilmiş və 50 kq şanı balı alıblar. Bir yerdən balın kilosunu 35 manata verirəm”.

Vüsal Hüseynzadə gənc arıçıdır, astaralıdır. Deyir ki, satışa 400 kq bal gətirib. Arıçılıq sənətini ona atası Usaməddin Hüseynov öyrədib. Özünün ayrıca arı təsərrüfatı var.   

İbrahim Kərimov Astara rayonunun Miki kəndində yaşayır. Arıçılıq təsərrüfatı ilə məşğul olur. 100 yeşik ailə arı saxlayır. Satışa 300 kq bal gətirib. Dağ balının kilosunu 30 manata, cökə balını 25 manata satır. Dörd gündür yarmarkaya gəldiyini söylədi, satdığı xalis baldır, diastaza dərəcəsi 17, 8-dir. Onun sözlərinə görə, dağ balı daha yüksək keyfiyyərli olur. Ona görə qiyməti də bahadır: ”Arıçılıq Assosiasiyası daim bizə köməklik göstərir. Hər il  dövlət tərəfindən subsidiya alırıq. Bizə göstərilən qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə arıçılar adından öz təşəkkürümüzü bildiririk”.

Alıcılar da yarmarkanın təşkilindən razılıq edirdilər. Bəhrəm adlı satıcı dedi ki, əslən kəlbəcərlidir. Vaxtilə Kəlbəcərdə böyük arı karxanası olub. Balın keyfiyyətli olub-olmadığını çox gözəl bilir: “Əvvəlki illərdən fərqli olaraq bu il gətirilən bal təbiidir, olduqca keyfiyyətlidir. Hər il yarmarkaya gəlirəm, astaralı Usaməddindən bal alıram. Onun balı xalis baldır. Kəlbəcərin çiçəklərindən çəkilən bala keyfiyyətcə çox yaxındır”.

 Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, bu il sərgiyə 150 ton arı məhsulu  Təhlükəsizliyi Agentliyinin apardığı ekspertiza analizlərinin nəticəsinə görə, 30 ton bal sərgidən kənarlaşdırılıb.

"Hər il keçirilən yarmarkanın məqsədi ölkəmizin regionlarından olan arıçıları Bakıda alıcılarla üz-üzə gətirməkdir", – B. Həsrətov deyib.

Son zamanlar Azərbaycan həm də bal ixracatçısı kimi tanınmağa başlayır. Belə ki, Yaponiyaya artıq 8 ton bal göndərilib, Ərəb ölkələri üçün 5,5 ton tədarük edilib və İngiltərəyə nümunə kimi 450 kiloqram bal yola salınıb.

Qeyd edək ki, arıçılıq məhsulları sərgisi oktyabrın 8-dən 28-dək Bakı şəhəri, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində davam edəcək.

Balların qiyməti 25-40 manat arasıdır və arıçılar sevə-sevə öz ballarından dadmağa icazə verirlər.