Yasamalda qadın polisi bıçaqladı – Günün təzadları

18:54 12.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın polis əməkdaşını bıçaqladı.

Hafta.az yazır ki, hüquq-mühafizə orqanlarından verilən məlumatda hadisənin Yasamal rayonunda baş verməsi qeyd olunub.

Hadisə ondan başlayıb ki, mayın 10-u axşam saatlarında Mirəli Seyidov küçəsində üç gənc paytaxt sakini Orxan Həsənova (1994-cü il təvəllüdlü) hücum edib. Hücum edənlərdən biri onu çiynindən bıçaqlayıb. Sonra təcavüzkarlar zərərçəkəndən 20 manat pul götürüb qaçıblar.

Bundan sonra 28-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müstəntiqləri şübhəli şəxsləri müəyyənləşdiriblər. Onların Zaur Abbasov (2002-ci il təvəllüdlü), qardaşı Yusif Abbasov (2005-ci il təvəllüdlü) və Təbriz Yusubov (2003-cü il təvəllüdlü) olduğu məlum olub.

Zaurun tutulması zamanı anası M.Abbasova (1980-ci il təvəllüdlü) polis əməkdaşı Tərlan Yusifzadənin (1986-cı il təvəllüdlü) oğlunu polis bölməsinə aparmasına mane olmağa çalışıb və ona bıçaq yarası vurub.

Yara yüngül olub, buna görə müstəntiq tibbi yardımdan istifadə etməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Guya Mikayıl Müşfiqin  evi olmuş məkan üzə çıxdı

"2-ci sovet küçəsi 20 il əvvəl olub”.

Hafta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Fəxri Hüseynov Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin bir zamanlar yaşadığı, lakin sonradan plana düşdüyü üçün sökülən evinin yerində qoyulan barelyefdən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda sözügedən ərazidə heç bir tikinti aparılmır:

"Şəkilə baxanda arxada iki rəngdə 9 mərtəbəli bina görünür. Amma lövhədə göstərilən ünvanda belə bir bina yoxdur. Şəkildəki bina bizə tanış gəlmir. Rayonumuzun digər ünvanlarında belə bir binanın olduğunu xatırlamıram. Hazırda orada heç bir tikinti getmir”.

Qeyd edək ki, sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin bir zamanlar yaşadığı, lakin sonradan plana düşdüyü üçün sökülən evinin yerində qoyulan barelyefinin fotoları yayılıb. Qeyd edək ki, barelyefdə bu sözlər yazılıb: "Bu yerdə keçmiş 2-ci Sovet küçəsi, 6 saylı evdə ölməz Azərbaycan şairi Mikayıl Müşfiq doğulub, yaşayıb, yaratmışdır".

 

Əməkdar artist və ailəsi koronavirusa yoluxdu

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxdu. Həm də ailəlikcə. Aktrisa sağalsa da, hələ karantindədir.

Hafta.az  yazır ki, Lent.az-a bu barədə aktrisa özü məlumat verib. O, deyib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb: "Necə hallara düşdüksə, Rafiqi unutduq, qaldıq öz hayımıza. Onsuz da yas vermək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik. Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız müxtəlif klinikalarda koronavirusdan müalicəyə yatırıldıq”.

Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Şəfəq xanım Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb. Bu günlərdə isə qızı evə buraxılacaq. İki həftə də evdə karantində olmalıdırlar.

Aktrisa Lent.az vasitəsi ilə onun fikirlərini əhaliyə çatdırmağımızı istədi: "Çoxları bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım, ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən nəfəs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar.

Harada, necə yoluxduq, bilmirəm, biz karantində idik evdə, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sağ olsun hökumətimiz, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, maariflənsin bu xəstəliklə bağlı, özlərini, əzizlərini qorusunlar. Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum. Karantin bitən kimi çıxıb efirlərə bu barədə danışacam ki, heç kim mən yaşayanı yaşanasın"

 

Azərbaycanlı aktyor Rusiyada qılıncla savaşdı

Ötən ilin sentyabrından çəkilişləri başlayan Rusiya istehsalı olan “Rusiyalı qul” ("Русский раб") adlı ekran əsərində rol alan məşhur aktyor Kamran Ağabalayev serialın pərdə arxası görüntülərini  gün üzünə çıxardı.

Hafta.az-ın yazdığına görə, Oxu.Az xəbər verir ki, tarixi janrda ərsəyə gələn 12 seriyadan ibarət filmin baş rollarından birini canlandıran aktyor qılıncla döyüş kadrlarını izləyiciləri ilə bölüşüb.

Həmin görüntülər isə Sankt-Peterbuq şəhərinin tarixi məkanlarından birində lentə alınıb.

Karantin günlərində darıxmadığını dilə gətirən K.Ağabalayev “Rusiyalı qul” ekran əsərinin çəkilişlərinin yekunlaşdığını bildirib:

“Karantində ancaq çəkiliş meydançası üçün darıxıram. Bu video səkkiz ay müddətində çəkilən “Rusiyalı qul” serialının son günlərində çəkilib. Görüntülər məşq prosesindəndir. Yenə səhər saat 4-də oyanmağa hazıram”.

Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin rejissoru olduğu ekran əsərində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandırıb.

 

Sabunçuda polis avtomobili ağır qəzaya düşdü

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alındı.

Hafta.az xəbər verir ki, YPX avtomobili “Mercedes Benz ML” markalı maşınla toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Türkan qəsəbəsində oğlan əmisini bıçaqladı

Paytaxtda bıçaqlanma hadisəsi baş verdi. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə mayın 11-i axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Sərdar Quliyev şəxşi mübahisə zəminində qardaşı oğlu İsrail Quliyev tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanasına yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini törətməkdə şübhəli bilinən İ.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunma sayı 217