“Yaşıl guşələr”in yaradılmasında kimlər maraqlı deyil?

19:31 18.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.  “Yaşıl guşələr”in yaradılması və qorunması da bu işə tövhə verən əsas addımlardan sayılır.  Qeyd edək ki, sözügedən guşələrin yaradılması Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ötən ay imzaladığı sərəncamla həyata keçirilir. Həmin sərəncamda sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında “Yaşıl guşələr”in yaradılması tövsiyə edilib.

Dünya praktikasında yaşıllaşdırma sahəsində uğur qazanmış şəhərlərin təcrübəsi onu göstərir ki, bu işə iş adamları, müəssisə rəhbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur. Azərtac-ın məlumatına görə, bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşulublar. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında gözoxşayan yaşıl guşələr salınıb. Lakin bu işlərə biganə qalanlar da olub. “Yaşıl Bakı” təşəbbüs qrupunun verdiyi məlumata görə, bəzi iri obyektlər tərəfindən bu işlərə çox etinasız və səhlənkar yanaşılıb. Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinasız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər.

Xatırladaq ki, “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” na görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.

Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kişik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

 

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) məlumatına görə isə dünya təcrübəsində adi şəhərdə adambaşına düşən yaşıllıq sahəsi təxminən 25 kvadrat metr olmalıdır, paytaxt şəhərlərdə bu göstərici 15 kvadratmetr ola bilər. Məsələn, bu göstərici Madrid şəhərində 68 kvadratmetr, Amsterdamda 36,6 kvadratmetr, Berlində 21 kvadratmetr, Parisdə 14,5 kvadratmetr təşkil edir. Bakı şəhərində isə bu göstərici - 6,4 kvadratmetrdir.

“Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də hesab edir ki, respublika ərazisində, o cümlədən paytaxda yaşıllıqların daha da artırılması vacibdir: “Etiraf edək kii, bu gün də ölkədə yaşıllıqların qırılması davam edir. Bu, çox pis haldır. Yaşıllıqların artırılması istiqamətində görülən işlər də az deyil. Bu da sağlam həyatla yanaşı, Bakıda atmosfer havasının keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin qumlardan, tozlardan, avtomobillərin zərərli tüstülərindən qorunmaq üçün bu addımı alqışlayıram. Təbii ki, bu cür işlər tək hökumət orqanlarının deyil, yaşıllıqların qorunub-saxlanılması, becərilməsi həm də ümumxalq işinə çevrilməlidir. Çünki sağlamlıq ən ümdə vəzifədir. Lakin bu işə biganə yanaşanlar da az deyil. Məsələn, paytaxtda fəaliyyət göstərən hər hansı ticarət və ya iaşə obyektlərinin qarşısında az sayda yaşıllıq sahələri var. Bəzi sahibkarlar bir qarış yerin artıq olmasını üstün tutur. Bunun qarşısını almaq və yaşıllıq sahələrini genişləndirmək lazımdır. Nisbətən iri sənaye obyektlərinin ərazisində ağac zolağının salınmasına ciddi fikir verilməlidir. Hər kəsə öhdəliklər vermək lazımdır. Müəyyən orqanlar bu işi öz üzərinə götürməlidir. Yaşıllıq sahəsi olan obyektlərin ərazilərini də qorumaq və həmin yaşıl guşəyə mütəmadi şəkildə qulluq etmələri vacibdir. İnsanlara da başa salmaq lazımdır ki, həmin yerlərdəki yaşıllıqları qırmasınlar”.

Yeri gəlmişkən, Barselonada aparılan tədqiqatlar göstərir ki, yaşıllıqlar xüsusilə uşaqların beyninin inkişafına müsbət təsir edir. Yaşıllıqlar sayəsində onlarda diqqət və işçi yaddaş yaxşılaşır. Bununla bağlı aparılan tədqiqatda 253 məktəbli iştirak edib. Onlara maqnit-rezonans tomoqrafiyası edilib. Uşaqları, həmçinin diqqət və işçi yaddaşın yoxlanılması məqsədilə kompüter testindən keçiriblər. Müşahidə olunub ki, yaşıllıqlar əhatəsində yerləşən evlərdə yaşayan ibtidai sinif şagirdlərində beynin müəyyən hissələrində ağ və boz maddələr çoxdur. Bu xüsusiyyətlərin inkişaf etmiş koqnitiv funksiyalara (yaddaş, diqqət, əsaslandırma, iradə, inam) aidiyyəti var idi. Yaşıllıqlar əhatəsində yaşayan uşaqlarda ağ və boz maddələrin həcminin maksimal artması onlarda işçi yaddaşın və diqqətsizlik dərəcəsinin azalması ilə bağlı idi. Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar psixika üçün faydalıdır. Onlar kreativliyin və təhqiqat fəaliyyətinin inkişafını stimullaşdırır. Həmçinin yaşıllıq çox olan ərazilərdə havanın çirklənməsi və səs-küy daha aşağı səviyyədədir ki, bu da bilavasitə uşaqların beyninə təsir edir.

Böyük Britaniyanın “The Telegraph” qəzeti isə Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında ekoloji cəhətdən ən təmiz 10 şəhərinin adını açıqlayıb. Siyahıda əsas göstəricilər üzrə birinci yeri Stokholm tutub. Mütəxəssislər vurğulayırlar ki, İsveçin paytaxtı son illər yaşıl siyasəti uğurla həyata keçirir və şəhərdə atmosferə karbon qazı tullantısı 25 faiz azalıb. İkinci yerdə Yeni Zelandiyanın Vellinqton şəhəridir. Sonrakı yerlərdə Avstraliyanın Kanberra, Kanadanın Ottava, Şotlandiyanın Edinburq, habelə Uruqvay, Estoniya, Finlandiya, Monako və İspaniyanın paytaxtları gəlir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.