Yaşıl texnologiyalara çıxış asanlaşdırıla bilər

19:23 27.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Yaxın vaxtlarda Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək”. Bunu dünən Bakıda keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda hidroenerji də daxil olmaqla bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 18 faiz təşkil edir: “Bu rəqəmin 2030-cu ilə kimi 30 faizə çatdırılacağı proqnozlaşdırılır. Biz bir neçə illər ərzində bu sahədə böyük layihələrin həyata keçirilməsinin şahidi olacağıq”.

Nazir bildirib ki, məlum olduğu kimi, meşələrin artırılması və yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir: “Bu baxımdan azmeşəli ölkə kimi yaşıllıqların artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb. Yaşayış məntəqələrinin, xüsusilə iri şəhərlərin və magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması işləri aparılır. Əminəm ki, biz bundan sonra da Paris Razılaşmasında əksini tapmış hədəfimiz çərçivəsində tullantıların azaldılmasına töhfə verəcəyik”.

M. Babayev qeyd edib ki, Paris Razılaşması üzrə öhdəliklərin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərmədən yerinə yetirilməsi üçün potensial imkanlar var: “Buna qabaqcıl texnologiya və yanaşmalar tətbiq etməklə nail olmaq olar. Hesab edirik ki, bunun üçün Paris Razılaşmasının müddəalarına da uyğun olaraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələr üçün enerji və resurslara qənaət edən yaşıl texnologiyalara çıxış asanlaşdırılmalıdır. Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, bizim ümumi vəzifəmizdir və ətraf mühitin qorunması üçün atılmış hər bir addım bizim ümumi uğurumuz olacaq”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə sözügedən tədbirdə çıxışı zamanı bildirib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.

O vurğulayıb ki, Azərbaycan Respublikasının Milli məlumatlarına əsasən, müstəqilliyin ilk illərində Azərbaycanda istilik effekti yaradan qazlar xeyli azalıb: "Buna səbəb, keçid dövrünü yaşayan ölkəmizdə irisənaye müəssisələrinin işinin dayandırılması və ümumilikdə, ölkə əhalisinin istifadə etdiyi yanacağın miqdarının azalmasıdır. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə neft-qaz sənayesinin yüksəlişi və istehsalat sahələrinin inkişafı nəticəsində 2000-ci illərdən başlayaraq ölkədə atmosferə atılan istilik effekti yaradan qazların miqdarı da artmağa başladı. Bu tendensiyanın qarşısının alınması məqsədilə enerji səmərəliliyi, enerjiyə qənaət və çoxkarbonlu yanacaq növündən az karbonlu yanacağa keçmək kimi tədbirlərin icrasına başlandı. SOCAR olaraq, biz də bu tədbirlərə qoşulanlardan birincisi olduq. SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş “Ekoloji Siyasəti” bu istiqamətdə fəaliyyətimizin əsasını təşkil edir".

SOCAR prezidenti əlavə edib ki, son zamanlar “Ekoloji Siyasət” sənədimiz çərçivəsində həmintorpaqların bərpası istiqamətində böyük uğurlar əldə edilib:"SOCAR, həmçinin Dünya Bankı və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1 faizə, cari ildən isə bu rəqəm 0,9 faizə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 milyard kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib".

Yeri gəlmişkən, 2000-ci illərdən etibarən dünyanın qabaqcıl ölkələrində enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların tətbiqi geniş vüsət alıb. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.

Mütəxəssislərin apardıqları tədqiqatların nəticəsinə əsasən, son 50 ildə dünya üzrə təbii resurslara tələbat ekoloji fəlakətləri də özüylə gətirib. Müvafiq hesablamalar görə, 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün 70 faizinə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən bərpa gücünün 120 faizini təşkil etmişdir. Yəni, istehlak edilmiş resursların bərpa olunması üçün 1,2 ədəd Yer kürəsi tələb olunur.

Ekspertlər bildirirlər ki, “yaşıl” iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda “yaşıl” iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar.

Qeyd edək ki, bu gün dünya ölkələrinin keçid etməyə çalışdığı “yaşıl” iqtisadiyyat təşəbbüslərini Azərbaycan höküməti də dəstəkləyir. Məsələn, 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası “yaşıl” iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcək. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaq.

Bundan başqa, “yaşıl” iqtisadiyyata keçid və resurslardan səmərəli istifadə məsələsi Azərbaycanda qəbul olunmuş 4 strateji yol xəritəsində də öz əksini tapıb. Belə ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə konkret olaraq, “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” məsələsi qoyulub. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” nin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışında isə vurğulanır ki, KOS subyektlərinin alternativ və bərpaolunan enerji mənbələrinə cıxışının stimullaşdırılması və “yaşıl iqtisadiyyat”a kecidi ilə əlaqədar olaraq hüquqi çərçivə və maliyyələşdirmə təşəbbüsləri ilə bağlı tədbirlər həyata keçiriləcək.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə beynəlxalq məsləhətçilər cəlb edilməklə qənaətli istehsal metodları üzrə təhlil aparılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sosial rubrikasından digər xəbərlər