Yazıçılarımız yaradıcılığında ordumuzun qələbələrindən bəhs etməyi düşünürmü? - SORĞU

11:26 22.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, Ali Baş Komandanın göstərişi ilə rəşadətli Azərbaycan Ordusu sentyabr ayının 27-dən bu günə qədər, bütün cəbhə boyu ərazilərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal altında olan əzəli torpaqlarımızı düşmən tapdağından azad edir.

Bu müddət ərzində hər kəs orduya və dövlətə dəstək məqsədilə müxtəlif yollarla birlik-bərabərlik nümayiş etdirir. Demək olar ki, bütün ölkə, küçələr və eyvanlar üçrəngli şanlı zəfər bayrağımızla bəzədilib, hamı öz sahəsində  dəstəyini göstərir. Bəs görəsən, indiki məqamda yazıçılarımız öz yaradıcılığında ordumuzun qələbələrindən, azad olunmuş torpaqlarımızdan bəhs etməyi düşünürmü? Əsərlərin dili ilə haqq səsimizi dünyaya lazımınca çatdıra bilirikmi?

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza deyir ki, “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalına nəzər yetirmək kifayət edir ki, yazıçılarımızın hərbi-vətənpərvərlik mövzusuna son vaxtlar xüsusi yer ayırdığını görmək olsun:

“Ümumilikdə, vətənpərvərlik mövzusuna müraciət etmək fərdi məsələdir. Elə yazıçı var ki, indiyə qədər yaradıcılığında bu mövzuya heç vaxt müraciət etməyib. Bu tək istəklə olan bir şey deyil, gərək o əhval-ruhiyyəyə köklənə biləsən. Mən belə hesab edirəm ki, Yazıçılar Birliyinin üzvü olan əksər qələm dostlarımız yaradıcılığında hərbi-vətənpərvərlik mövzusuna toxunub”.

Şair deyir ki, yazılan əsərlərin dünyaya çatdırılması üçün tək Yazıçılar Birliyinin rəhhbərliyi deyil, eləcə də ayrı-ayrı yazıçılar özləri də təşəbbüs göstərir:

“Burada Yazıçılar Birliyinin ayrı-ayrı mərkəzləri və rəhbərliyi yox, həm də  yazarlar özləri də şəxsi imkanları ilə müxtəlif ölkələrdə ədəbi nümunələrin çap edilməsinə diqqət edirlər. Elə bu yaxınlarda Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi əsasında Türkiyədə 10-a yaxın kitab yüksək tirajla çap edilib. Hətta Türkiyənin Mədəniyyət Nazirliyi də bu məsələnin içində idi”.

Növbəti müsahibimiz  jurnalist, yazıçı Şərif Ağayar oldu. O, müharibə ilə bağlı düşüncələrini, onun yaradıcılığına göstərdiyi təsirləri saytımıza danışdı.

- Şərif bəy, cəbhədə yaranmış vəziyyət, ordumuzun qazandığı uğurlarla bağlı yaradıcılığınızda yeniliklər gözlənilir?

- Qələbə təkcə yaradıcılığa yox, hər şeyə təsir edir. Qalib və güclü ölkənin alimi də güclü olur, həkimi də, müəllimi də, fəhləsi də, yazıçısı da. Yazmaq üçün ilk növbədə, ruh yüksəkliyi lazımdır. Kim desə yazmaq üçün dərd-ağrı lazımdır, səhv edir. O dərd-ağrıdan, o problemlərdən sıyrıla bilməsən, böyük əsər yarada bilməzsən. Qalib vətənin yazıçısı da qalibdir və mövzuya hakimdir. Qarabağın azadlığı ilə Azərbaycan yeni epoxaya qədər qoyur və bu epoxa bütün sahələr kimi, ədəbiyyata da öz təsirini göstərəcəkdir, o cümlədən mənim də yaradıcılığıma... Təbii ki, qələbə həm də yeni mövzu deməkdir.     

 - Yazıçılar Birliyinin, eləcə də həmkarlarınızın hərbi-vətənpərvərlik mövzusunda gördüyü işlər sizi qane edir?

- Açığı, mən ədəbiyyatın hərbi-vətənpərvər funksiyasını o qədər də qəbul etmirəm. Bu, Sovetlər dövründən qalan bir ənənədir və zamanını çoxdan keçirib. Düzdür, AYB-də belə bir komissiya var və rəhbəri də mənim dostum, gözəl şeirlər müəllifi Şahin Musaoğludur. Onun bu səpkili şeirləri xüsusi janrdır və çox yaxşı alınıb. Ancaq bu o demək deyil ki, təbliğat məqsədilə hamı yaxşı nəsə yaza bilər. Hərbi-vətənpərvərlik təbliğatı yazıçının vətəndaş kimi xalqının, ordusunun yanında olmasıdır. Bu da indi çox yüksək səviyyədədir. Azərbaycanın Ali Baş Komandanı, ordusu və xalqı heç vaxt indiki qədər birlikdə olmayıb. Yazıçılar da bunu görür və bu birliyə öz töhfəsini verir.        

- Müasir dövrdə yazılan əsərlər vasitəsilə səsimizi dünyaya lazımınca çatdıra bilirik?

- Şübhəsiz, ədəbiyyat və kino təbliğatın ən uzunömürlüsü, ən təsirlisi və ən davamlısıdır. Misal üçün, ingilislərin şotlandları uzun müddət hakimiyyəti altında saxlaması faktını hamımız bilirik. Tarixdə yüzlərlə bunabənzər fakt var. Oxuyuruq, unuduruq, ya da statistika kimi yadda saxlayırıq. Ancaq Mel Gibsonun çəkdiyi və baş rolunu ifa etdiyi “Cəsur ürək” filmi bu məsələni ən həssas şəkildə bizə çatdırır və düşüncəmizdə qalıcı izlər buraxır. Yaxud Hindistanın üzləşdiyi problemlərlə və qazandığı müstəqilliklə bağlı Salman Rüşdinin “Çecəyarısı uşaqları” romanı qədər təsirli nə ola bilər? Ədəbiyyat bəhs etmədiyi mövzuların da təbliğatçısına çevrilə bilir. Misal üçün, əslən Qarabağdan olan bir yazıçı Buker mükafatı alır və hansısa dünyaca məşhur mətbuat orqanına müsahibə verərkən doğulduğu məmləkətdən, oradan necə qaçqın düşməsindən danışır. Bu da olur təbliğat. Bəribaşdan təbliğat məqsədilə nəsə yazmaq və çəkmək çox zaman uğurlu nəticə vermir. Sənətin məqsədi yalnız sənət olanda effektiv alınır. Məncə, bizim xüsusi təbliğat planı qurmağa ehtiyacımız yoxdur. Baş verənlərə tam obyektiv yanaşaraq yazsaq, vəziyyət xeyrimizə işləyəcək. Biz əzilən tərəfik və ədalətli müharibə aparırıq. Ədəbiyyat işğala məruz qalanın, torpaq itirənin, dinc sakinlərini şəhid verənin tərəfindədir. Təəssüf... Bütün bunları bilə-bilə hələ də dünyaya lazımınca səs salan bir əsər yarada bilməmişik. Məncə, qələbədən sonra bunu bacaracağıq. Qarabağ ağrıları ilə bağlı ən yaxşı əsərlər qələbədən sonra yazılacaqdır. İndiyə qədər də yaxşı əsərlər yazılıb. Sadəcə, dünyaya çıxma mexanizmlərini işə sala bilməmişik.

Banu Hüseynli

Oxunma sayı 2745
Mədəniyyət rubrikasından digər xəbərlər