Yeni ailə quran gənclərə Azərbaycan bayrağı hədiyyə ediləcək

20:12 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl!” şüarı altında həyata keçirdiyi aksiyalar davam edir.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində noyabrın 4-5-də Tərtər və Yardımlı rayonlarında gənclər tərəfindən müstəqil Azərbaycanın rəmzi olan dövlət bayrağını tərənnüm edən açıq mikrofon formatında vətənpərvərlik mahnıları ifa olunub.

Noyabrın 4-də Zaqatalada və İsmayıllıda başlayan və ayın 8-dək davam edəcək digər aksiya zamanı isə yeni ailə quran gənclərə dövlət bayrağı hədiyyə olunur. Bu təşəbbüs ölkəmizdə yeni bir ənənənin başlanğıcıdır.

Biləsuvar və Samux gəncləri “Bayraqdar” intellektual-əyləncəli komanda yarışında iştirak ediblər. Açıq havada keçirilən yarışda məqsəd verilən tapşırıqlar əsasında daha çox bayraq toplamaq olub.

Lerik rayonunda gənclər “Xəmsə” milli intellektual oyununda biliklərini sınayıblar. Bu dəfə bütün suallar müstəqilliyimiz, dövlətimiz, bayrağımızla bağlı olunub.

Göygöl və Yevlaxda isə gənclər bayrağımızı sağlam həyat tərzi tədbirləri vasitəsilə tərənnüm ediblər. Bu rayonlarda təşkil edilən “SportFest” əyləncəli yarışlara yüzlərlə gənc qatılıb.

“İradənlə qalib gəl!” şüarı altında çoxsaylı aksiyaların təşkili davam etdirilir. Silsilə tədbirlər çərçivəsində noyabrın 1-3-də nazirliyin tabeliyindəki 34 Olimpiya İdman Kompleksində “Açıq qapı günü” tədbirləri keçirilib. Bu təşəbbüsə Şamaxı və Masallı rayonlarının gənclər və idman idarələri də könüllü qoşulublar. Tədbirlərdə bütövlükdə 20 minədək gənc iştirak edib.

Noyabrın 4-də isə Bakıda VI bayraq festivalı keçirilib. Bayrağımızın tarixi ilə bağlı xüsusi hazırlanan və ilk dəfə təqdim edilən bədii kompozisiyanı 800-dən artıq gənc izləyib.

Oxunma sayı 30