“Yeni Cənubi Qafqazlılar“ adlı layihə həyata keçiriləcək

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın paytaxtı Tibilisi şəhərində 28-31 oktyabr 2011-ci il tarixində mədəniyyətlərarası seminar keçiriləcək. Layihə Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin iştirakı üçün nəzərdə tutulub. “Yeni Cənubi Qafqazlılar“ adlı layihə Cənubi Qafqaz regionunda qloballaşma və avropalaşdırma mövzusunu əhatə edəcək. Həmçinin seminarın gündəliyinə regionda yaşayan hər 3 ölkənin mədəniyyət və transformasiya bənzərliklərinin müzakirəsi də daxildir. Seminar çərçivəsində gənclər Cənubi Qafqazda keçmiş sovet transformasiyasının xüsusiyyətləri və dövlət quruculuğu barədə biliklər əldə edəcəklər. Layihə Avrasiya Tərəfdaşlıq Fondu, Teodor Hoss şurası və Almaniyanın xarici işlər nazirliyinə mənsub Robert Boç Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Layihədə 18-21 yaş arası, regional tədqiqatlara marağı olan, ingilis dilini bilən hər bir azərbaycanlı, erməni və gürcü tələbələri iştirak edə biləcək. İştirak seçim turu ilə aparılacaq. Layihə koordinatorları öz internet səhifələrində: “Əgər siz də müxtəlif ideyalarla dolu yaradıcı gəncsinizsə və özünüzü region üçün böyük dəyişikliklər edə biləcək pespektivdə görürsünüzsə “Yeni Cənubi Qafqazlılar- Gənclərdən Gənclər üçün“ mədəniyyətlərarası seminarda iştirak etmək şansını qaçırmayın“, - deyə müraciət edib. Layihədə iştirak etmək üçün simvolik olaraq sadəcə 5 avro ödəmək kifayət edəcək. Qalan bütün xərclər ( yol, qonaqlama, qida və s.) rəhbərlik tərəfindən təmin olunacaq. Qeyd edək ki, layihə çərçivəsində iştirakçıların vaxtlarının maraqlı və əyləncəli keçirilməsi məqsədilə mədəniyyət gecələri və şəhər turları da keçiriləcəkdir.
Nərgiz Çingizqızı

Oxunma sayı 36