“Yeni evimi təmir etməyə gücüm çatmır” – Xalq şairi Musa Yaqub

11:55 17.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Budəfəki həmsöhbətimiz Xalq şairi Musa Yaqubdur. Prezident təqaüdçüsü Emil Rasimoğlu ilə ustadın qapsını döydük. Söhbətləşdik. Onunla fəxri ad alandan sonra ilk dəfə görüşürük. Hər kəsdən razılıq edir. Deyir ki, bütün qələm dostları tez-tez onu ziyarət edirlər. Tək qoymurlar. Prezidentin ona verdiyi evdən, gənclərdən, yaradıcılığından danışdı...

Xalq şairinin hafta.az-a müsahibəsini müəyyən ixtisarlarla təqdim edirik.

-Musa müəllim, sizinlə “Xalq şairi” adı alandan sonra ilk dəfə görüşürük. Təbrik edirik. Bir az gec oldu deyəsən...

-Çox sağ olun. Hə, gec oldu amma oldu. Fəxri addan sonra Mədəniyyət Nazirliyi kitabımı da çap etdirdi.

-Niyə gecikdi? Kim gecikdirdi?

-Anarlıq deyildi. Anar həmişə istəyib ki, tez olsun. Niyə gecikdirildiyini mən də bilmirəm.

-Necəsiniz? Səhhətiniz necədi?

-Yaxşıyam, səhhətim də yaxşıdır.

-Yeni şeirləriniz varmı?

-Yazıram, var... “Ədəbiyyat qəzeti”ndə çap olunub. Mütəmadi yayımlanır.

-Şeirləri özünüz yazırsınız ya diqtə edirsiniz başqası köçürür?

-Əvvəllər şeir beynimdə tamamlanandan sonra qələmə köçürürdüm. İndi yaddaşım qalmayıb. Yadımdan çıxır. Gah dərhal kağıza yazıram, gah da diqtə edirəm nəvəm yazır. Çünki indi xəttim oxunmur. Ona görə də diqtə edirəm, yazırlar.

-Yazmağa mövzularınız varmı?

-Var... Çoxdur. “Dağ kəli”, “Köhnə dəyirman” adlı bir poema yazdım.

-Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. İştirak edəcəksinizmi?

-Mütləq. Çalışacağam ki, iştirak edim.

-Bəzi gənclər AYB sədrliyinə iddialıdır. Qurultay zamanı sədrlik postuna namizədliklərini irəli sürəcəklərini elan ediblər. Gənclərin bu iddiasına münasibətinizi öyrənmək istərdik...

-Yaxşı! Çox yaxşı! Amma gərək seçilələr. Yetmişinci illər idi. Bir gün AYB-nin qabağından keçirdim. Rəhmətlik Əlağa Kürçaylı məni çağırdı. Ay Musa, ay Musa- deyə səslədi. Çevrilib baxanda gördüm ki, budur. Gəl-dedi. Getdim. Söylədi ki, təbrik edirəm, Yazıçılar İttifaqına üzv seçildin. Hamımız sənə səs verdik. Etiraz edən olmadı. Hamı əlini qaldırdı. Bax, gərək seçiləndə də belə seçiləsən. Hər kəs bir nəfər kimi səni dəstəkləyə...

-Musa müəllim, gənclərdən kimi oxuyursunuz? Kimləri bəyənirsiniz?

-Leyla Əliyevanı. Şeirlərini oxudum, çox bəyəndim. Prezidentim ailəsində bir şairin olması məni çox sevindirir. Bu, çox yaxşıdır.

-Musa müəllim, Xalq şairi fəxri adından sonra deyəsən sizə ev də verdilər və səhv etmirəmsə bu, ikinci evdir...

-Bəli, birinci evi yetmişinci illərdə veriblər. İkinci evi də “Qarayev”dən verdilər. Üç otaqlıdır. Amma təmirsizdir. Təmir etməyə gücüm çatmır. Fikrimizdə var ki, bu evi satıb onu təmir etdirək.

-Nəsildaşlarınızdan başqa kimlər layiqdi “Xalq şairi” fəxri adına? Almayanlar qaldımı?

-Bəli, var. Məmməd İsmayılın da haqqıdır. Ona da verilməlidir. Çünki çox yaxşı şairdir. İstedadlıdır.

-Musa müəllim, bir çox şairlərin “sandıq” ədəbiyyatı olub. Zamanında çap edilməyən şeirləri... Sizin də varmı?

-Xeyr, yoxdur. Çünki mən həmişə sözümü yerində və zamanında demişəm. Bütün şeirlərimi də kitablara salmışam. Çap edilməyən şeirim yoxdur.

-Qarabağa qayıdacağımıza ümidiniz varmı?

-Əlbəttə! Mütləq qayıdacağıq!

-Bu gün ədəbiyyatımızda Qarabağ mövzusu o qədər də populyar deyil. İdeoloji xətt yoxdur və ya natamamdır. Problem nədədir?

-Problem gənclərdə deyil, zamandadır. Millətdə ruhu öldürdülər. Sovet dövründə ideoloji xətt güclü idi. Yazılırdı. İndi bu istiqamətdəki ideologiyanı özbaşına buraxıblar. Mənim “Çadır şəhərciyində marş” deyə bir şeirim var. Orada hər şeyi demişəm.

-Bəs Bütöv Azərbaycanın qurulacağına ümidlisinizmi?

-Çətin... İnqilab yolu ilə mümkün deyil. Ancaq inteqrasiya ilə... Böyük dövlətlər bütövləşməyimizə imkan verməzlər, qoymazlar. Amma bu inteqrasiya ilə baş versə, heç nə edə bilməyəcəklər.

-Musa müəllim, Həzrəti Musanın da çəliyi vardı, sizin də... Ruhi oxşarlığınız da varmı?

-Bilmirəm (gülümsəyir). Bu boyda təbiətdən şeir yazdım. Axırda mənə bu əsanı verdi... Mənə qalan bu oldu.

-Saçınız tökülsə də ağarmadı...

-Hə, rəhmətlik yoldaşım da deyirdi ki, sənə baxanda utanıram, hamının saçı ağarıb bir səndən başqa. Bir dəfə Türkiyədə olanda Mikayıl Mirzə ilə Zəlimxan Yaqub saçıma xına qoyub-qoymamağımı yoxlamaq üçün məni izləyiblər. Hamamdan çıxanda görüblər ki, xına qoymuram. Yəni, saçımın rəngi yerindədi, rəngi dəyişmədi. Heyrətə gəlmişdilər.

Oxunma sayı 1