Yeni Günəşlidə  “payız-qış” mövsümü ilə bağlı  hazırlıq işləri aparılır - FOTO

18:54 30.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “payız-qış” mövsümü ilə əlaqədar olaraq abadlıq  və təmir işləri uğurla həyata keçirilir. “Həftə içi”nin əməkdaşı olaraq bu dəfə yolumuzu sözügedən qəsəbənin “AB” massivindən saldıq. Xatırladaq ki, massivdə 70 saylı 9 mərtəbəli yaşayış binasının həyətində salınan “Abad məhəllə” diqqətimizi çəkdi. Müasir üslubda salınan park göz oxşayırdı. Binanın daxili yolları asfaltlanıb. Oturacaqlar, “Söhbətgah”lar qoyulub. Uşaq oyuncaqlarına kimi quraşdırılıb. Ağac və kolların dibi şumlanılıb, gövdələri əhənglənib. Bir sözlə, ərazidə təmizlik-səliqə və sahman özünü göstərir. Bina sakinlərinin asudə vaxtlarında istirahəti və uşaqların həyətdə oynaması üçün hər cür şərait yaradılıb.

Anar Ramazanov adlı sakin bildirdi ki, yaşadıqları massivdə böyük abadlıq işləri aparılıb: “Ərazilər təmizlənib. Binaların arası ilə eniş  mişar daşından üzlüklər çəkilmiş pilləkənlər salınıb, hər tərəf abadlaşdırılıb. Küçə işıqlarına kimi quraşdırılıb.  Biz sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb”.

Xatırladaq ki, yaşayış binalarının dam örtüyündə təmir işləri aparılırdı. Suraxanı RMTB 68 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Mehbalı Cəfərov işə nəzarət edirdi. MKTS rəisi “Həftə içi”nə  görülən işlər barəsində məlumat verərək söylədi ki,  yaşayış binalarında təmir işlərinə başlanılıb: “Əraziyə kran və işçi qüvvəsi cəlb etmişik. Binaların dam örtüyündən  köhnə və  yararsız su çənləri götürülür. Dam örtüyü müasir tələblərə uyğun təmir ediləcək. Binaların fasadları rənglənəcək. 157 doqquzmərtəbəli yaşayış binasından 150-sinin girəcəyinə seyf qapıları qoyulub.  Bloklarda sınan pəncərələr yenilənib. Məhəllədaxili yollar asfaltlanılıb, ağacların dibi alaq otlarından təmizlənib, gövdələrinə əhəng vurulub. Eyni zamanda, köhnə salınmış parklar bizim tərəfimizdən yenidən qurulacaq. Yolqırağı səki daşlarına kimi rənglənilib. Hazırda ərazidə təmizlik işləri davam edir. Dalandarlar tərəfindən hər gün ərazi vaxtlı-vaxtında süpürülür. Məişət tullantıları daşınır. İriqabaritli tullantılar ərazidən çıxarılır.  RİH başçısı İlqar Abbasov vaxtaşırı qəsəbəmizə gəlir, sakinlərlə səyyar görüşlər keçirir, əraziləri gəzir və problemlərlə özü yaxından tanış olur və onun həllinə çalışır. Biz rayon rəhbərinin daimi diqqət və qayğısını hiss edirik. Ərazinin sanitar təmizliyinə başçı şəxsən özü nəzarət edir. Çalışırıq, sakinlərimizə yüksək səviyyədə xidmət göstərək”.