Yeni Günəşlidə istiliyin adı var, özü yox - REPORTAJ 

18:20 18.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Artıq noyabrın 15-dən paytaxt qış rejiminə keçsə də, şəhərimizin bəzi ərazilərinə hələ də istilik verilməyib. Belə qəsəbələrdən biri də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsidir. Sözügedən qəsəbənin “V” yaşayış massivində yaşayan bir qrup sakin “Həftə içi”nə müraciət edərək bildirdi ki, “Azərisrilk ASC”nin  işçiləri yaşadıqları binanın həyətinin asfaltını qazaraq gedib. Qəsəbənin yaşayış binalarına isə istilik verilməyib.

Yolumuzu Yeni Günəşli qəsəbəsinin “V” yaşayış sahəsindəki 25, 24, 23 və 22 saylı doqquzmərtəbəli yaşayış binalarından saldıq. Həqiqətən də  həmin binalara gedən asfalt yolu və binaların həyətləri “Azəristilik”ASC-nin işçiləri tərəfindən qazılıb, təzə borular əraziyə tökülüb. Açıq havada yağışın altında qaldığı üçün dəmir borularda pas əmələ gəlib.

Köçəri adlı sakin dedi ki, 25 saylı binanın birinci korpusunda  yaşayır. Onun sözlərinə görə, “Azəristilik” ASC-nin işçiləri avqust ayının axırlarında texnika ilə gəlib ərazini qazıb gediblər, binalara gedən istilik xəttini dəyişmək əvəzinə  olanı da sıradan çıxarıblar: “Üç aydır ki, ərazini şumlayıblar. Təzə borulardır. Hamısı baha qiymətədir. Yağışın altına atıb gediblər. Gördüyünüz kimi, artıq pas boruların içinə hopub. Binaların həyətləri təzə asfaltlanmışdı. Yağışlı günlərdə palçığın əlindən binaya gedib-gələ bilmirik. Uşaqlarımız məktəbə gedə bilmir. Bu barədə aidiyyəti qurumlara müraciət etməkdən də yorulmuşuq. Sakinləri eşidən yoxdur”.

23 saylı binanın sakinləri Müqdət Quliyev və Təbriz İsmayılovun sözlərinə görə,  2 aydan çoxdur, yaşadıqları binaların həyətini qazaraq dərin kanal çəkiblər: ”Paytaxt qış rejiminə keçib, amma binalara gələn istilik xətləri dəyişdirilməyib. “Azəristilik” ASC-nin işçiləri işlərini yarımçıq qoyub gediblər. Belə getsə, bu il mənzillərimizə istilk verilməyəcək. Arx qazılıb, amma təzə borular küçədə yağışın altında qalıb çürüyür”.

Zakir adlı sakin “V” yaşayış sahəsi, 2 saylı 9 mərtəbəli binanın 40-cı mənzilində yaşadığını dedi: ”Mənzilimizin istilik xəttini dəyişmişik, amma isti su əvəzinə, boru ilə soyuq su gəlir. Hər il istiliyin pulunu ödəyirik. Keçən il də belə idi. İstilik yox idi, ilıq su gəlirdi”.

Rasim adlı sakin bina 2, mənzil 105-də yaşadığını və mənzillərinə istiliyin verilmədiyini söylədi. Onun sözlərinə görə, 2 gündür ki, istilk xətti ilə soyuq su axır: “Keçən il də eyni vəziyyəti yaşadıq. Amma hər il istilik pulunu ödəyirik”.

“Q” yaşayış massivində də eyni vəziyyətlə rastlaşdıq. Sakinlər istiliyin olmamasından və hər il bu sahədə əziyyət çəkdiklərindən şikayətləndilər.

Yusif Ələkbərov adlı sakin söylədi ki,  bina 2,  mənzil 2-də yaşayır: “Altıaylıq istilik pulunu poçta gedib ödəmişəm. İndi isə mənzilimə adi su gəlir, istilik yoxdur.  Keçən il ilıq su verdilər, bu il isə o da yoxdur. Bir sözlə, Yeni Günəşli qəsəbəsində istiliyin adı var, özü yoxdur. Elektrik sobasından istifadə etmək məcburiyyətində qalırıq. Xəstə adamam, maddi imkanım da buna yol vermir”.

Sakinlər problemin qısa zamanda həllini gözləyirlər.