Fransa prezidenti ermənilərə söz verdi

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Nikola Sarkozi: “Fransa Qarabağ məsələsində ermənilərin mövqeyini müdafiə edəcək“

Fransa prezidenti Nikola Sarkozi ermənistanlı həmkarına məktub yazaraq İrəvana məlum səfərindən aldığı xoş təəssüratları bölüşüb. “Ermenihaber“in yazdığına görə, Sarkozi məktubda yazır: “Hörmətli prezident, 6-7 oktyabr tarixlərində İrəvana səfərim zamanı mənə göstərdiyiniz qardaş münasibətinin xoş təsirindən çıxa bilmirəm. 1915-ci il soyqırımı abidəsini ziyarət edərkən 100 il əvvəl qardaş erməni millətinin kütləvi qırğınlara məruz qaldığını düşünüb sarsıldım. Bunu dəqiq bilin: o qırğınları həyata keçirən Osmanlının davamçısı olan Türkiyənin bu ağır məsuliyyəti öz üzərinə götürməsi, erməni milləti qarşısında babalarının etdiklərinə görə pərişan olmaları üçün Fransa var qüvvəsi ilə çalışacaq. Eyni zamanda, həmin qırğınlar vaxtı canını qurtaran cüzi sayda ermənilərin məhz özlərinə arxa bilib Fransaya pənah gətirmələrini alqışlayıram. Eləcə də sizə bildirirəm ki, Fransanın Ermənistanın qardaşı olduğuna heç vaxt şübhə yaratmayın. Ermənistan xalqı bilsin ki, Fransa bir vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də həmişə ermənilərin haqlı mövqeyini dəstəkləyəcək“.
Yeri gəlmişkən, dünən Fransanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri Anri Reno Qarabağda təmas xəttində müdafiə divarının tikilməsi məsələsinə şərh verib. Onun sözlərinə görə, bu məsələ təxirəsalmadan Qarabağ problemin həlli üzrə danışıqları davam etdirməyin labüdlüyünü təsdiqləyir. “Bölgənin taleyi dialoq yaratmaqdan və sərhədlərin açılmasından asılıdır. Bölgə şimal-cənub və şərq-qərb yol kəsişməsində yerləşir və təəssüf ki, münaqişələr onu bu rolu lazımınca gerçəkləşdirməyə imkan vermir“, - deyib A.Reno. Fransa səfiri hesab edir ki, münaqişənin tənzimlənməsi bütün tərəflərin maraqlarından irəli gəlir, hazırda yaranmış durumda isə bütün tərəflər məğlub olmuş vəziyyətdədir. A.Reno öz ölkəsinin Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu formatında davam etdirilməsinin tərəfdarı olduğunu bildirir. “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üzrə danışıqlar bu məqsədlə yaradılmış xüsusi struktur, Minsk Qrupu çərçivəsində həyata keçirilir. Təbii ki, Fransa bu formata sadiq qalır və məhz bu formatda yenidən təcili surətdə danışıqlara başlamaq lazımdır“, - A.Reno deyib.
Vüsal
Oxunma sayı 162