Yerin təkində qanunsuz qazıntı aparanlar  

19:15 08.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlarla mübarizə davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı  İsmayıllı rayonu ərazisində Göyçay çayının yatağında icazəsiz qazıntı işlərinin aparıldığı aşkar edilib. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı qazıntı işlərinin İsmayıllı şəhər sakini Süleyman Süleymanova məxsus qum-çınqıl karxanası tərəfindən aparıldığı və yataqayırma hüdudundan kənarda qanunsuz qarışıq suxur və qumun götürüldüyü müəyyən olunub. Faktla bağlı karxananın sahibi S. Süleymanov barəsində akt, protokol tərtib olunub və ona 10 min 974 manat məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətlər “Yerin təki haqqında” qanunla tənzimlənir. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə alındığı andan yaranır.

Qanuna görə, yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər.

Xüsusi mühafizə edilən ərazilərdə isə yerin təkindən bu ərazilərin statusuna və müvafiq qanunvericiliyə uyğun olaraq istifadə edilir. Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir. Belə ki, yerin təki geoloji öyrənilmə üçün 5 ilədək müddətə, faydalı qazıntıların çıxarılması üçün 25 ilədək müddətə, göstərilən istifadə növləri birləşdirildikdə 30 ilədək müddətə istifadə məqsədilə verilir.

Faydalı qazıntıların çıxarılması məqsədilə yerin təkindən istifadə müddəti onların işlənilməsinin yerin təkindən səmərəli istifadəni və onun mühafizəsini təmin edən texniki-iqtisadi əsaslandırılmasının nəticəsindən asılı olaraq müəyyən edilir. Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya daimi verilə bilər. Yerin təkindən istifadə müddətləri istifadə hüququnun verildiyi gündən hesablanır.

Bundan başqa, torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan  tərəfindən müvafiq qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə gəlincə, buraya yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, yer təkinin geoloji öyrənilməsi, səmərəli və kompleks istifadəsi və mühafizəsinin dolğunluğunun təmin edilməsi, faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geoekoloji işlərin aparılması, yer təkinin geoloji öyrənilməsi və ondan kompleks istifadəni təmin etmək məqsədilə hər bir faydalı qazıntı yatağı üzrə kondisiyaların müəyyən edilməsi, faydalı qazıntı ehtiyatlarının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilən yer təki sahələrinin dövlət ekspertizasının və dövlət uçotunun aparılması aiddir. Eyni zamanda, bu məsələdə əsas tələblər sırasında faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasının təmin edilməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, faydalı qazıntı yataqlarının su basmasından, şüalanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsi,

yerin təkindən istifadə edilərkən, habelə neft, qaz və başqa maddələr, materiallar yer altında saxlanılarkən, zərərli maddələr və istehsal tullantıları basdırılarkən, çirkli sular axıdılarkən yer təkinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması, qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda, faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə istehsalat və məişət tullantılarının basdırılmaması,  faydalı qazıntılar çıxaran müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların fəaliyyətinin müvəqqəti dayandırılması 

və ləğv edilməsi qaydalarına riayət edilməsi, faydalı qazıntıların yerləşdiyi sahələrdə özbaşına tikinti işləri aparılmasının qarşısının alınması və bu sahələrdən başqa məqsədlər üçün istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilməsi də yer alıb.

Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərə, həmçinin çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısının alınması, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməs, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi, balıqçılıq  su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi layihələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balıqçılıq təsərrüfatı ekspertizasından məcburi keçirilməsi, bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanunvericiliyə müvafiq olaraq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər.

Sözügedən qanunvericilikdə o da qeyd olunub ki, bu qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar. Belə ki, əgər

yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa,

yerin təkindən özbaşına istifadə edilərsə, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa, yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə, geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa,

faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa, yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə, yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə istifadəçilər məsuliyyət daşıyırlar. Bundan başqa, yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa, ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə, yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya icazə verən orqana məlumat verilməzsə, bu hallar məsuliyyət yaradır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 70