Müstəqilliyimiz on minlərlə şəhid qanı bahasına əldə edilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ülvi Quliyev: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı əsl müstəqillik yolunun necə keçilməli olduğunu anladı“

Sentyabrın 30-da parlamentin payız sessiyası öz işinə başladı. Milli Məclisin gündəliyinə ölkəmizin ictimai-siyasi, iqtisadi və sosial həyatı üçün vacib olan bir sıra önəmli qanun layihələri salınıb. Lakin Milli Məclisin payız sessiyasının başlaması ilə yanaşı, Azərbaycanda digər mühüm bir hadisə - boks üzrə dünya çempionatı da keçirilir.

Bu çempionat ərəfəsində Azərbaycanın beynəlxalq idman imicinə ciddi zərbə vuracaq əsassız ittihamlar ortaya atıldı. Bu ittihamların heç bir fakta söykənmədən dünyaca məşhur bir kanalda səsləndirilməsi isə Azərbaycan ictimaiyyətinin haqlı iradlarına səbəb oldu. Bütün bu məsələlərlə bağlı suallarımızı “Həftə içi“nə müsahibəsinə millət vəkili Ülvi Quliyev cavablandırır:
- Parlamentin payız sessiyasının gündəliyinə olduqca vacib qanun layihələri salınıb. Həmin qanunların qəbulu Azərbaycanın demokratik dövlət quruculuğunun hüquqi cəhətdən daha da güclənməsinə, əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Bu qanunlar arasında Şəhərsalma və Tikinti Məcəlləsi, Rəqabət Məcəlləsinin adlarını çəkə bilərik. Birinci məcəllə Bakıda və respublikanın digər rayonlarında uzun zaman ictimai müzakirələrə səbəb olan bir çox problemlərin həllinə imkan verəcək. Rəqabət Məcəlləsi isə Azərbaycanın azad bazar iqtisadiyyatı yolunda daha da inamla addımlamasına, sağlam rəqabət mühitinin formalaşmasına, son anda istehsalçı və istehlakçı hüquqlarının mükəmməl şəkildə təmininə yönəlib. Bundan əlavə, payız sessiyası çərçivəsində “Ali təhsil haqqında“, “Elm siyasəti haqqında“ vacib qanun layihələri də müzakirə ediləcək. Bildiyiniz kimi, keçən sessiyalarda biz “Təhsil haqqında“ qanun layihəsini qəbul etmişdik. Bu qanunun tələblərinə müvafiq olaraq təhsilə aid digər qanunlar da yenilənməlidir. Bu iki vacib qanun isə Azərbaycan elminin və ali təhsilinin gələcək inkişaf yollarını, qaydalarını hüquqi cəhətdən tənzimləyəcək, Azərbaycan təhsilinin və elminin dünya standartları səviyyəsinə yüksəlməsinə imkan yaradacaq. “Mədəniyyət haqqında“, “Muğam sənəti haqqında“ qanun layihələri isə Azərbaycan dövlətinin, hörmətli prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, birinci xanım Mehriban Əliyevanın mədəniyyətimizin, muğamımızın inkişafına göstərdiyi böyük diqqət və qayğının məntiqi nəticəsidir. Bu qanunların qəbulu cəmiyyətin, zamanın tələbidir. “Pasiyentin hüquqlarının qorunması haqqında“, “Sosial xidmət haqqında“ qanun layihələri isə əhalinin sosial hüquqlarının daha mükəmməl şəkildə təmini və müdafiəsinə hesablanıb.
- Payız sessiyasının gündəliyinə salınmış, siyasi dairələrdə bu vaxta qədər geniş müzakirələrə səbəb olmuş digər bir qanun layihəsi isə “Eks-prezidentlər haqqında“ qanun layihəsidir. Artıq onun müddəaları da açıqlandı. Bu barədə nə fikirləşirsiniz?
- Azərbaycan hüquqi və demokratik inkişaf yolunu tutub. Bu yolda dövlətimiz hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir. Zaman keçdikcə demokratik dəyərlər də inkişaf edir. Buna müvafiq olaraq da qanunvericilik bazası təkmilləşdirilir. “Eks-prezidentlər haqqında“ qanun layihəsinin qəbulu Azərbaycanın tutduğu demokratik inkişaf yolunun düzgün olduğunu bir daha göstərdi. Azərbaycan dövləti bu gün humanizm siyasəti yürüdür. Bu siyasət özünü bu vaxta qədər qəbul edilmiş əfv və amnistiya aktlarında da göstərir. Bu qanunun qəbulu nəticəsində müstəqil Azərbaycanın tarixində prezident adını qazanmış bütün şəxslərin statusu qanunla müəyyənləşəcək. Onlara, ailələrinə dövlət qayğısı artırılacaq. Bununla da cəmiyyətdə siyasi barış mühiti istiqamətində yeni bir mühüm addım atılmış olacaq.
- Bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Bu illər ərzində keçilmiş yolu necə dəyərləndirirsiniz?
- Azərbaycanın müstəqillik yolu heç də asan olmayıb. Xalqımız bu illər ərzində tarixin çox sınaqlarından keçib. Müstəqilliyimiz on minlərlə igid vətən övladlarının şəhid olması, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi hesabına əldə edilib. Bu baxımdan müstəqilliyimiz bizim üçün əzizdir və müqəddəsdir. Bu yoldan artıq bizi heç kim döndərə bilməz. Bu şanlı tarix Azərbaycan xalqının daima azadlıq uğrunda mübarizə aparmağa qadir olduğunu göstərdi. Lakin müstəqilliyimizin ilk illərində bəzi şəxslərin siyasi savadsızlığı, irəli çıxan şəxsi mənafelər, hakimiyyət uğrunda savaş Azərbaycanın inkişaf yolunu qaranlığa sürüklədi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı əsl müstəqillik yolunun necə keçilməli olduğunu anladı. Dahi liderin uzaqgörən siyasəti Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən xilas etdi. Müasir Azərbaycanın əldə etdiyi uğurların əsas təməlini, özülünü yaratdı. Dövləti idarə etmək qabiliyyətinə malik yüksək peşəkarlardan ibarət komanda formalaşdırdı. Bu gün müstəqil Azərbaycanımız prezident İlham Əliyevin uğurlu siyasəti ilə daha da irəliyə addımlayır. Artıq Azərbaycan özü bölgənin müstəqil oyunçusuna çevrilib. Avropanın əsas enerji təminatçılarından biri statusunu əldə edib. Dünyanın ayrı-ayrı yerlərində yaşanan gərginlik ocaqlarında sabitliyin əldə olunmasında beynəlxalq koalisiyalar çərçivəsində fəal iştirak edir. Müstəqil Azərbaycan 20 il ərzində bir çox dövlətlərin 100 illərlə keçə bilmədiyi yolu qət edib. Müasir inkişafımız, əldə edilən uğurlu nəticələr bu yolun doğru olduğunu bir daha isbatlayır.
- Bu gün Azərbaycanda boks üzrə növbəti dünya çempionatı keçirilir. Lakin çempionatdan əvvəl BBC kanalında ölkəmizlə bağlı xoşagəlməz informasiyalar yayıldı. Hələ də bu məsələ ətrafında müəyyən fikirlər səsləndirilirg
- İlk olaraq çempionatın təşkili barədə danışmaq istərdim. Azərbaycan bu çempionatını yüksək səviyyədə təşkil edib. Bu ölkəmizdə boks idman növünə marağın, bu idman növünün hansı inkişaf səviyyəsinə çatdığını bir daha göstərir. Bu idman növünün inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılıb. Bunun məntiqi nəticəsi olaraq da boksçularımız onlara bəslənilən ümidləri doğrultmağa çalışır və keçirilən beynəlxalq turnirlərdə yüksək nəticələr göstərirlər. Artıq 2012-ci il London olimpiya oyunlarına boks idman növündə 5 lisenziya əldə edilib. Lakin boksçumuzun bu uğurlarına sevinməyənlər də var. Məhz onların təşəbbüsü ilə BBC kanalı bu cür əsası olmayan iddiaları ortaya atmaqla Azərbaycanın idman sahəsində qazandığı möhtəşəm uğurlara kölgə salmaq istəyir.
Əslində dərindən araşdırıldıqda bu ittihamlar daha çox Beynəlxalq Həvəskar Boks Federasiyasına qarşı yönəlib. Çünki bu qurumla peşəkar boks təşkilatı arasında ciddi qarşıdurma mövcuddur. Çin Ku Vunun AİBA prezidenti seçilməsi həvəskar boksçuların reytinqini daha da qaldırıb. Bu idman növündən peşəkar boksa axın dayanıb. Həvəskar boksçular indi AİBA prezidentinin yaratdığı alternativ liqada iştirak edirlər. Artıq peşəkar boksda külli-miqdarda pul əldə edilməsi bir növ müşkül məsələyə çevrilib. Bu səbəbdən həmin şəxslər Çin Ku Vuya qarşı hərtərəfli hücuma keçirlər. Bu qarşıdurma ilə bağlı Azərbaycanın adının hallandırılmasının isə heç bir əsası yoxdur. Azərbaycan Boks Federasiyası bu ittihamların əsassız olduğunu tam sübut edəcək.
Nahid Canbaxışlı
Oxunma sayı 88