“YPG-nin məqsədi İŞİD-lə döyüşmək yox, muxtariyyət yaratmaq idi” – Amanda Sloat

11:42 10.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk ordusu “Barış planı” hərəkatı çərçivəsində sərhədi keçərək Suriyanın şimalında əməliyyatlara start verib. Dünya ölkələri, xüsusilə də bölgədə gizli şəkildə kürd dövlətinin qurulmasına çalışan Qərb dövlətləri Türkiyəni qınadılar, ABŞ-dan da qarışıq bəyənatlar eşidilməkdədir. Amma əsas odur ki, ikili davranışları ilə ad çıxarmış prezident Donald Tramp Türkiyəni müəyyən şərtlər daxilində dəstəkləməkdədir. Brooking İnstitutunun Yaxın Şərq ölkələri üzrə araşdırmaçılarından olan doktor Amanda Sloat bu məsələlərə dair “Vaşinqton Post”un müxbiri ilə fikirlərini bölüşüb.

- ABŞ hökuməti ilk gündən Türkiyənin, Suriyada fəaliyyət göstərən kürd silahlılarının güclənməsindən narahatlığını başa düşmədi və ya o qədər də ciddiyə almadı. Amma bu bir reallıqdır ki, vəziyyət olduğu kimi inkişaf edə bilməzdi.

- Suriyada müharibə başladığı ilk gündən, həm Demokratların, həm də indiki Respublikaçıların nümayəndələri əməliyyatlarda Türkiyəyə deyil, PKK-nın Suriya qanadı olaraq tanınan YPG-yə üstünlük verdi. Bunu səbəbi nə idi, axı türkiyə NATO üzvü kimi ABŞ-ın təbii müttəfiqidir...

- Bu prosesin başlanğıcı 2014-cü ilə - Barak Obama dönəminə uzanır. Siz deyən kimi, YPG-yə dəstək vermə siyasəti bu gün “Saatlı bomba”nı xatırladır. İŞİD-ə qarşı döyüşmək müstəvisində yaranmış qısamüddətli çətinlik, hazırda dünyanın diqqətini çəkən strateji ziddiyyətləri meydana çıxarıb. ABŞ-ın Türkiyə ilə onillərdir müharibə vəziyyətində olan bir etnik və silahlı qrupa verdiyi dəstəyi, NATO-nun üzvü olan Türkiyə dövləti heç cür qəbul edə bilməzdi. Bu gü Trampı tənqid edən heç bir siyasətçi müttəfiqlər arasında belə bir vəziyyətin yaranacağını ilk başda görə bilməyib. Burada əsl sürpriz amerikalı siyasətçilərin və hərbçilərin mövcud vəziyyətdə bu qədər aciz qalmasıdır. ABŞ-ın keçmiş prezidenti Barak Obama 2014-cü ildə Suriyaya ordu yeritmək əvəzinə yerli tərəflərlə - YPG ilə əməkdaşlığa üstünlük verdi ki, bu da səhv siyasət idi. Məsələ ondadır ki, ilk başda Ərdoğan, YPG-nin həm Ankaranın, həm də Vaşinqtonun terror təşkilatı olaraq tanıdığı PKK ilə bağlılığı barədə xəbərdarlıq etmişdi.

- Axı ABŞ YPG-ni terror təşkilatı olaraq tanımır...

- Tanımır, amma YPG-nin PKK ilə sıx əməkdaşlıq içində olması faktı açıq-aşkar görünür. YPG Rakkada İŞİD-i yendikdən sonra PKK-nın qurucusu olan və hazırda Türkiyədə həpsxanada saxlanılan Abdulla Öcalanın şəkillərini asdı hər tərəfdən. Fikir verin: cümhuriyyətçi senator Lindsey Graham Trampın qərarını ən çox tənqid edən fiqurdur. O, 2016-cı ildə senatın iclasında qəti şəklildə bildirdi ki, Suriya kürdləri ilə əməkdaşlıq etmək ölkə tarixində atılmış ən ağılsız addım olardı. O, birmənalı şəkildə Türkiyənin maraqlarının nəzərə alınmasını vacib saymışdı, amma təəssüf ki, onu dinləmədilər. ABŞ YPG-ni silahlandırdı və həm də bu Türkiyənin sərhədlərində baş verdi. Türkiyə isə sərhədlərinin dibində böyük bir silahlı qruplaşmanın varlığından narahat idi.

- Maraqlıdır, niyə İŞİD-ə qarşı dünyanın bütün dövlətləri döyüşdüyü bir vaxtda YPG meydana girmək qərarına gəldi?

- YPG-nin məqsədi İŞİD-lə döyüşmək deyildi. Bu qrupun öz məqsəd və niyyətləri vardı. Onlar Suriyanın şimalında yerləşən üç kantonu kürdlərin toplam yaşadığı muxtar bölgə statusunda birləşdirmək istəyirdi. Ancaq bu torpaqlar Türkiyənin cənub-şərq sərhədlərini də əhatə edirdi. Obama iqtidarı 2016-cı ilin yazında Münbiçi İŞİD-dən təmizləmək üçün YPG-dən Fərat çayının qərb sahilinə keçməsini istəyəndə də Türkiyə bu plana qarşı çıxdı. O vaxt ABŞ qətiyyətlə bildirirdi ki, İŞİD bölgədən təmizlənən kimi YPG Münbiçi tərk edəcək. Amma bu gün də YPG ordadır. Tramp iqtidarı 2017-ci ilin iyununda başlayan Rakka əməliyyatlarında YPG-ni silahlandıranda da Türkiyə etiraz elədi və Vaşinqton cəld bəyan etdi ki, əməliyyatlar başa çatan kimi bütün silah-sursat YPG-dən alınacaq. Amma YPG hələ də Rakkadadır. Əslində o zaman çoxları düşünürdü ki. ABŞ-ın YPG ilə əməkdaşlığı taktikidir və qısavədəlidir. O vaxt heç kim fikirləşmirdi ki, bu əməkdaşlığın sonunda Suriyada kürd muxtariyyətinin yaradılması kimi qarşısıalınmaz bir proses başlayacaq...