“Ağdamın o torpaqları, xalqımıza həsrət olan dağları, düzləri sevinəcək” - Rəşad Məcid

13:08 21.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ağdam bu gün azad olundu. Ordumuz böyük qürurla şəhərə daxil oldu. O şəhərin ruhları, xatirələri dinləndi, dərindən nəfəs aldı. Ağdamsızlığı yaşayan ağdamlılar, bütövlükdə Azərbaycan o ana torpağın azadlıq vüqarını yenidən öz damarlarında hiss etdikcə və küsən xatirələri baş qaldırır, dinlənir...

“525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid də bu gün hafta.az-a müsahibəsində doğulub, böyüdüyü ö gözəl Ağdamdan danışacaq. O diyardan ki, bu gün...

- Rəşad müəllim, gözümüz aydın, gözünüz aydın... Artıq Azərbaycan əsgəri, Ali Baş Komandanın  qətiyyəti, iradəsi ilə Ağdamdadır.  Ağdamlı günləriniz qayıdır...

-Günlərdir, Ağdamdan paylaşılan videoları, şəkilləri izləyib Ağdamın ruhlar şəhərinə çevrildiyini görürdük.  Amma dünəndən bəri Ağdama baxıb, qəhər içində boğuluram, danışa da bilmirəm. Mənim uşaqlığım, Ağdam Məscidi ilə üzbəüz 4 mərtəbəli bina var idi, orda keçib.  Orda 1-ci sinifə,  Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbinə getmişəm. O bina, o məktəb, hamısı uçurdulub, dağıdılıb, viran qoyulub.  O gözəllikdə Ağdam şəhərini kol-kos basıb.  Biz görün necə vandal, vəhşi bir qonşu ilə yaşamışıq.  Dünəndən bəri o hisslər məni boğur. Bir kədər hissi də məni bürüyüb ki, niyə tale bizi bu cür vəhşi  ilə qonşu yaşamağa məhkum edibdir.  Ağdam həmişə ermənilər üçün gözdağı olub.  Mən orda yaşadığım illərdə də Ağdam  mədəniyyət,  iqtisadiyyat paytaxtı idi. Ağdamın  yüksək səviyyəli görkəmli ziyalıları var idi. Ağdamda elə bir dram teatrı var idi ki, sanki Ağdamın bir mədəniyyət mərkəzi idi.  Orda məhşur olan Ağdam bazarı var idi ki, SSRİ-nin hansı yerindən istəsən o malları tapmaq olardı.  Hamımız düşünürdük, güman edirdik ki, müstəqillik illərində Ağdam çox inkişaf  edəcək, regionun böyük şəhərlərindən biri olacaq.  Təəssüf ki, belə oldu, 27 ilimiz Ağdamsız keçdi.  Ağdamı belə viran qoydular.  Əlbəttə ki, ümidimiz onadır ki, Ağdamda yenidən qurulacaq və o, 300-500 minlik bir şəhər olacaq. Bununla da Qarabağ problemi, bir ovuc bədnam qonşuların başından yekə iddiaları məhv olub gedəcək.  Elə bilirəm ki, Azərbaycan dövləti,  Ali Baş Komandan sənab Prezidentin dəstəyi sayəsində ağdamlıların bacarığı, işgüzarlığı sayəsində qısa müddət ərzində Ağdam doğrudan da böyük bir şəhərə çevriləcək, düşmənə göz dağı olacaq.

-Ağdamın atəş açılmadan azad olunması, həm də diplomatiyanın qələbəsi hesab olunur.  Necə hesab edirsiz, bu ana vətənin yenidən həyata qayıtması Azərbaycan üçün hansı nidadır?

-Mən hesab eləmirəm ki, Ağdam döyüşsüz qayıdıb.  Ağdam bizim bu 44 günlük müharibədə şəhidlərimizin qanı hesabına, igid ordumuzun, Ali Baş Komandanımızın qətiyyəti, iradəsi hesabına qayıdıb.  Bu gün Ağdamın azad olunmasında məhz dediyim bu amillər rol oynadı və cənab Prezident də öz çıxışında həmişə düşməndən çıxmaq üçün qrafik vermələrini və yalnız bundan sonra müharibəni dayandırmağın mümkün olduğunu deyirdi.  Ermənistan məcbur oldu ki, 27 ildən sonra bu məğlubiyyət aktına qol çəksin.  Hesab edirəm ki, bu tarixi şansın verdiyi bir qələbə idi.  Hesab edirəm ki, Ağdam da Azərbaycan əsgərinin rəşadəti hesabına azad olunub.  Azərbaycan ordusunun Ağdama daxil olmasına çox kövrələ-kövrələ baxdım.  Bu böyük tarixi qələbədir.  Son 200 ildə Azərbaycanın belə bir qələbəsi olmayıb. Bunun da başında ölkənin Ali Baş Komandanı  İlham Əliyev durur. 

- Ağdamla bağlı qısa da olsa xatirələrinizi dediniz. Amma necə hesab edirsiz Rəşad müəllim, bu qədər əzab, zülmlər görən Ağdam bizi necə qarşılayacaq?

-Əlbəttə, dediyim o məyusluq var, kədər var... Bəlkə də Ağdam bizdən küskündür, amma bir nidam var:  Ağdam, biz qayıtmışıq!..  Amma elə bilirəm ki, Ağdam da sevinəcək.   Ağdamın o torpaqları, xalqımıza həsrət olan dağları, düzləri sevinəcək.  Ağdam, həm də gözəl musiqi, səslər diyarı idi.  Həmişə də deyirdilər ki, niyə bu gözəl səslər Şuşada, Ağdamda  azərbaycanlılarda olur, amma ermənilərdə olmur.  Çünki genlər var, xislət var. Biz mahiyyət etibarilə mərhəmətli xalqıq.  Biz ancaq xoş duyğular yaradan xalqıq. Ona görə də tale, qismət o səsi bizim xalqın nümayəndələrinə bəxş edib.  Ağdamı yenə də o səslər, musiqilər, bir ucu İmarətdən tutmuş, Cıdır düzünədək Azərbayacanın gözəl, mədəniyyətinin ab-havası bürüyəcək.  Və dediyim kimi, əvvəlkindən də böyük, güclü  Ağdam olacaq.

-Azərbaycan ordusu Ağdama daxil olmaqla böyük bir mərhələni adlamış oldu. Bu gün qayıdarkən özünüzün timsalında xalqımızı  hansı obrazda görürsüz?

-Mən sosial şəbəkədə belə bir sorğu etmişdim ki,  siz işğaldan azad olunan torpaqlarla bağlı nə xəyal edirsiz, xəyallarınızı yazın.   Əlbəttə ki, hər kəsin öz xəyalları var, öz arzuları var.  Mən Ağdamı yeni qurulan, 300 minik əhalisi olan, qədimiliyini saxlamaqla yeni formada qurulan bir şəhər kimi təsəvvür edirəm. Bir neçə il qabaq Memarlıq və İnşaat Universitetində Ağdamın bərpası,  memarlıq dizaynının necə olacağı barədə mənə layihə  göstərmişdilər. Kanadada yaşayan  ağdamlı azərbaycanlı var idi, bir neçə il bundan qabaq gəlmişdi. O, deyirdi ki, uşaqlıqdan bəri Ağdamın darvazalarının rəngi, evlərin taxtapuşları necə idisə, yadımda elə qalıb.  Ağdam yenidən bərpa ediləndə, o xəyallar gerçəkləşəcək. Yəni insanlarn o şəhərlə bağlı çox xatirələri var. Elə bilirəm bütün arzu və xəyallar dövlətin təklifi ilə nəzərə alınacaq və Ağdam keçmişini, əskiliyini qorumaqla  yeni, modern bir şəhər olacaq.

- Rəşad müəllim, bir ədəbiyyat adamı, jurnalust olaraq, necə hesab edirsiz, torpaqlarımızın işğalı ilə bağlı dünyaya yetərincə məlumatları ötürüb, erməni vandallığını, işğal faktını göstərə bilmişikmi? Dünyanın qətmək tutmuş gözü açılırmı?

-Artıq 150 ildən çoxdur ki, erməni  diasporaları dünyanın müxtəlif ölkələrində təbliğat aparırlar. Bu təbliğat bəzən dini müstəvidə də olur. Ermənilər insanları çaşdırırlar, aldadırlar. Erməni məkiri hər an özünü biruzə verir. Özlərini yazıq kimi göstərir,  bir az dirçələn kimi arxadan kürəyimizə bıçaq sancırlar.  Bunlar harda yaşayıblarsa o ölkələrə qarşı çıxışlar ediblər. Bu 44 günlük müharibədə aparılan informasiya müharibəsində də komandanımz Azərbaycanın Ali Baş Komandanı 1-ci oldu.  İlham Əliyevin dünya mediasına verdiyi müsahibələr dünyanın diqqətini çəkdi.

Məlumdur ki, bir çoxları münaqişənin mahiyyətinə varmadan  erməni tərəfinin mövqeyini müdafiə edirdilər.  Hesab edirəm ki, Prezidentin müharibədə verdiyi müsahibələr bu istiqamətdə də gözləri açdı.  Eyni zamanda o  viran qalmış şəhərlərimizin  dünyaya nümayişi  göstərdi ki, əslində həqiqət hardadır.  Elə bilirləm ki, 44 günlük müharibə, həm də böyük informasiya müharibəsində uduşumuz oldu.  Mən bu hadisələrdə yeni yetişən gənclərin bir neçə dildə sosial şəbəkələrədə göstərdiyi fəallığını yüksək qiymətlədirirəm.  Mən fikirləşidirm ki, gənclərimizin bizim işğal olunmuş Şuşaya,  Ağdama , digər işğal olunmuş rayonlarımıza  qarşı məhəbbəti bəlkə də soyuq olar.  Amma zaman göstərdi ki, yetişən gəncliyin o torpaqlara bizdən də qat-qat sevgisi var.  Bu mənada bizim uğurlarımız hələ qabaqda olacaq.

Oxunma sayı 398