“Bələdiyyələr yerli icra orqanlarının əlavəsi olmaqdan qurtulmalıdır” – Elman Nəsirov  

13:26 04.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyev Yevlax və Xaçmaz rayonlarına icra başçısı təyin edərkən onlarla görüşdə bir sıra məsələlərə toxundu. Dövlət rəhbəri gənc icra başçılarına bir sıra tövsiyələr verdi. Onlardan biri də paytaxtla əyalətlər arasındakı fərqin aradan qaldırılması idi. Ölkə başçısı bu fərqin minimuma endirilməsi üçün yerli icra orqanlarının üzərinə yük düşdüyünü, bunun üçün yerlərdə ciddi iş aparılmasını onlara əsas tapşırıqlardan biri kimi verdi.

Millət vəkili Elman Nəsirov hafta.az-a müsahibəsində prezidentin icra başçılarına verdiyi məsələlərə, tapşırıqların mahiyyətinə toxunub. Millət vəkili bildirib ki, şəhər ilə kənd arasındakı fərqin minimuma endirilməsi əsas məsələlərdən biridir. Onun sözlərinə görə, bugünkü reallıqda bələdiyyələrin işinin yenidən qurulması məsələsi aktuallaşır.

- Elman müəllim, hərtərəfli islahatların dərinləşdirilməsi nə deməkdir? Bu zərurət haradan yarandı?

- Prezident İlham Əliyev ölkədə hərtərəfli islahatların dərinləşdirilməsi siyasətini həyata keçirir. Bu, ənənəvi islahatların yeni mərhələyə daxil olacağı deməkdir. Ölkə başçısı ənənəvi islahatların yeni mərhələyə daxil olacağı, daha da dərinləşdiriləcəyi ilə bağlı mövqeyini hələ 2018-ci ilin aprel ayının 18-də, 11 apreldə baş tutan prezident seçkilərindən sonra Milli Məclisdəki andiçmə mərasimində bəyan etdi. O, bu islahatların istiqamətlərini də açıqladı. Bu islahatlar hərtərəfli xarakter kəsb edirdi. Həm sosial, həm də iqtisadi sahələri özündə birləşdirirdi. Eyni zamanda, məhkəmə sistemini, siyasi sahələri özündə ehtiva edirdi. 2019-cu ildən başlayaraq iki xüsusi islahatlar paketi həyata keçirildi. İndi də cənab Prezidentin iqtisadi islahatlarında yeni dinamizm müşahidə olunur. Bu islahatların da tərkib hissəsi kimi kadr və struktur islahatları hal-hazırda həyata keçirilməkdədir.

- Kadr və struktur islahatlarının genişmiqyaslı formada keçirilməsində məqsəd nədir?

- Bu islahatların keçirilməsində məqsəd odur ki, dünya və onun iqtisadi tələbləri dəyişir. Geoiqtisadi yeniliklər ortaya çıxır. Eyni zamanda, iqtisadiyyatda müasir yanaşmalar məsələsi aktuallaşır. Yeni texnoloji naliyyətlərdən istifadə məsələsi bu gün iqtisadiyyatın mühüm məsələləri sırasındadır. Bütün bu reallıqlar fonunda gənc, bilikli, bacarıqlı, yeni iqtisadi konyukturanı, yeni iqtisadi tendensiyaları bilən, ilk növbədə, vətənsevər gənclərin önə çəkilməsi, onların vəzifələrə gətirilməsi olduqca aktual məsələyə çevrilib. Cənab prezident öz çıxışlarında bu məsələni xüsusi vurğulayır. Xüsusilə də oktyabr ayının 15-də Nazirlər Kabinetində nazirlərlə keçirdiyi son iqtisadi müşavirədə  bu məsələlərin çox geniş şərhini verdi. Artıq həmin kadr islahatlarına başlanılıb. Gənc kadrlar rəhbərliyə gətirilir. Xüsusilə də Xaçmaz və Yevlax rayon icra başçıları postuna gənclərin gətirilməsi bu dediklərimizi təsdiqləyir.

- Gənclərin yüksək postlara gətirilməsinin əsas hədəfləri nələrdir?

- Cənab prezident bu vaxta qədər regionların iqtisadi inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul edib. Onların 3-ü həyata keçirilib. Soncusu isə icra mərhələsindədir. İndiki reallıqda regionlarda aparılan bu dəyişikliklər ilk növbədə kadr dəyişikliklərini özündə ehtiva edir. Gənc kadrlar vəzifələrə çəkilir. Məqsəd odur ki, bölgələrdə, regionlarda da əhalinin rifah səviyyəsi yüksəlsin. Elə gənclər vəzifələrə gətirilsin ki, onlar kabinetlərdə oturan rəhbərlərdən olmasınlar. Kəndlərdə əhali ilə birbaşa təmasda olsunlar. Cənab prezident onların qarşısına bu vəzifələri qoyub. Bu konteksdə korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, kölgə iqtisadiyyatından çıxmaq kimi məsələlər əsas hədəflər kimi müəyyən edilib.

- Cənab prezident gənc icra başçıları ilə görüşdə şəhər ilə kənd arasındakı fərqin minimuma endirilməsi məsələsinə diqqət çəkdi. Yerli özünüidarətmə orqanları fəaliyyətlərini bundan sonra necə tənzimləməlidirlər?

- Təbii ki, biz bölgələrdən, regionlardan danışarkən ilk növbədə yerli özünüidarətmə orqanlarının üzərinə böyük vəzifələr düşür. Cənab Prezident bütövlükdə Azərbaycanın inkişafına nail olmağı əsas hədəf seçib. İqtisadi artımın səviyyəsini yüksəltməyi məqsəd kimi müəyyənləşdirib. Belə olan vəziyyətdə şəhər ilə kənd arasındakı fərqin minimuma endirilməsi əsas məsələlərdən biridir. Bu baxımdan gənc kadrların üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr də bu məsələdə fəallıq nümayiş etdirməlidirlər. Təssüf ki, bir çox hallarda neqativ hallardan biri də bələdiyyələrin rayon icra hakimiyyətlərindən asılılığıdır. Onların qeyri-müstəqillikləridir. Bir çox hallarda onların üzərinə düşən funksiyaları yerinə yetirmək iqtidarında olmamasıdır. Bildiyimiz kimi regionlarda, əyalətlərdə əsas söz sahibi yerli icra hakimiyyəti orqanlarıdır. Lakin bələdiyyələr bu sahədə diqqəti öz üzərinə çəkə biləcək naliyyətə imza ata bilmirlər. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Hər halda, biz yeni eraya daxil oluruq. Bu yeni erada hər kəs öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməlidir. Hər kəs öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir.

- Bu hansı anlama gəlir?

- Bugünkü reallıqda bələdiyyələrin işinin yenidən qurulması məsələsi aktuallaşır. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Dekabr ayının 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək.  Hesab edirəm ki, yeni seçilmiş bələdiyyələr Azərbaycanın inkişafının yeni mərhələsi ilə bağlı qarşı qoyduğu vəzifələrin yerinə yetirilməsində öz sözlərini deməlidirlər. Onlar yerli icra orqanlarının əlavəsi, onlardan asılı olmaq vəziyyətindən çıxmalıdırlar. Qanunvericilik çərçivəsində öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Bütün bunlar ilk növbədə əhalinin sosial rifahı, sosial problemlərin həlli, məsələlərini özündə ehtiva edir. Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələrin birgə fəaliyyəti yalnız bir məqsədə xidmət etməlidir. Bu, rayonlarda, bölgələrdə əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Sosial problemləri dərhal, yubatmadan həll edilməsidir. Onlarla birbaşa təmas yaradılmalıdır. Kabinetlərdə oturmamaq, insanların içərisində olmaqla onların problemlərini həll etməkdir. Bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atmaqdır. Əgər problemlər rayon səviyyəsində həll edilmirsə, o zaman müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına, o cümlədən, Prezident Adminstrasiyasına çıxmaq lazımdır. Prezident İlham Əliyev də məsələni məhz bu cür qoyub. Doğrudan da Azərbaycanda yeni era başlayıb. Çox ciddi iqtisadi və struktur islahatları həyata keçirilməkdədir. Yəqin ki, çox qısa zaman ərzində xalqımız bütün bu islahatların, köklü dəyişikliklərin real nəticələrini özlərində daha çox hiss etməyə başlayacaqlar. İndidən onu dəstəkləyir və müdafiə edirlər. Bu nəticələri hiss etməyə başlayıblar. Sosial sahədəki islahatların nəticələrini də buraya əlavə etmək yerinə düşər. 4 milyon 200 min insanı haqqında bəhs etdiyimiz sosial islahatlar paketi əhatə edir. Yəqin ki, digər struktur islahatlarının da nəticələrini yaxın zamanlarda ictimaiyyətimizin hər biri öz üzərində hiss edəcək.