Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir - Millət vəkili

15:27 17.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər  ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir”. Hafta.az xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Bakı şəhərində keçirilən Zirvə Görüşü Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edir. Onun sözlərinə görə, ötən dövr ərzində Türk Şurası çox səmərəli fəaliyyət göstərib.

“Bu dövr ərzində mədəni, humanitar , iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar adılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində də maraqlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Bütövlükdə,  türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Millət vəkili qeyd edib ki, Zirvə Görüşündə dövlət başçıları münasibətlərin inkişafı ilə bağlı vacib təkliflər irəli sürdülər. Gələcəkdə bu təkliflərin reallığa çevrilməsi isə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.

Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçdiyini deyən S.Fətəliyevanın sözlərinə görə, ölkəmiz təşkilata uğurla sədrlik edəcək. Millət vəkili deyib ki, bu platforma qloballaşan dünyada bütün türk dünyasının birliyi baxımından çox önəmlidir. Ona görə də, gələcəkdə türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir.   

Siyasət rubrikasından digər xəbərlər