Ali iqtisadi təhsilə lazımlı ixtisaslar ləğv edilib - Elşad Məmmədov

12:08 29.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İqtisadçı ekspert, professor Elşad Məmmədov hafta.az-a bu dəfəki müsahibəsində bu yaxınlarda ölkə Prezidentinin müvafiq Fərmanı ilə ad dəyişikliyinə uyğun olaraq formalaşmağa başlamış Elm və Təhsil Nazirliyinin məsul olduğu elm və təhsil sahələrində qarşısında duran problemlər, icra edəcəyi dəyişiklik və yeniliklər haqda danışdı, bəzi sahələrlə bağlı açıq tənqidi münasibətini ifadə etdi.

– Elşad müəllim, yeni 2022-2023-cü tədris ilinin əsas görünən yeniliklərindən biri Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlanması və təbii ki, həmin qurumda buna uyğun struktur dəyişiklikləridir. Bu dəyişikliklər özünü hansı forma, məzmun və mahiyyətdə büruzə verməkdədir və verəcək?

– Zənnimcə, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosial yönümlü olması və ölkə Prezidentinin bu məsələlərin həllində nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın bir çox xarici iqtisadi təsirlərdən qorunmasına şərait yaratdı. Belə ki,  pandemiya məhdudiyyətlərində də biz bunu açıq-aşkar gördük ki, bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə hansısa dərin böhran yaşanmadı. Həmçinin 44 günlük müharibə dövründə biz milli iqtisadiyyatımızın qüdrətinin bütün dünyaya nümayiş etdirilməsinin şahidi olduq. Eyni zamanda dünya iqtisadiyyatında son onilliklər ərzində baş verməkdə olan ən dərin böhranlar zamanı da milli iqtisadiyyatımızın idarəolunan formatda olması özünü göstərdi. Xarici iqtisadi və siyasi təsirlərin ölkəmizə həlledici dərəcədə mənfi təsir göstərməməsinin də şahidi olduq ki, bu da sözsüz ki, ölkədəki effektiv sosial-iqtisadi siyasətlə bağlıdır. Amma həmin sosial-iqtisadi siyasətin dayanıqlı olması üçün onun fiundamental əsaslarından biri ölkənin elmi potensialının inkişaf etdirilməsi olmalıdır, ölkədə insan potensialıyla bağlı istiqamətlərin fundamental və tətbiqi inkişafıyla, iqtisadiyyatın müxtəlif sahələri üzrə elmi potensialın reallaşdırılmasıyla bağlı olmalıdır. Hesab edirəm, bu istiqamətlər üzrə son illər və onilliklər ərzində mövcud olmuş boşluqlar institusional islahatların da olmasını və elm və təhsilin də idarə edilməsində yeni yanaşmaların tətbiqini zəruri etdi. Elm və Təhsil Nazirliyinin yaradılmasının da əsas səbəbini məhz bunda görürəm. Sizin sualınızda, zənnimcə, çox düzgün qoyduğunuz “forma, məzmun və mahiyyətcə” məsələsi ki, var, hesab edirəm ki, yeni Nazirlik sadalanan hər 3 istiqamətdə ölkə qarşısındakı insan kapitalının inkişafıyla və  konkret olaraq elmin, təhsilin inkişafı ilə bağlı olan çağırışlara cavab verməli və həmin çağırışlara uyğun siyasət həyata keçirməlidir. Bilavasitə elm və təhsilin inkişafına cavabdeh olan bu qurum olacaq. Ona görə də  forma, mahiyyət və məzmunca yeni Nazirlik həm fundamental, həm sahəvi, həm də tətbiqi-elmi araşdırmaların  effektivliyinin artmasını təmin etməlidir. Sahəvi elmi qurumlar belə, öz fəaliyyətini Elm və Təhsil Nazirliyi ilə əlaqələndirməlidir. Ona görə ki, bu qurum Azərbaycanda həyata keçirilən bütövlükdə elm, təhsil siyasəti sahəsində öz məsuliyyətini təmin etməlidir. Bu baxımdan  bu Nazirlik həm forma, həm mahiyyət, həm də məzmunca sürətlə dəyişən çağırışlara çevik reaksiya verə bilən effektiv və operativ fəaliyyət göstərməyə qadir olan bir qurum kimi fəaliyyət göstərməli və zənnimcə, bu, Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafının əsas təminatçısı kimi çıxış etməli olan bir mexanizm şəklində işləyən bir sistemə  çevrilməlidir...

– Konkret olaraq sizin də çalışdığınız ali  təhsil, o cümlədən ali iqtisadi təhsil sahəsindəki hansı problemlərin həlli yeni Nazirlik qarşısında zəruri vəzifə kimi durur?

–   Mən ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam və çalışmaqdayam. İqtisadçı olduğum üçün də, xüsusilə, ali iqtisadi təhsil sahəsinə fokuslaşmışam. Və yəqin ki, ali təhsil, xüsusən ali iqtisadi təhsil sistemində baş verən proseslər barədə əsaslı fikirlər bildirməyə haqqım var. Çox təəssüf ki, ölkəmizin ali iqtisadi təhsil sistemi bugünkü reallıqlar çərçivəsində formalaşan çağırışlara cavab vermir.

Biz Azərbaycanın ali iqtisadi təhsil sisteminin istər ölkədə, istər bölgədə, istərsə də dünyada baş verən iqtisadi-sosial proseslərlə bağlı effektiv reaksiyasını görmürük. Və sözügedən sistemin nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz baş verən proseslərin təhlilinə belə, yaxın düşməsinin şahidi ola bilmirik. Bu, çox acınacaqlıdır və hesab edirəm ki, bunun nəticələrini ölkəmizin iqtisadiyyatı yaxın illərdə görə bilər...

– Ali iqtisadi təhsil sistemindəki çatışmazlıqlar ilk növbədə özünü nələrdə büruzə verir?

–   Bir sıra konkret misallar gətirmək istəyirəm ki, geniş auditoriya onlardan bilgili olsun və Azərbaycan ictimaiyyəti özü nəticə çıxarsın, həmçinin, aidiyyati dövlət qurumları həmin məsələlərə lazım olan səviyyədə diqqət yetirsin...

 Nə qədər məntiqsiz görünsə də, Azərbaycanda bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisası ləğv olunub. Bəs bu halda biz ali iqtisadi təhsil sistemimiz tərəfindən dünyada baş verən mürəkkəb iqtisadi proseslərin təhlil edilməsinə necə çalışacağıq? Bu, necə dəyərləndirilməlidir və həmin qərarı qəbul etmiş vəzifəli insanlar buna necə izahat verə bilər? Bəhs edilən məsələni bir qədər də maraqlı edən odur ki, doktorantura səviyyəsində dünya iqtisadiyyatı ixtisası var. Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… Bir sözlə, çox müəmmalı yanaşmadır…

Digər tərəfdən, beynəlxalq ticarət və loqistika ixtisası tədris prosesinə daxil edilib, amma ticarət ixtisası ləğv olunub. Sual edilir: ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi? Və istər idxal, istər ixrac olsun, beynəlxalq ticarətin məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Yəni belə bəsit məsələləri bizim iqtisadi təhsilin rəhbərlyində olan insanlar dərk etmirmi?..

 Bir misal da deyim: biznesin idarə edilməsi ixtisasında binesin əsasları fənni tədris planına əsas yox, seçmə fənn kimi daxil edilib. Yəni belə çıxır ki, tələbə biznesin idarə edilməsi üzrə mütəxəssis olacaq, amma biznesin əsasları fənnini keçməyə də bilər. Bəs o halda həmin tələbə 4 il ərzində biznesin əsaslarını bilmədən biznesin idarə olunması üzrə necə mütəxəssis kimi yetişə bilər? Yəni bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək və s. ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi?..

 Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: Azərbaycanda 26 kommersiya bankı fəaliyyət göstərir və ölkəmizin bank sektorunun inkişafı bu gün, hesab edirəm ki, iqtisadi siyasət nöqteyi-nəzərindən ən həssas və ağrılı istiqamətlərdən biridir.  Fəqət, ölkədə bank işi ixtisası bakalavr səviyyəsindəki iqtisadi təhsilin əsasını qoyduğu halda həmin ixtisas ləğv olunur. Yəni düşünürəm ki, bunun hansı məntiqə əsaslanmasının təhlili üçün elə də dərin biliklərə malik olmaq tələb edilmir. Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu  ali iqtisadi təhsil sistemimizin Azərbaycanın  milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının göstəricisidir.

 Hesab edirəm ki, sadalanan problemlər həm ictimai müstəvidə, həm də dövlət qurumları, o cümlədən Elm və Təhsil Nazirliyi səviyyəsində qaldırılmalıdır. Və mən bir mütəxəssis olaraq məsələnin ciddiliyini nəzərə alıb onun hər iki sözügedən müstəvidə müzakirələrinin təşkilində bilavasitə iştirak edəcəyəm. Ali iqtisadi təhsil sistemimizdəki bu problemlər olduqca mühümdür və  düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar aidiyyatı olaraq mütləq məsuliyyətlərini dərk etməli və onu daşımalıdırlar... Elm və Təhsil Nazirliyi də mütləq qeyd edilən problemlərin həllinə nail olmalıdır...

– Elm və təhsilin inkişafına cavabdeh olan yeni Nazirliyin icra edəcəyi dəyişiklik və yeniliklər Azərbaycanın elm və təhsil müəssisələrinin yaxın gələcəkdə müasir beynəlxalq reytinqlər cədvəlində öncül yer tutmasına da şərait yarada biləcəkmi?

– Bundan əvvəllki sualınıza cavabımda da  bu məsələyə toxundum. Sözsüz ki, beynəlxalq reytinqlər ölkənin təhsil sferasının nöqteyi-nəzərindən, elm mərkəzlərinin inkişafı, beynəlxalq məkana çıxışı baxımından müəyyən rol oynamaqdadır.  Bununla yanaşı,  elmimizin, təhsilimizin inkişafının ilk növbədə milli iqtisadiyyatımızın inkişafına, ölkəmizin ictimai, siyasi, sosial, iqtisadi qüdrətinin artmasına xidmət etməsinə nail olmalıyıq. Yəni öncə bizim üçün əsas hədəflər hansısa beynəlxalq reytinqlər yox,  dövlətimizin, o cümlədən milli iqtisadiyyatımızın gücləndirilməsi olmalıdır. Bu, olduqca önəmlidir. Hesab edirəm ki, yanaşmada sözsüz priroritet kimi bu qəbul olunmalıdır. Biz praktiki olaraq elm mərkəzləri və təhsil müəssisələri ölkəmizin qüdrətinin, rəqabət qabiliyyətliliyinin artmasına necə töhfə verə biləcəyini hesablamalıyıq. Bax, zənnimcə, bu məsələ Elm və Təhsil Nazirliyinin, eləcə də ölkədə fəaliyyət göstərən konkret elm və təhsil müəssisələrinin əsas fəaliyyət fokusunda olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın daxili və regional reytinq sistemlərinin  qurulmasında fəallığının artırılması zəruri istiqamətlərdən biridir. Son illərdə biz beynəlxalq reytinq sistemlərinin nə dərəcədə manipulyasiyalara səbəb olmasının şahidi oluruq. Bu prizmadan yanaşdıqda biz dövlətimizin iqtisadi sahədə və bütövlükdə qüdrətinin artırılması nöqteyi-nəzərdən, sözsüz ki, xarici iqtisadi və siyasi təsirlərdən effektiv şəkildə qorunmasını təmin etməliyik. Ona görə də əgər biz elm infrastrukturunu,  təhsil bazasını dayanıqlı şəkildə inkişaf etdirə bilsək, sözsüz ki, beynəlxalq reytinqlər də buna nə qədər müqavimət olsa da, reaksiya verməli olacaq. Digər tərəfdən də dövlətimizin rəqabət qabiliyyətliliyi o səviyyədə artacaq ki, faktiki olaraq bu bir reallığa çevriləcək və Azərbaycanın insan kapitalı ilə bağlı sferalarında dayanıqlılıq təmin olunacaq. Bunun üçün, sözsüz ki, innovativ tutumlu iqtisadiyyatın formalaşması və inkişaf etməsi zəruridir. Zənnimcə,  Elm və Təhsil Nazirliyinin əsas missiyalarından biri də məhz rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında ölkə hökumətinə, ölkə rəhbərliyinə müfaviq bazanın təqdim edilməsi olmalıdır. Ona görə də daxili elmi və təhsil inkişafı ilə bağlı dayanıqlı, müsbət nəticələrə nail olmalıyıq ki, bunun da bünövrəsi ölkəmizin güclü elm və təhsil generasiya mərkəzlərinin yaradılması olmalıdır...

Oxunma sayı 2210