Qəhrəman hərbiçilərimiz istedadlı gənclərin gözü ilə - Reportaj

10:48 26.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu gün 26 iyun –Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. Müstəqillik əldə etdiyimiz vaxtdan etibarən ilk dəfədir  ölkəmiz bugünü qalib olaraq qarşılayır. İndi məğrur və rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə son verib. Uzun illərdir həsrətində olduğumuz “Qarabağın işğaldan azad edilməsi” və “Bütöv Azərbaycan” bugünün reallığına çevrilib. Hafta.az bu əlamətdar günün anlam və önəminin ən qabarıq olduğu bir zamanda Silahlı Qüvvələr gününə yaradıcı gənclərin gözü ilə baxdı.

Bir müddətdir,  sosial şəbəkələrdə Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirən tələbələrin Vətən müharibəsi qəhrəmanları haqqında hazırladıqları əl işləri böyük maraqla qarşılanır. Əməkdaşımız  akademiyanın qonağı olub, tələbələrin bu maraqlı təşəbbüsünü bir də öz dillərindən öyrəndi.

Bu il universiteti heykəltəraşlıq ixtisası üzrə bitirən tələbələr – Təbriz Soltanlı general-mayor Polad Həşimovun, Müstəqil Balayev Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın, Leyla Məmmədova isə yaralı dostunu döyüş bölgəsindən çıxaran əsgərin heykəllərini hazırlayıblar.

Gənclər deyirlər ki, belə heykəllər heç də qısa zamanda ərsəyə gəlmir. Bu iş üçün azı 3 ay vaxt sərf edilir. Hazırladıqları materiallarda heykəllərin uzun müddət qala bilməsi üçün xüsusi qulluq və şərait lazımdır. Həmçinin onlar gələcəkdə əl işlərinin xalqa açıq yerlərdə qoyulmasını arzu edirlər.

İlk müsahibimiz - diplom işi olaraq Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun heykəlini hazırlayan tələbə Təbriz Soltanlı söyləyir ki, bu ideya ona ötən il Tovuz döyüşləri gedən vaxt gəlib:

“Düzünü desəm, bir çoxları kimi mən də  şəhid generalımızı döyüşlərdən öncə tanımırdım. Daha sonra onun həyatı haqqında oxuyub-öyrəndiklərim məndə şəhid general Polad Həşimova qarşı dərin hörmət və sevgi yaratdı. Ardınca isə qısa müddətdə - 4 günə generalın ortaölçülü büstünü hazırladım. Qərara gəldim ki, diplom işi olaraq onun böyük, möhtəşəm heykəlini düzəldim. Büst hazır olandan sonra heykəlin eskizləri üçün iş başına keçdim. Müəllimim Akif Əsgərov da bu işdə məni dəstəklədiyini və təşəbbüsü çox bəyəndiyini söylədi. Layihə üçün eskizlər təsdiqləndikdən sonra heykəlin hazırlanmasına başladım”.

Gənc heykəltəraşın sözlərinə görə, yaxşı heykəltəraş həm də yaxşı  rəssam olmalıdır. Onun gələcək planları isə özünü daha da təkmilləşdirib işinin peşəkarı olmaqdır:

“İstərdim ki, bir heykəltəraş kimi fəaliyyətimi davam etdirə bilim. İndi tələbəyəm, günün çox hissəsini burada keçirirəm. Buranı bitirəndən sonra sənətimi davam etdirmək üçün məcburam emalatxana açım. O da heç asan görünmür. Hər bir halda ümidlərim böyükdür”.

Müstəqil Balayev də tələbə yoldaşı Təbriz kimi bu təşəbbüsün onda hələ müharibə başlayan ərəfədə formalaşdığını söylədi:

“Bir neçə ay öncə Arəstə xanımın büstünü hazırlamışdım. Elə düşündüm ki, diplom işinə də heykəlini düzəldim. Onlar Vətən uğrunda canlarından keçib, xatirələrini əbədiləşdirməyi özümüzə borc bilirik”.

Söhbət əsnasında məlum oldu ki,  Müstəqil üçün heykəltəraşlıq sevgisi ailədən gəlirmiş. Atası İlqar Balayev uzun illərdir Masallı rayonunda bu işlə məşğuldur. Həmçinin ailənin digər üzvləri – qardaşları da heykəltəraşdırlar:

“Böyük qardaşım Rəssamlıq Akademiyasını bitirib. Hazırda rayonda atamla birgə oradakı emalatxanamızda çalışır. Biz hər birimiz öncə atamızdan dərs alıb bura gəlmişik.  Yəqin ki, mən də orda işləyəcəyəm, ancaq çox istərdim, burada qalıb, fəaliyyətimə paytaxtda davam edim. Peşəmdə daha da təkmilləşib, dünyaca məşhur heykəltəraş olmaq istəyirəm”.

Daha bir həmsöhbətimiz isə gənc və istedadlı xanım heykəltəraş Leyla Məmmədova oldu. O, “Vətən naminə” adlandırdığı kompozisiyada döyüş bölgəsindən yaralı dostunu çıxarmağa çalışan mərd Azərbaycan əsgərini təsvir edib. Gənc heykəltəraşın ilham mənbəyi Şuşanı azad etmək üçün əliyalın düşmənlə vuruşan əsgərlərin döyüş xatirələri olub:

“Kompozisiyada şəxsiyyət əks edilməyib, bu, ümumi ordumuzun şücaəti ilə bağlıdır. Əsgərlərimizin dilindən eşitdiklərim, onların döyüş yoldaşlarını xilasetmə anları məni çox təsirləndirib. Xüsusən də Şuşa döyüşləri zamanı yaralı əsgər yoldaşı da Şuşanı görsün deyə, onu öz çiyinlərində daşıyan  Azərbaycanlının məğrurluğu... O döyüşçülərin əksəriyyəti ölkənin müxtəlif bölgələrindən gəlmişdi, bir-birlərini heç tanımırdılar. Tək məqsədləri Şuşaya qalxmaq və oranı azad etmək idi. Bu anları canlandırmaq və heykəllərdə əks etdirmək mənim üçün böyük qürurdur”. 

Leyla Məmmədova gələcək fəaliyyəti haqqında danışarkən bildirdi ki,  əsas məqsədi müharibə dəhşətlərini və ordumuzun qəhrəmanlığını kompozisiyaları ilə insanlara çatdırmaqdan ibarətdir:

“Doğrusu, gələcəklə bağlı nə deyim, bilmirəm. Müharibənin bitməsi 1 il olmayıb, mən hələ də o ab-havadan çıxa bilməmişəm. Bundan sonra da kompozisiyalarımın böyük hissəsini müharibə təşkil edəcək”.

Diqqətinizə çatdıraq ki, tələbələrin işləri bununla da kifayətlənmir. Onlar daha öncə Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın, həmçinin bir neçə Vətən müharibəsi qəhrəmanının da büstlərini hazırlayıb, ailələrinə təqdim ediblər. Biz isə bir-birindən istedadlı bu gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayır, şans diləyirik. Ümid edirik,  gələcəkdə peşələri ilə ölkəmizi xaricdə layiqincə təmsil etmək imkanları yaranar.

 

Oxunma sayı 5897