"Alimlik iddiasında olanlar ingilis dilini mükəmməl bilməlidir"- Təhsil eksperti

17:03 05.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Təhsil Nazirliyinin təşəbbüsü ilə magistraturaya qəbulla əlaqədar təhlillər aparılıb. Gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün magistraturaya qəbul prosedurlarının bir mərhələli keçirilməsi ilə bağlı müzakirələr aparılır".

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən qaydalar təsdiqlənməyib: "Biz müzakirələr aparıb öz təkliflərimizi vermişik. Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə bizə həvalə ediləndən onun bir mərhələli keçirilməsini təklif etmişdik. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Artıq yeni təklif Təhsil Nazirliyi tərəfindən universitetlərlə müzakirə edib. Universitetlər də birinci mərhələdə olan nəticələr əsasında magistrləri qəbul etməyə razıdır".

 M.Abbaszadə qeyd edib ki, müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq: "Bunlar yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiqi, texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür. Hər halda bütün bunlar magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşır. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır".

Məleykə Abbaszadə əlavə edib ki, birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləği təhlillərdən sonra aidiyyəti qurumlara təqdim ediləcək: "Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik tərəfimizdən belə bir təklif olmayıb".

DİM sədri əlavə olaraq bildirib ki, doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur:

“Namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır: "Birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq. Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik. Bu imtahanlar təbii ki, ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqlar dərc olunacaq”.

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, bu məsələ müzakirə edilir. 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:  "Ölkədə kütləvi tədbirlər keçirilən zaman kütləvi imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik", - deyə DİM sədri bildirib.

Hafta.az-a mövzunu şərh edən təhsil eksperti Etibar Əliyev hesab edir ki, magistratura mərhələsi üzrə proses sadələşdirilməlidir:

“Hər iki təklif yaxşı təklifdir. Bu məsələləri çox da mürəkkəbləşdirmək lazım deyil. Prosesi getdikcə sadələşdirmək lazımdır. Dünyanın aparıcı universitetlərində buməsələr liberal formada həyata keçirilir. Bir mərhələdə həyata keçirmək mümkündür. Doktorantura mərhələsində də ingilis dili imtahanını DİM-in keçirməsi də düzgün düşünülüb. Artıq bu pillə elm pilləsidir. İddiaçı ciddi şəkildə elmlə məşğul olmalıdır. Alimlik dərəcəsi almaq üçün məqalələri çap olunmalıdır. Bütün bunlar da əsasən ingilis dilində verilir. İddiaçı ingilis dilini mükəmməl bilməlidir”.