"Artıq “ASAN ödəniş” sistemi yaradılıb"- Fond

17:08 16.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə ipoteka kreditləşməsi mexanizminin inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.

Bunu sorğumuza cavab olaraq İpotekə və Kredit Zəmanət Fondu bildirib:

"Fond tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln. manat olan ipoteka istiqrazları yerləşdirilib. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1,005 mlrd. manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib.

Cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir".

Əlavə olaraq bildirildi ki, 2019-cu il Fond üçün uğurlu maliyyə göstəriciləri ilə xarakterik hesab olunur: Belə ki, 2018-ci illə müqayisədə ötən ilin sonuna Fondun aktivləri 10,2% artaraq 1,41 mlrd. manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub".