"Avtoyuma məntəqələrinin yolları zəbt etməsinə xüsusi nəzarət olmalıdır" - Ekspert

16:00 18.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakımız günü-gündən gözəlləşir. Yerli sakinlərlə yanaşı, təşrif buyuran turistlər də şəhərimizin gözəlliyindən zövq alırlar. Bəzən isə xoşagəlməyən tikililər, iaşə obiyektləri və s. Bakının vizual görüntüsünü pozmaqdan da yan keçmir. Vizual görüntü ilə yanaşı insan orqanizmi üçün ziyanlı tərəfləri  qaçılmaz olan belə obyektlər sırasında hazırda ən çox rast gəldiyimiz avtoyuma məntəqələri üstünlük təşkil edir. Bir neçə il əvvəl belə “moykalar” yol kənarlarında, insan yaşayan yerlərdən uzaqda tikilirdisə, artıq binaların qarşısında, bazarlara yaxın yerlərdə istifadəyə verilir. Bu gün Paytaxt Bakı ilə yanaşı, ölkənin hər bir rayon, qəsəbələrdə belə avtoyuma məntəqələrinə rast gəlmək olur. Hətta sayı kifayət qədər çoxdur.

Avtoyuma məntəqələrindəki suyun son halı demək olar ki, küçələrə axıdılır.  Kimyəvi maddə qarışıqlı köpüklü su ətraf mühit üçün olduqca ziyanlıdır. Ekspertlər bildirirlər ki, həmin kimyəvi maddə adi kimyəvi maddədən daha yüksək təsirə malikdir.

Xatırlatmaq üçün deyim ki, avtoyuma məntəqələrində istifadə olunan maddə “kostik" adlanır. Ağ köpük formasında olan bu maddənin tərkibi natrium hidroksiddir. Suda asanlıqla həll olan bu maddə sabuna bənzəyir və əslində elə sabunların da tərkibində olur. Natrium hidroksid su ilə reaksiyaya girəndən 5 dəqiqə sonra temperaturu 50 dərəcəyə yüksəlir və 15 dəqiqə bu dərəcədə qalır. Bu maddənin su, istilik, bir çox metallar, yandırıcı və plastik maddələr, alüminium, peroksitlə reaksiyaya girməsi məsləhətli deyil. Düzdür, su ilə təmas onun təsirini azalda bilir. Lakin maddənin göz və dəri ilə təması çox təhlükəli hesab edilir. Güclü yanıqlara səbəb ola bilər. Sabunun tərkibində istifadə edilsə də, onun normadan çox olmamasına diqqət olunur. Çünki normanın aşılması insan səhhəti üçün təhlükəlidir.

Yol məsələləri üzrə ekspert Azər Allahverənov hafta.az-a açıqlamasında dedi ki, bu məsələ neçə ildir ki, kifayət qədər aktual olan bir problemdir.  Ekspertin sözlərinə görə, şəhərin bir hissəsinin, əsasən də səkilərin avtoyuma məntəqələri ilə tutulması halları artıb:”Təəssüf ki, avtoyuma məntəqələrinin yanından keçəndə görmək olur ki, xoşagəlməz bir mənzərə yaranıb. Sular axıdılır, drenaj sistemləri olmadığı üçün axan su daha geniş yayılır. Çirkab suların yola axıdılması ətraf mühitə də eyni zamanda ziyan vurur. Bəzən piyadaların üzərinə belə çirkab sular sıçrayır. İlk növbədə avtoyuma məntəqələrində işləyən insanların sağlamlığı təhlükə altına atılır. Orada xüsusi məhlullardan istifadə olunur. Kimyəvi məhlul qarışdırılmış su köpüyü maşın üzərinə sıçradıldıqdan sonra, buxar şəklində havaya buraxılır. Bu insan orqanizminə təhlükə törədə bilən haldır. Biz özümüz ani olaraq avtoyuma məntəqələrinin qarşısından keçəndə öz tənəffüs sistemimizdə onu hiss edə bilirik. Bu kimi avtoyuma məntəqələri qapalı şəraitdə fəaliyyət göstərməlidir. Maksimum dərəcədə çalışmalıdırlar ki, hava ilə yayılmanın qarşısı alınsın. İnsanlar xüsusi nəfəsqoruyuculardan istifadə etməlidirlər. Avtoyumaların yolları zəbt etməsinə də xüsusi nəzarət olmalıdır. Aidiyyatı strukturlar imkan verməməlidir ki. səkilər, yollar belə avtoyuma məntəqələri ilə zəbt olunsun. Səkilərdən hərəkət edən insanlar çirkab sular üzərindən keçməmək üçün maşınların şütüdüyü yoldan istifadə edirlər. Bu da çox təhlükəlidir. Mövcud standartlara cavab verməyən avtoyuma məntəqələri haqqında ölçülər götürülməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, şəhər icra hakimiyyətləri küçələrin təmiz saxlanması üçün işlər görməlidir ki, avtoyuma məntəqələrinə ehtiyac qalmasın: “Avtomobil yumağa xərclənən vəsaitlər küçələri təmiz saxlamaq üçün sərf ediləcək xərclərdən dəfələrlə çoxdur. Üstəlik, bu məntəqələrdə istifadə edilən kimyəvi maddələr küçəyə axıdılır. Su quruyandan sonra həmin maddələr buxarlanır və hava ilə insanları zəhərləyir. Hətta bu məntəqələrdəki suyun kanalizasiyaya axıdılması belə effektli çıxış yolu deyil. Çünki bu zaman da kimyəvi maddələr dənizin mikroflorasını məhv edir. Təəssüf ki, bu məntəqələrdə hansı yuyucu maddələrdən istifadə edilməsi barədə cəmiyyətdə heç bir məlumat yoxdur. Lakin onlar insanlar və ətraf mühit üçün zərərlidir. Gündən-günə tükənən içməli suyu avtomobil yumağa sərf etmək nadanlıqdır”.