"Azərbaycan Qazaxıstan üçün regionda əsas tərəfdaş olaraq qalır" - Səfir Serjan Abdıkarimov

19:45 01.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Birinci Prezidenti Günü və Müstəqilliyinin 30 illiyi münasibətilə Bakıda rəsmi qəbul keçirilib.

Hafta.az-ın yazdığına görə, qəbulda dövlət rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümyəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov əvvəlcə helikopter qəzasında həlak olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verib. Diplomat bildirib ki, Azərbaycan Qazaxıstan üçün regionda əsas tərəfdaş olaraq qalır və iki ölkə arasında strateji əlaqələr getdikcə daha da dərinləşəcək.

"Yeni geosiyasi reallıq, Qarabağın dinamik dirçəlişi, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır. Qarabağ regionunda siyasi-hərbi vəziyyətin yaxşılaşması bütövlükdə Cənubi Qafqazda sabitliyə şərait yaradır. Zəngəzur dəhlizinin yaradılması ölkəmizin Azərbaycanla, eləcə də Naxçıvan vasitəsilə Türkiyə və Avropa ilə əlaqələrinin inkişafına stimul verəcək. Bu da öz növbəsində Xəzərin liman infrastrukturunun artan potensialının üzə çıxmasına yeni imkanlar yaradır”, - səfir bildirib.


Qazaxıstanlı diplomat deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq, daha da inkişaf edəcək.


Azərbaycan hökuməti adından çıxış edən energetika naziri Pərviz Şahbaz bayram münasibəti Qazaxıstan dövlətini və xalqını təbrik edib. Bildirib ki, geridə buraxdığımız 30 il ərzində Qazaxıstan çox böyük uğurlar əldə edib. Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdırlar. İki ölkə arasında münasibətlərin inkişafı regional sabitliyə yeni töhfələr verəcək.

Çıxışlardan sonra tədbir bədi hissə ilə davam edib, uşaq rəqqasların ifasında qazax milli rəqsləri təqdim olunub.

Oxunma sayı 552