"Bədii Şuralar yaradılanda bizimlə məsləhətləşmədilər"- MÜSAHİBƏ

17:25 04.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Savadsız kütlə çoxdur. Soruşursan "Qara Qarayev kimdir"? Deyir, indicə Qarayev metrosunda idik. "Üzeyir kimdir" deyəndə, "yotube"də ona qulaq asıram" söyləyir. Təbii ki, dahi Üzeyir Hacıbəylini demir. Mən bunları eşidəndə istəyirəm özümü öldürüm.

Bunu hafta.az-a müsahibəsində Bəstəkarlar İttifaqının sədri Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə dedi.

Müsahibəni oxucularımıza təqdim edirik:

- İlk növbədə yenidən sədr seçilməniz münasibəti ilə təbrik edirik sizi. Prezident bir qrup mədəniyyət işçiləri ilə  görüşdü, siz də görüşdə iştirak edirdiniz. Dövlət başçısı tapşırıqlar verdi. O görüşdən, bu günə hansı yeni işlər görmüsünüz?

- Əslində bizə tapşırıq verməyə ehtiyac yox idi, işimiz hər zaman yüksək səviyyədə olub, möhtərəm Prezidentimiz də bizi yüksək dəyərləndirib. Amma, bizim ona ehtiyacımız var idi. Bizim jurnalistlər deyilən sözü bir az dərk etmirlər. Azərbaycan musiqisi tək mahnıdan ibarət deyil. Bəstəkarlar məktəbi şərqdə bir dənədir. Bunu unutmaq olmaz. Bizə kömək, dəstək lazımdır. Demirəm hər gün bizə pul göndərsinlər. Bizə pul ona görə lazımdır ki, tədbirlərimizi keçirə bilək. Xaricdə də belədir. Telekanallarda bədii şuraların bərpası, tərkibi məsələsi çox mühüm məsələdir. Mahnıları kim müzakirə edir? Müzakirə edənlər özləri neytral adam olmalıdır. Öz mahnılarını kanallarda təbliğ edən insanlar olmamalıdır. İnsan özü hər gün mahnısını kanalda təbliğ edir, özü də bədii şurada oturub. Biz ondan nə gözləyə bilərik? Həmçinin ittifaqda ev məsələsi problemli məsələdir. Bəstəkarın gözəl şəraitə ehtiyacı var. Bir tikə çörək üçün o tərəfə, bu tərəfə qaçmalı deyil. Mən demirəm bizim bəstəkarlarımızın hamısı dahidir. Onlara imkan yaratamalıyıq ki, görək nəyə qadirdirlər.

- Bədii şura məsələsinə toxundunuz. Bir neçə telekanalda artıq bədii şura yaradılıb. Yaradılmamışdan öncə ilə, indi arasında fərqi görə bilirsiz?

- Mənə də zəng etdilər. Məni tam qane etmir. Bir-iki kanala iradımı da bildirdim. O kanalların rəhbərləri mənlə görüşmək istədilər. Dedim ki, bizimlə məsləhətləşsəydiniz daha yaxşı olardı. Dedilər ki, Firəngiz xanım bir il müddətində bunlara toxunmaq olmaz. İnsanları sındırmaq olmaz. Biz gələcəkdə sizinlə məsləhətləşəcəyik. Biz demirik ki, bu adamları qoyun, o adamları işdən azad edin. Biz tənzimlənmənin tərəfdarıyıq. Üç badam bir qoz deyib, ortaya düşüb oynayan vaxtımız deyil. Biz istəyirik insanlar bir az ciddi olsunlar. Nə vaxta qədər mahnı ilə davam edəcəyik, biz istəyirik böyük əsərlər yazsınlar. Toylar da olsun, amma, buna bu qədər əhəmiyyət vermək olmaz. Musiqidə biznes ancaq toyların adı ilə bağlıdır.

- Axı bədii şuralar yaradıldıqdan sonra da bayağı mahnılar efirlərdə səslənir...

- Yox, Allah tərəfi desək bir az azalıb. Dəyişiklik var, ciddi insanlar çıxıb diskusiyalar aparırlar. Təfəkkür dəyişməlidir. Hər şeyi pulla almaq olmur.

- Hazırda İttifaqın nə qədər üzvü var?

- 170 üzvümüz var.  Bunların 30-u xarici ölkələrdə yaşayır. Vaxtı ilə onlar üzv oldular, indi xaricdə yaşamalarına baxmayaraq, biz onlarla daim təmasdayıq. Onlarla görüşlər keçiririk. Mənə xoş oldu ki, onlar xaricdə yaşamasına baxmayaraq qurultayda səs verdilər.

- Üzvülük üçün yeni müraciətlər olurmu?

- Bəli, elə bir az əvvəl danışırdıq bu mövzunu. 4 nəfəri üzv olaraq qəbul edəcəyik.

- Azərbaycan Yazıçılar Birliyi onların qayda-qanunlarına zidd davranış sərgiləyənləri üzvülükdən kənarlaşdırır. Sizin hansı cəza metodunuz var?

- Yox, biz belə addım atmırıq. Bizim bircə iradımız olur. İttifaqdan bəzi üzvlər təqaüd alır. 30 nəfərə 300 manat, 10 nəfərə isə 200 manat təqaüd veririk. Bu insanlardan illik 5 manat üzvülük haqqını ala bilmirik. Ayda 300 manat alan üzv, 5 manat üzvülük haqqı ödəmir(gülür). Mənim üçün o simvolik birşeydir.

- Hesab edirlər ki, dünyada artıq ittifaqlara maraq azalıb, belə qurumlar ləğv edilməlidir. Bəstəkarlar İttifaqını da Sovet qurumu olaraq öz missiyasını başa vurmuş hesab edirsinizmi?

- Dağıtmaq çox asandır. Hər şeyi ləğv etmək olar. Mən dəqiq deyə bilmərəm: ləğv edək, ya etməyək. Biz çox böyük işlər görürük. İttifaq festivallar keçirir. Şəkininin UNESKO-nun siyahısına düşməsində bizim də az da olsa rolumuz olub. Muğam konsertləri keçiririk. Xaricdən gələn qonaqlarımız məst olmuşdular. Deyirlər ki, bu qurumlar Sovet düşüncəsi ilə yaşayır. Xeyr, mən Sovet düşüncəsi ilə yaşamıram. Mən müstəqil Azərbaycanın musiqiçisi kimi düşünürəm.

- Dediniz, ittifaqın maliyyə problemləri olur. Bəs büdcəniz konsertlər, festivallar keçirməyə imkan verirmi?

- Təbii ki, Mehriban xanımının dəstəyi ilə baş tutub. Əsas burada maliyyə yox, o konsertlərin baş tutması üçün görülən işlərdir. Biz tək musiqiçiləri yox, eləcə də alimləri dəvət edirik. Amerikadan qonaqlarımız gəlir Alim Qasımov haqqında məruzə oxuyur.

- Tutaq ki, İttifaq ləğv edildi, bəstəkarlar yetişə bilməzmi?

- Təbii ki, yetişər, niyə də yetişməsin? Bizim təhsil ocaqlarımız var. Bizə artıq yetişmiş bəstəkarlar gəlir. Amma, İttifaq burada olan bəstəkarları bir araya gətirir. Festivallar təşkil edir. Biz yenicə Almaniyadan gəlmişik. Mən gənc bəstəkarlarımızı çağırdım. Dedim ki, Nəsimini necə başa düşürsünüz? Dedilər ki, biz  şairin poeziyasından heç nə başa düşmürük. Ərəb-fars dilini  bilmirik. Sonra qəzəlxanları dəvət etdik. Və o qəzəlxanlar oturub izah etdilər. Almaniyada üç gün dalbadal konsertlərimiz oldu. Bəstəkarlar İttifaqının rolu bax bu işləri görməkdir həm də...

- Bu il ən çox müzakirə olunan mövzulardan biri  Nəsiminin qəzəlinə oxunan mahnılar oldu. Yaxın günlərdə Xumar xanım da “Neylərəm” qəzəlini ifa etdi. Sizi hər üç şəxsin ifasından hansı razı sala bildi?

- Afaq Fərmanqızının ifasını qəbul etmirəm. Çox kəskin iradımı da bildirdim. Sami Yusifin oxuduğu layihə maraqlı idi. Mədəniyyət Nazirliyi düşünüb. Mənim üçün bəstəkar olaraq birsəslilik qəbul olunmazdı. Biz Qara Qarayevin dərslərini görmüşük,  Alman bəstəkarlıq məktəbinin yetirməsiyik. Simfonik orkestr odur ki, çoxsəslilik olsun, harmoniya olsun. Biz orada harmoniya görmədik. Yüz nəfəri yığıblar, xor yoxdur. O qədər adam yığıb, bir səslə oxumanı qəbul etmirəm. Biz bəstəkar olaraq, o mərhələdə deyilik. Kimisə xoşuna gəlirsə, çox gözəl. Bu da olsun. Sami Yusif çox gözəl oğlandı, işıqlar, rənglər yaxşı idi.

- Siz bəstə hazırlanan vaxt dəvət olunmuşdunuz?

-  Xeyr, dəvət olunmamışdım. Hamı kimi sonra dinlədim. İnsanların xoşuna gəlirsə, ucuz effektlər yoxdusa, biz onu qəbul edirik. "Hamı belə yazmalıdır" da deyə bilmərik. Görünən odur ki, maşınlarda da o musiqiyə qulaq asırlar. Biz heç nə demirik. Dinləyici kimi qəbul edə bilərəm, bəstəkar olaraq qəbul etmirəm.

- Bəs Xumar Qədimovanın ifasını necə?

- Onun iddiaları yox idi. 6 dəqiqəlik mahnı idi. Çox gözəl ifa edir. Özü də çox gözəl xanımdır. Adamın ürəyinə yatır. Biz özümüz Nəsimini aşağıya endirsək, kim yuxarı qaldırar? Mütəfəkkir, şair, Quranını surələrini bilən bir insan... Hanı, göstərin də... Özümüz özümüzə zidd çıxırıq. O insan dahi idi. Bu məsələlərdə həssas olmalıyıq. Mənim dörd əsərim var. Son əsərim olan Nəsimi haqqında  “İlahilər” beynəlxalq musiqi fondunun mükafatına layiq oldu. Bu əsəri eşidənlər heyrətlə deyirdilər ki, bu musiqini kim yazıb?

- Bəstəkarlar İttifaqı üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atır?

- 90 yaşında bir bəstəkarımız ev aldı. Ondan sonra daha da ilhamlandıq. Bir nəfərə də ev aldıq. Bizim bəstəkarlarımız xaricə gedirlər. Niyə? Çünki  burada qazandıqlarını kirayəyə verirlər. Heç olmasa evləri olsa biz onları buraya bağlaya bilərik, həvəsləndirə bilərik.

- Jurnalistlər üçün artıq üçüncü bina tikilir. Siz heç üzvləriniz və ya seçilən bəstəkarlarınız üçün belə mənzilinin tikilməsi üçün müraciət etmisiniz?

- Dəfələrlə olub. Bizə ayrı binanın tikilməsinə ümid etmirik. Bu illər ərzində çox ev almışıq. Biz yeni qəbul etdiyimiz bəstəkarların da yaşayış vəziyyətinin yaxşılaşdırmaq istəyirik. İnşallah onlar da evlə təmin olunacaqlar.

- Azərbaycanda son dövrlər yootube trendlərində bayağı mahnılar daha çox yer aldı. Bu nəyin nəticəsidir, ölkədə bəstəkarların yeni mahnılar yazmaması ilə bağlamaq olarmı?

- Hər şey təfəkkürdən asılıdır. İnsan səhər yuxudan oyanıb “vaxtımı necə dəyərləndirim” əvəzinə “vaxtımı necə öldürüm” düşünürsə, o məqsədsiz insandır, nə istədiyni bilmir. Bu kimi adamlar açır youtube-ni o videodan, o mahnıya keçə-keçə və beləcə çox vaxtını məhv edir. İnsan bütün həyatını planlaşdırmalıdır. Bir insanın ki, həyatı yotubedə keçirsə, facebookda əylənirsə heç onda başı normal şeylərə yönələ bilməz.

- Siz özünüz sosial şəbəkələrdən istifadə etmirsiniz?

- Çox az. Oğlum “facebook” hesabıma nəzarət edir. Hansısa məşhur insan müraciət edibsə, mənimlə əlaqə saxlayır və o mesaja baxmağımı bildirir. Bəzi vaxt elə özü cavablandırır, mən heç çox da maraqlanmıram. Həyat çox qısadır.

- Bəs məlumatları haradan alırsınız?

- İnternetdən, qəzetdən... Tez bir zamanda qəzetlərə göz gəzdirirəm. Saytlara baxıram, ölkədə baş verən yenilikləri izləyirəm. Çox vaxt isə sərf etmirəm. Hansısa müğənni televiziyadan deyir ki, “sabahın xeyir, Azərbaycan xalqı”.  Bu mənə gülməli gəlir. Sən öz işinlə məşğul ol, bir fayda ver. Alverlə heç nə olmayacaq. Müasir düşüncə artıq bunu tələb etmir.

- Müğənnilər sizə müraciət edirmi?

- Yox, etmirlər. Onların səviyyəsi hələ bu dərəcəyə çatmayıb. Demək istəmirəm ki, biz  onlardan yaxşıyıq və ya əksinə. Sözüm odur ki, bizim yetərincə mahnı baqajımız var. Bizim məşhur bəstəkarlarımız var: Tofiq Quliyev, Rauf  Hacıyev və s. Bizə bəlkə ehtiyacları yoxdur. Zorla heç nə olmaz.

- Son günlər  bir neçə yaşlı məmurlar istefa verdilər. Siz də uzun müddətdir ki, Bəstəkarlar İttifaqına sədrlik edirsiniz. İstefa vermək, çəkilib məsuliyyətdən uzaq durmaq istəyiniz olubmu?

- Mən namizədliyimi özüm verməmişəm. Hesabat məruzəm oldu. İnsanlar özləri mənim İttifaqa sədr kimi davam etməmi istədilər. Heç bir basqım olmayıb. Mən yaltaqlığı da sevmirəm. Burada olan üzvlərdən də soruşa bilərsiniz, heç birinə "mənim haqqımda danışın" deyə bir söz də deməmişəm. Bizi qorumaq lazımdır. Simfoniya, opera yazanları qorumaq lazımdır. Biz də olmayacağıq. Savadsız kütlə çoxdur. Soruşursan "Qara Qarayev kimdir?". Deyir ki, "indicə Qarayev metrosunda idik".. "Üzeyir kimdir" deyəndə, "yotubedə ona qulaq asıram" söyləyir. Təbii ki, dahi Üzeyiri demir. Mən bunları eşidəndə istəyirəm, özümü öldürüm ( gülür).