"Beyin mərkəzləri və ekspertlər birgə fəaliyyət göstərməlidir" - Fərid Şəfiyev

14:22 18.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda, o cümlədən beynəlxalq münasibətlər sahəsi üzrə siyasətçilər və ekspertlər şəbəkəsinin yaradılması məsələsi ilə bağlı dəyirmi masa təşkil edib.

Hafta.az yazır ki, çıxışı zamanı BMTM-in sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı barədə danışıb. Bildirib ki, bu çıxış ölkənin beyin mərkəzləri qarşısında bir sıra öhdəliklər qoyur. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması üçün beyin mərkəzləri və ekspertlər birgə fəaliyyət göstərməlidir. Bu istiqamətdə Fərid Şəfiyev BMTM nəzdində beynəlxalq münasibətlər üzrə ekspertlərdən ibarət şəbəkənin yaradılmasını təklif edib. O bildirib ki, şəbəkənin məqsədi ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə fəaliyyət göstərmək, müəyyən əlaqələndirmə mexanizmi yaratmaq, Azərbaycanın xarici siyasət gündəmində olan digər məsələlələ bağlı müzakirələr aparmaqdır.

Fərid Şəfiyev əlavə edib ki, şəbəkəyə həm alimlər, həm media nümayəndələri, həm də dövlət qurumlarının təmsilçilərini daxil etmək nəzərdə tutulur: “Mərkəz olaraq bir sıra təhsil ocaqları ilə əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycanla bağlı xaricdə məqalələrin çapı, araşdırmaların aparılması yetəri qədər həyata keçirilmir. Bununla bağlı bir sıra standartlar mövcuddur. Bu istiqamətdə təhsil ocaqları ilə birgə seminar təşkil etmək, birgə hədəflərimizi müəyyənləşdirmək planımızın bir hissəsidir. BMTM əməkdaşlığa açıq platformadır”.  

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev ölkə başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışına toxunaraq bildirib ki, bu çıxış Dağlıq Qarabağ məsələsinin daim Azərbaycan gündəmində olduğunun və icma nümayəndələrinin tezliklə öz torpaqlarına qayıdacağı günü gözlədiyinin göstəricisidir. Tural Gəncəliyev Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırlması istiqamətində aparılan informasiya müharibəsində daha fəal iştirak etmənin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ekspertlər şəbəkəsinin yaradılması icmanın fəaliyyətinə də müsbət təsir edəcək.

Daha sonra şəbəkənin qurulması ilə bağlı müzakirələr aparılıb. Çıxış edən qonaqlar şəbəkənin davamı olması və koordinasiyası ilə bağlı təkliflər səsləndirib. Dağlıq Qarabağ və xarici siyasət gündəminin digər məsələləri ilə bağlı faktlara əsaslanan məlumatların beynəlxalq mediaya və elmi nəşrlərə çıxarılması məsələsinin vacibliyi qeyd olunub. 

Siyasət rubrikasından digər xəbərlər