"Birgə bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib” – Pərvin Kərimzadə

16:55 17.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradacaq. İlk dəfə olaraq Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının birliyinin daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı oldu”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi: “Oktyabrın 15-də Türkdilli Dövlətlərin rəhbərləri Bakıda bir araya gələrək, regionun bugünkü reallıqlarını, gələcək istiqamətlərini müzakirə etdilər. Təməli 10 il əvvəl - 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü türkdilli ölkələr arasında iqtisadi əlaqələrə, kiçik və orta sahibkarlığa həsr edildi”.

Pərvin Kərimzadənin fikrincə ötən 10 il ərzində türkdilli ölkələr arasında təhsil, elm və mədəniyyət, nəqliyyat, turizm, media və informasiya sahələrində imzalanan əməkdaşlıq sazişləri, birgə verilən bəyanatlar türkdilli dövlətlərin birliyini bir daha nümayiş etdirib: “Türkdilli dövlətlərin ortaq mövqeyi, dostluq, qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə daha da güclənməsi quruma üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə hər zaman yeni töhfələr verib”.

Siyasət rubrikasından digər xəbərlər