"Biznes obiyektlərinin sığortalanması məcburi olmalıdır"- Müsahibə

11:51 11.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər iri ticarət obiyektlərinin yanması halları artıq dəb halını alıb. “Diqlas”, “X-Lady” və dünən də “EuroHome” tikinti bazarı yanaraq külə döndü. Zərərçəkmiş şəxslər də sığortalarının olmamasında görə narahatdılar. Araşdırmalardan məlum olur ki, bu kimi obiyektlərin sığortası yoxdur. Mövzunun aktuallığını nəzərə alaraq iqtisadçı alim Vüqar Bayramovla söhbətləşdik. Hafta.az müsahibəni təqdim edir.

- Vüqar müəllim, biz hər dəfə sığorta məsələsi ilə bağlı müraciət edirik, müzakirələr yalnız bir neçə gün çəkir və hər şey unudulur. Yenidən forsmajor hallar baş verir və hadisə ilə əlaqədar olaraq mövzu aktuallaşır. Niyə ölkədə sığorta məsələsi öz həllini tapa bilmir?

- Bu haqda əvvəlki dövrlərdə də qeyd etmişəm ki, biznes obiyektlərinin sığortalanması məcburi olmalıdır. Yəni icbari xarakter daşımalıdır. Praktiki olaraq son ildə baş verən yanğınlardan sonra görünən odur ki, obiyekt sahibləri sığorta məsələsində maraqlı deyillər. Baxmayaraq ki, yanğınlar, təbii fəlakətlər baş verir. Baş verdikdən sonra da bu məsələ gündəmə gəlir, müzakirə olunur. Müəyyən müddətdən sonra isə sakitlik hökm sürür. Qanunvericilik tələbi ilə biznes obiyektlərinin icbari sığortalanmasına ehtiyac var. Nəzərə alsaq ki, bir tərəfdən təhlükəsizlik qaydalarının gözlənilməməsi halları var. Baş verən yanğınları qiymətləndirdikdə məlum olur ki, səbəb təhlükəsizlik qaydalarının yetərli olmamasıdır. Bütün hallarda hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq əmlakın, biznesin sığortalanmasına ehtiyac var. Bu gün Azərbaycanda bir çox şəxslər öz əmlakını sığortalamayıblar. Onlar uzun müddət ərzində qazandıqları vəsaiti bir gündə itirə bilirlər. Amma, sığortalansaydı, sığorta şirkətləri o ziyanı aradan qaldıracaqdı.

- Siz bununla bağlı aidiyyatı orqanlara, hökumətə təkliflərlə vermisinizmi?

- Bununla bağlı hökumətə təkliflər də vermişik. Müzakirələr etmişik. Hər dəfə də mövzu aktuallaşanda fikir bildiririk.

- Biznes sahiblərini əmlakını sığorta etmələri üçün necə sövq etmək olar?

- Bunun ən effektiv yolu icbari xarakter almasıdır. İcbari sığorta tətbiq olunsa o zaman biznes sahibləri də məcburi şəkildə əmlaklarını sığorta etdirəcəklər. Anomal hadisələr baş verəndə onların bizneslərində iştirakçı olan şəxslər də zərər çəkməyəcək. Məlumatlandırma və digər kampaniyalar aparılmalıdır.

- Maarifləndirmə işləri bu gün kifayət qədərdimi?

-Maarifləndirmə işləri az deyil. Burada sığorta sisteminə inamın az olması da problem yarada bilər. Maarifləndirmə işləri mütamadi aparılır, müzakirə olunur. Burada məsələ ondan ibarətdir ki, əvvəl dediyim kimi icbarilik təmin olunmalıdır. Sığorta sektoruna inamın artırılması üçün də işlər görülməlidir.

- Dünya praktikası bu məsələdə necədir?

- Biznes sahibi sığortadan istifadə etməlidir. Bunun üçün xüsusi bir praktikaya ehtiyac da yoxdur. Sığortadan istifadə etmək dəymiş ziyanın aradan qaldırılması deməkdir. Bu baxımdan da sığorta ənənəsi yaranmasına ehtiyac var. Bütün inkişaf etmiş ölkələr birmənalı şəkildə sığortadan istifadə edir.