"Blinkenlər, makronlar izn vermədilər" - Sahib Alıyev

16:38 17.01.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Bayden adminstrasiyasının Ermənistanla de-fakto strateji tərəfdaşlığı de-yureləşdirməsi  və İrəvanda Avropa Birliyinə üzvlüyə  "hazırlıq" tədbirləri bir-birinə bağlı məsələlərdir. Nikol Paşinyana bu haqda təlimat  ötən il 5 apreldə Brüsseldə keçirilən üçtərəfli görüşdə verilib. Yəni nə Avropa Birliyinə üzvlüklə bağlı Ermənistan hökumətinin qərarı, nə də ABŞ ilə bu strateji tərəfdaşlıq anlaşması haylarlıq məsələdir. Onlar sadəcə verilən təlimata uyğun hərəkət edirlər".

Bunu hafta.az-a deputat Sahib Alıyev bildirib.

O,  eyni zamanda Baden administrasiyasının belə bir anlaşmayla guya Trampla komandasını fakt qarşısında qoymağa çalışdığı haqda deyilənləri bölüşmədiyini deyib.

"Ermənistanla bu anlaşma da, Bayden-Blinken cütlüyünün Ukraynaya yanaşmada atdıqları son addımlar da, Trampı çətin vəziyyətə salmağa yox, onun manevr imkanlarını artırmağa, gələcək sövdələşmələrdə əlini güclü etməyə hesablanıb.

 ABŞ-də administrasiyalarının dəyişməsi zamanı belə razılaşdırılmış addımlar az atılmayıb. Amma bu, heç də Trampın da bizim regiona yanaşmada Baydencəsinə davranacağı demək deyil.

Deputat hesab edir ki,  ABŞ-dəki hay faktoru, yaxud  Ermənistandakı sorosçuların qərbpərəstlik dozalarını artırıb-azaltmaları yox, qlobal və regional müstəvidə proseslərin hansı yöndə gedəcəyi,  bizim ABŞ-nin yeni rəhbərliyi ilə  aparacağımız danışıqlar burada öz sözünü deyəcək.

"Özləri də bunu bildikləri üçün Ermənistanda Azərbaycanın Minsk qrupunu buraxmaq təklifinin "nəzərdən keçirildiyini"  deyirlər. Halbuki, bu təklif Paşinyan "Qarabağ Azərbaycandır"  deyən gün nəzərdən keçirilməli və indiyədək qərar qəbul edilməl idi. Blinkenlər,  makronlar izn vermədilər. İndi də haylar bu "nəzərdən keçirmək"  formulunu Tramp adminstrasiyasının bizim regionla bağlı mövqeyi konkretləşənədək vaxt uzatmaq üçün ortaya atıblar. Əgər  düşünürlərsə ki, ABŞ ilə strateji tərəfdaşlıq onları bütün təhlükələrdən hifz edəcək, onda özlərindən əvvəl eyni anlaşmanı imzalayan bəzi dövlətlərin üzləşdikləri reallıqları yada salsınlar. Onlar elə də uzaqda yerləşmirlər".