"Dövlət köhnə maşınları alıb, vətəndaşlara yenisini güzəştlə verə bilər" - Müzakirə

15:41 13.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanları yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır.

Bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsümlardan azad etmək yaxşı olar: “Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmizdə tətbiq edə bilərik.  Günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir: “Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.

Deputatın bu təklifinə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun isə məsələyə yanaşması belə oldu:

“Birmənalı şəkildə istismara yaramayan avtomobil dövriyyədən çıxarılmalıdır. Bu o deməkdir ki, istismara yaramırsa deməli yol hərəkəti təhlükəsizliyi üçün bilavasitə təhlükə yaradan bir elementdir. Eləcə də ekologiya üçün zərərlidir. Onun texniki baxış zamanı istismara yararsız qərarı çıxarılırsa, təbii ki, istifadə olunması qadağan edilməlidir. Təcrübə göstərir ki, Bakı şəhərində bu kimi avtomobillərin sayı kifayət qədərdir. Texniki cəhətdən yararlıdırsa, xarici görkəmi yararsız olsa belə onu dövriyyədən çıxarmaq çətin məsələdir. Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqrama əsasən, Nazirlər Kabineti  İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə 2019-2020-cu illərdə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir. Belə olan təqdirdə müəyyən məqsədlər üçün istifadə olunan, ama istismara yararsız avtomobillər utilizasiya proqramına cəlb oluna bilərlər. Vətəndaşlar utilizasiyadan əldə etdikləri gəlirlə normal avtomobillər ala bilərlər”.

İqtisadçı İlham Əzizov isə hesab edir ki, yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il proqramı hazırlanıb, proqramda bu məsələyə toxunulub:

“Belə ki, istismar dövrü keçmiş, yararsız vəziyyətə düşmüş avtomobillərin sıradan çıxarılması sənəddə öz əksini tapıb. Məsələ ondan ibarətdir ki, sovet dövrü istehsalı maşınlar vardır. Onlar hələ də istifadədirlər. Onlara təkər üstündə metal yığımı deyirlər. Əhalinin aşağı təminatlı təbəqəsi həmin maşınlardan bir vasitə kimi istifadə edirlər. Bu təhlükəli tendensiyadır, bunun qarşısı alınmalıdır. Həmin proqramda bu avtomobillərin sıradan çıxarılması məsələsi qoyulub. Sovet maşınlarının istismardan çıxarılması əhali üçün nə qədər xeyir, nə qədər zərərli olması dövlət məsələsidir. Bu vəziyyətdən çıxmaq üçün dövlət müxtəlif addımlar ata bilər. Məsələn, dövlət əhalidə olan Sovet istehsalı olan, istismar müddətini başa vurmuş maşınları alıb, yerinə müasir tipli maşınları güzəştli verə bilər. Normal halda bunları etmədən, əhalinin əlində olan standartlara cavab verməyən maşını da almaq qeyri-qanunidir”.