"Dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir" - Antonio Quterreş

12:05 14.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Diabetlə Mübarizə günü ilə əlaqədar dünya əhalsiinə müraciət ünvanlayıb.

Hafta.az yazır ki, müraciətdə 420 milyondan çox insanın diabetdən əziyyət çəkdiyi vurğulanır. Bildirilir ki, müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır. Bundan əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.

"Diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına kölgə salır, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur qoyur. 2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdə bir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr, bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar" deyilən müraciətdə əlavə olunur ki, xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də 2030-cu ilə qədər Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatına nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.

"Ümumdünya Diabetlə Mübarizə Günündə, diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm", - Baş katib müraciətini tamamlayır.