"Elmira Qafarovanın nəvəsi Mikayıl bilsəydi ki, onun belə bir bibisi var…"

20:00 16.07.2015
Yazını böyüt
Yazını kiçilt

Son günlər bəzi internet-saytlarında 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin sədri olmuş Elmira Qafarovanın qızı kimi təqdim edən, sənəddə İnayət Həşim qızı Hüseynova gedən, əslində isə İnayət Fuad qızı Qafarova olduğunu iddia edən səfalət içində yaşayan bir qadının müsahibələri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün 3 ilə yaxın Elmira Qafarovanın müşaviri kimi çalşmış Cahangir Nəcəfovla əlaqə saxladıq…

- Mən bu müsahibələri xəstə təxəyyülün məhsulu hesab edirəm. Neçə illər rəhmətlik Elmira xanımla işləmiş, həyat yoldaşı, ailəsi, övladları ilə yaxından tanış olan bir adam kimi onun İnayət adında qızını tanımamışam. Onun iki övladı, qızı və oğlu olub: Oqtay və Gülnarə. Təxminən 1994-cü ildə digər 3 nəfərlə birgə getdikləri avtomobil qatarla toqquşduğundan Oqtay faciəli şəkildə həlak oldu. Ancaq Gülnarə hazırda doğrudan da Parisdə yaşayır.
- Cahangir müəllim, axı həmin qadın Elmira xanım haqqında çox məlumatlar səsləndirir və xeylisi həqiqətə uyğundur...
- Yəqin kimlərdənsə soruşub. İkincisi də, Elmira xanım nəinki Azərbaycanda, Moskvada tanınmış bir adam olub. Azərbaycan xalqı qarşısında böyük xidmətləri olub. 20 Yanvar faciəsi zamanı onun verdiyi sovet dövrü üçün çox sərt bəyanat, Kirovabadın tarixi adının - Gəncənin bərpa edilməsi, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi və s. hamısı onun xidmətləridir.
- O, Zeynəb Xanlarova ilə ailəlikcə yaxın olduqlarını söyləyir...
- Zeynəb Xanlarova Elmira xanımgilə gələ bilərdi. Bilirsiz, bu yazığın vəziyyəti pisdir. Kimdənsə bu məlumatları toplayıb. Və kimsə ağlına salıb ki, bu məsələni at ortalığa, sənə ev, iş verərlər. Deyir ki, Elmira xanımın yoldaşı Fuad Qafarov idi. Jurnalist də bunu olduğu kimi yazır. Axı Fuad müəllimin soyadı Salamov idi, Şamaxıda böyük, tanınmış bir nəsildən idi. Onu da deyim ki, Elmira xanımın oğlundan iki nəvəsi qalıb: Mikayıl və Aydan. Mikayıl Elmira xanımın atasının adıdır. Hər ikisi çox mədəni, mərifətli övladlardır. Aydan artıq ailə qurub, övladı da var. Və sizə dəqiq deyirəm ki, Mikayıl bilsəydi ki, onun belə bir bibisi var, mütləq onu tapar, ona qayğı göstərərdi. Çünki Mikayılın necə qohumcanlı olduğunu yaxşı bilirəm. Bunu rəhmətlik qayınatası-xalq artisti Afaq Məlikovanın həyat yoldaşı Məlik də demişdi.
- Ola bilər ki, siz Elmira xanımı tanımadığınız illərdə həqiqətən o, qızını götürüb Ədilə Hüseynova adlı bacısına, yaxud qohumuna övladlığa verib...
- Bildiyimə görə, Elmira xanımın heç bacısı olmayıb. Onlar iki övlad olublar. Elmira xanımın bircə qardaşı olub: Tofiq Qafarov - BDU-nun hüquq fakültəsində professor idi. Rəhmətə gedib. Amma Ədilə Hüseynova ad-soyadlı şəxsi mən tanımışam. O, əvvəlcə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini işləyib. Sonra isə parlamentdə işləyirdi və çox savadlı, bilikli qadın idi. Bildiyimə görə, o, Elmira xanımın yalnız uzaq qohumu ola bilərdi. Bilirsiz, təəssüf ki, yalnız sensasiya xatirinə yazan jurnalistlər də var, faktı dəqiqləşdirməmiş, kim nə dedi, götürüb yazırlar. Ola bilər ki, saytı populyarlaşdırmaq üçün hətta bu məsələni özləri də quraşdırsınlar.
Bircə dəqiqə bağışlayın. (Cahangir müəllim parlamentin kadrlar departamentinin rəisi İlqar Fərzəliyevlə əlaqə saxlayıb ondan Ədilə Hüseynovanın orada işləyib-işləmədiyini öyrənir. Məlum olur ki, Ədilə Hüseynova həqiqətən parlamentdə çalışıb, 5 il öncə pensiyaya çıxıb, ancaq həyatda olub-olmaması haqda məlumat yoxdur).
- Bəs Ədilə Hüseynovann bacısı Murnisə və Kifayəti tanımırsız ki?
- Xeyir, elə şəxsləri tanımıram. Mən bir məsələni də deyim. Həmin İnayət deyir ki, onu 12 yaşında maşın vurub, beyni silkələnib. Nəticədə onu psixiatriya xəstəxanasına qoyublar. 1982-ci ildə mən Ali Sovetdə şöbə müdirinin müavini idim. Yəni, ən azı, hökumət telefonum, kifayət qədər əlaqələrim var idi. Ola bilməzdi ki, Elmira xanımın qızını avtomobil vursun və biz bu haqda məlumat eşitməyək.
- Ola bilər ki, bunu körpəlikdən verdikləri və sənəddə soyadının, atasının adının dəyişdirildiyi üçün onun Elmira Qafarovanın qızı olması haqqında məlumat yayılmayıb...
- Mən onu da deyim ki, Elmira xanımın ailəsi müasir, Avropa tipli ailə olduğu üçün öz övladlarına İnayət tipli ad qoyacaqlarına inanmıram.
- Bəs Elmira xanımın guya 1990-cı ildə Rəşid Behbudovla birgə zəhərləndikdən sonra xərçəngə tutulub vəfat etməsi barədə nə deyə bilərsiz?
- Elmira xanım həqiqətən neçə illər xərçəng xəstəsi olub, müalicə ilə yaşayırdı. Amma 1993-cü ildə ürək çatışmazlığından vəfat etdi. Həmin qadın isə deyir ki, guya Elmira xanımı 1990-cı ildə Rəşid Behbudovla birgə zəhərləyiblər. Halbuki bunu jurnalist də bilməliydi ki, Rəşid 1989-cu ildə vəfat edib. Göründüyü kimi, bu məlumat da yalandır.
- Elmira xanımın "qızı" onu da deyir ki, guya "anası"nın ölümündən sonra atası (?) Fuad Salamovu Qocalar evinə qoyublar.
- Bu da ağ yalandır. Dəqiq bilirəm ki, Fuad Salamov rəhmətə gedənədək qızı Gülnar Bakıda yanında yaşayıb.
Ümumiyyətlə, maraqlıdır ki, son vaxtlar Elmira Qafarova ilə bağlı belə məlumatlar çox səslənir. Məsələn, bu ilin aprel ayında saytlardan biri "Elmira Qafarovanın oğlu haradadır" başlıqlı yazı vermişdi. Məlum olurdu ki, guya mərhum spikerin iki oğlu olub, ancaq o birisi yaşayır və harada olduğu məlum deyil...

Oxunma sayı