"Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək" - Hulusi Kılıç

15:36 28.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Fevralın 9-da Azərbaycan parlamentinə seçkilərin keçirilməsi cəmiyyətin sifarişidir. Ölkədə aparılan islahatların tərkib hissəsi olan bu proses uzaq hədəflərə hesablanmış strategiyadır". Hafta.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Hulusi Kılıç deyib ki, demokratik cəmiyyətlərdə islahatlar davamlı və təxirəsalınmaz prosesdir: "Prezident İlham Əliyevin dövlət və hökumət strukturlarında apardığı əsaslı islahatlar rəğbətlə qarşılanır. Siyasi plüralizm, söz və mətbuat azadlığı mövcud olan ölkələrdə cəmiyyət hər zaman yeniliklərin tətbiq olunmasını istəyir. Azərbaycan Milli Məclisi böyük bir inkişaf yolu keçmiş qanunverici orqandır. Ötən il yüz yaşını qeyd edən parlament bir əsrlik fəaliyyətində tarixi missiya həyata keçirib. Ümummilli lider Heydər Əliyevin sədrliyi dövründə Milli Məclis müstəqilliyini bərpa edən Azərbaycan dövlətini təlatümlərdən qurtarmaq yolunda qətiyyətli addımlar atıb. Azərbaycanda Milli Məclisin buraxılması və yeni seçkilərin keçirilməsi bir tərəfdən ölkədəki demokratiyanın göstəricisidirsə, digər tərəfdən islahatların zəruriliyinin cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməsinin sübutudur. Sevindiricidir ki, parlament seçkilərində namizədlər arasında yüksək intellektli, bacarıqlı gənclər üstünlük təşkil edir. Bu da onu deməyə əsas verir ki, yeni tərkibli parlament cəmiyyətin gözləntilərinə uğurla cavab verəcək".

Sabiq səfir əminliklə bildirib ki, 9 fevral seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək.

Oxunma sayı 28
Siyasət rubrikasından digər xəbərlər