"Gələcəkdə də daim daha güclü mövqedə olacağıq" - DEPUTAT AÇIQLADI

12:35 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"27 sentyabrda Azərbaycanın Vətən müharibəsi başladı. Bu tarix Şanlı zəfərin ilk addımı oldu. Eyni zamanda bu təqvim Azərbaycanın hansı tarixi mərhələdən keçdiyini göstərdi. Yəni, Vətən uğrunda mübarizənin tarixi dünəndən başlamır. Daha əvvəllərdən bu ruh bizdə olub. Bu təqvim açıqca bunu göstərdi". Bu sözləri hafta.az-a açıqlamasında deputat Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, 44 gün ərzində gedən bu müharibə Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda göstərdiyi dəyanəti, Azərbaycan ordusunun qüdrətini, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın yüksək təşkilatçılıq qabiliyyətini və bizim xalqımızın mütəşəkkilliyini göstərdi.

Nizami Cəfərov bu haqda fikrini belə izah edib: "Bunlar elə məsələlərdir ki, bunlarsız qələbə qazanmaq mümkün deyil. Uzun illər keçəcək, amma bu qələbə və zəfər günləri həmişə Azərbaycanda da, bütün dünyada da xatırlanacaq. Dərsliklərə düşəcək. Necə ki, artıq bizim orta məktəblərimizdə ilk dərs məhz Qarabağ Azərbaycanındır adı altında keçirilir. Eyni zamanda Ali Baş Komandanın həm 44 günlük müharibəyə hazırlıq ərəfəsində, həm müharibə günlərində, həm də müharibədən sonrakı dövrlərdə həm ölkədə, həm ölkədən xaricdə müxtəlif mətbuat orqanlarında, eləcə də, ayrı-ayrı cəmiyyətlərdə, görüşlərdə dünyaya verdiyi mesajlar, yəni bunlar elə mənbələrdir ki, Azərbaycanın Vətən müharibəsinin xarakterini, səbəblərini, nəticələrini və bu səbəblərdən və nəticələrdən irəli gələn müxtəlif məqsədlərini ən obyektiv qaydada izah edir. Ona görə də, biz bu mənbələrə daima arxalanacağıq. Bu mənbələr hər biri elmi intellektual baxımdan tarixi hadisələrin fəsləfəsini aydınlaşdırmaq baxımdan, bizim maraqların mahiyyətini izah etmək baxımdan əhəmiyyətlidir. Həm də eyni zamanda bütövlükdə bir xalqın öz mənliyini qoruması, bir xalqın öz dövlətinin daim keşiyində durması onun ən ali səciyyəsini göstərir. Yəni 27 sentyabrdan 8 noyabra qədər, yəni qələbə gününə qədər, Şuşanın düşməndən azad olunana qədər keçən bu günlər zəngin bir tarixdir. Hər günü, saatı bu dövrün qiymətlidir. Əlbəttə, bizim üçün bu tarix qürur mənbəyidir.

Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə həll etdi. Belə olmasaydı beynəlxalq aləmdən də kömək ala bilməzdik. Yəni beynəlxalq aləmin bizə göstərdiyi aktiv və ya passiv köməyin də birinci şərti Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan xalqının iradəsidir. Azərbaycan Prezidentinin, Ali Baş Komandanın qüdrətinin göstəricisidir. Təbii ki, bu məqamda Türkiyənin qardaşlıq köməyini xüsusi qeyd edirik. Bu da ümumiyyətlə, türk dünyasında son zamanlar birlik ideyalarının yayılmasından, strateji maraqların bir nöqtədə birləşməsindən irəli gəlir. Başqa bir cəhətdə var ki, 27 sentyabr təqvimi tariximizə bu mənada işıq salır ki, biz təxminən 19-cu əsrdən bəri öz ərazilərimizin miqyasını müəyyənləşdirərkən, coğrafiyamızın hüdudlarını müəyyənləşdirməyə çalışarkən göstərdiyimiz bütün cəhdlərə baxmayaraq hər dəfə ərazilərimiz itdi. Amma indi 21-ci əsrdə öz ərazimizi bütövləşdirmək istiqamətində nəhəng bir addım atdıq. Belə bir hadisə yeni tarixdə heç vaxt baş verməyib. Buna görə də, tariximizə daha qürurla baxacayıq və gələcəkdə də daim daha güclü mövqedə olacağıq".

Oxunma sayı 16
Siyasət rubrikasından digər xəbərlər