XİN başçısı Çavuşoğlu ilə görüşüb

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu ilə görüş keçirib. Ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini bildirib. M.Çavuşoğlu Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb və bu forumun multikulturalizmin inkişafına böyük töhfə verəcəyinə əminlik bildirib. O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞ PA tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Xarici işlər naziri E.Məmmədyarov həmçinin Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan YUNESKO-nun baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib. Nazir Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulayıb və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.
Azad