"Kirayə mənzillərlə bağlı təklif olunan qiymətlər çox yüksəkdir"- Ekspert 

12:04 21.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlandı. Mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Lakin kirayə mənzillər layihəsi gözlənilən qədər əlçatan olmadı. Aylıq ödənişlərin eləcə də ilkin ödənişlərin yüksək olması artıq müzakirə mövzusuna çevrilib. İpoteka Kredit və Zəmanəd Fondu qiymət və şərtləri açıqladı. Görünən odur ki, ənənəvi ipoteka şərtləri ilə eyniləşdirilib və əlçatanlıq demək olar ki, düşünülməyib. Niyə bu qədər qiymətlər yüksək oldu?

Sualımızı hafta.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, əslində kirayə evlər sosial bir layihə kimi nəzərdə tutulmuşdu və elanlarda da bu elə əks olunurdu:

"Fondun yekunlaşmış işlərindən sonra, açıqladığı rəqəmlərə baxanda məlum olur ki, heç sosial layihə kimi nəzərdə tutulmayıbmış. Bunun bir neçə səbəbi var. İlkin səbəb deyə bilərəm ki, fond bildirmişdi ki, faiz hesabalanmayacaq. Lakin faizlər öncədən hesablanıb və qiymətin üzərinə gəliblər. Bu gün real bazar qiymətindən üç-dörd dəfə qiymətlər yüksək hesablanıb. Aylıq ödənişlərin, ilkin ödənişlərin həcmi kifayət qədər çoxdur. Mənzillərin sayının da az olması gənc ailələrin kirayə mənzillərdən ilkin variantda yararlanması çox aşağı olacaq. Bu sosial layihə baş tutmamış bir layihə sayılır. Dövlətin əlində qalan mənzillərinin satılması kimi düşünmək olar. Bundan başqa müqavilələrin bağlanmasında forsmajor hallar yaranır. Müştərilərin üzərinə bir çox məsuliyyətlər qoyulur. Məsələn, sabah devalivasiya olarsa, manatın dəyərdən düşməsi baş versə yenidən dəyərləndiriləcək. Bu qiymətlər fiksə olunmuş qiymətlər deyil".

Kirayə bazarında mənzillərin qiyməti ünvana görə dəyişirdi. Mərkəzdən kənar yerlərdə qiymətlər ucuz təklif olunurdu. Kirayə mənzillərdə isə fərq qoyulmayıb. Sumqayıt, Xırdalan və Bakı şəhərində təklif olunan mənzillər üçün bir kvadrat 1864 manat civarında təklif olunur.

Ekspert bildirdi ki, əslində bu qayda tətbiq olunmamalı idi, heç bir araşdırma aparılmayıb:

"İnsanların təxmin edə biləcəkləri yanaşmalar ortaya qoymayıblar. Satış və qazanc əldə etmə layihəsi olmamalı idi. İmkansız ailələr, gənclər, mənzilə daha çox ehtiyacı olan maddi imkanı aşağı olan insanlar bundan rahatlıqla yararlana bilməli idilər. Yəni bu ideyanın kökündə o dururdu ki, imkansız ailələrə dövlət dəstəyidir. Ancaq ciddi bir araşdırma iqtisadi əsaslandırma, bazar qiymətləri ilə uyğunlaşdırılma aparılsaydı fərqli qiymətləri görəcəkdik. Təəssüf ki, bu, baş vermədi".

Ekspert həmçinin dünya təcrübəsi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Dediyinə görə, dünya təcrübəsində bu yanaşma yoxdur və əlçatanlıq üçün müxtəlif rakurslar nəzərə alınır:

"Əslində bunlar belə etməli deyildi. Xarici ölkələrin təcrübəsini öyrənilməli idilər. Türkiyə təcrübəsi çox maraqlıdır.  Türkiyə təcrübəsində dövlətin özü tikdiyi mənzillər daha ucuz təklif olunur. Onlarda “Tokio” adlı bir idarə var. Onların təklif etdiyi mənzillərin qiyməti Azərbaycan manatına çevirəndə təxminən 250 AZN edir. İnsanlar mənzil sahibi olurlar. Bu günə qədər bu layihə ilə 70 faiz ailə yararlana bilib".

Oxunma sayı 50
Sosial rubrikasından digər xəbərlər