Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman “Al Arabiya” telekanalına müsahibəsində neft hasilatının azaldılması qərarının ehtiyat xarakterli olduğunu bildirib. "Bazarda aydınlıq və sabitlik görmədikcə, biz hedcinq etməyə davam edəcəyik və missiyamız neft bazarına sabitlik üçün aydın məlumatlar verməkdir" deyib.
Hafta.az-ın yazdığına görə, şahzadə Əbdüləziz müstəqil qurumların OPEC+ ölkələri ilə 2024-cü ildə hasilatı qiymətləndirmək üçün işləyəcəklərinə diqqət çəkərək bildirib ki, müstəqil qurumlar OPEC+-da hasilat məlumatları ilə bağlı əvvəlki mübahisələrə son verəcək.
Rusiyanın məlumatlarına gəlincə, şahzadə Əbdüləziz, "Rusiya ilə bu ölkənin hasilatı məsələsini müzakirə edərək ondan məlumatlarını dəqiqləşdirməsini istədik və Rusiya ilə neft hasilatı rəqəmləri ilə bağlı şəffaflıq konsepsiyasını gücləndirdik" deyib.
Bazar günü OPEC+ koalisiyasının iclasından sonra keçirilən mətbuat konfransında nazir bazar günü əldə olunan OPEC+ razılaşmasının görünməmiş olduğunu və hər bir ölkənin istehsal gücünü yoxlamaq üçün müstəqil qurumlara həvalə ediləcəyini bildirib.
O, OPEK-in iclasının konstruktiv keçdiyini və neft bazarlarının sabitliyinə töhfə verdiyini vurğulayıb. “Son tədbirlər neft üçün yetkin bir mərkəzi bank kimi bizim məsuliyyətimizi əks etdirir. Biz dünyaya sübut etmək istəyirik ki, neft bazarını sabitləşdirmək üçün alətlərimiz var və qərarımız bazarların sabitliyini gücləndirməyə kömək edir, dəyişkənliyin qarşısını alır. Çünki bazarların sabitliyi bizim üçün çox vacibdir. Gələn il tədarükdən narahat deyilik. Biz konkret neft qiymətlərini hədəf almırıq, əksinə, bazardakı volatilliyi azaltmağı hədəfləyirik”, - deyə nazir Rusiyanın neft hasilatı ilə bağlı öhdəliklərinə sadiq qaldığını vurğulayıb.
Şahzadə Əbdüləziz Səudiyyə - Amerika münasibətləri ilə bağlı deyib: “ABŞ-la əlaqələrimiz 80 ildir ki, davam edir və biz daha çox əməkdaşlığa ümid edirik”, - deyə o bildirib.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), OPEC+ qrupunun bazar günü keçirdiyi iclasda blokun hasilat səviyyəsini 2024-cü ilin yanvarından başlayaraq bir il müddətinə sutkada 40,4 milyon barrelə çatdırmaq qərarına gəldiyini açıqlayıb.
Alyans öz saytında dərc etdiyi bəyanatda üzv ölkələr və Rusiyanın da daxil olduğu qeyri-OPEC istehsalçılarının daxil olduğu qrupun nazirlər toplantısının altı aydan bir keçirilməsi barədə razılığa gəldiyini bildirib. Bəyanatda əlavə edilib ki, OPEC+ qrupunun növbəti iclasının noyabrın 26-da Vyanada keçirilməsi barədə də razılıq əldə olunub. OPEC+ yeddi saatlıq danışıqlardan sonra hasilat siyasəti ilə bağlı razılığa gəlib və 2024-cü ildən ümumi hasilat hədəflərini daha da azaldılmasına “gündə 1,4 milyon barel) qərar verib.