"Ölkələrimiz arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur" - SƏFİR

21:12 23.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Respublika elan olunmasından 71 il ötür. Bu münasibətlə Hindistanın ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib.

Hafta.az yazır ki, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himni səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müxtəlif sahələrdə qazandığı uğurlardan, iki dövlət arasındadakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri də məhz Hindistandır.

Səfir qeyd edib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar olunub. Ondan sonrakı illər ərzində Hindistan sürətlə inkişaf edərək bəşəri dəyərlərə öz əvəzsiz töhfəsini verib.

Səfir Vanlalvavna ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.

İkitərəfli münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycanla Hindistan arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur: “Multikulturalizmə və mədəniyyətlərarası dialoqa hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu ilbəil genişlənir. Azərbaycan və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də əməkdaşlıq edir”.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov çıxış edərək bildirib ki, ölkələrimizi bir-birinə mədəni, tarixi dəyərlər bağlayır. O, Azərbaycanla Hindistanın siyasi əməkdaşlığın uğurla inkişaf etdiyini və ölkələrimizin beynəlxalq siyasi platformalarda səmərəli əlaqələr qurduqlarını diqqətə çatdırıb: “2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda Hindistana aid 230 şirkət fəaliyyət göstərir və onlar ölkəmizə ümumilikdə 1,2 milyard dollar sərmayə yatırıblar”.

Bu yerdə qeyd edək ki, Hindistan 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulsa da, ötən illər ərzində ikitərəfli əlaqələrin inkişafı yalnız beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqla kifayətlənib.

BMT-də Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan 1996 və 1999-cu illərdə Azərbaycanın lehinə səs versə də, 2000 və 2004-cü illərdə bitərəf qalıb. 2004-cü ilin sonunda Azərbaycan Hindistanda səfirliyini açıb. Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olub. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilib.

İki ölkə arasında illik iqtisadi-ticari əlaqələrin həcmi 2019-cu ildə 1 milyard dollardan çox olub ki, bunun da böyük hissəsi Azərbaycandan Hindistana satılan məhsulların payına düşür.

Siyasət rubrikasından digər xəbərlər