"Qaçqınların sayının artdığı on illik didərginlik dövrünün şahidiyik", – Filippo Qrandi

10:32 16.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cenevrədə dünyada qaçqınların durumlarına reaksiyaların transformasiyası məqsədini daşıyan üç günlük qlobal toplantı öz işinə başlayır.

Hafta.az yazır ki, qaçqınlar üzrə ilk Qlobal Forum qaçqınları, dövlət və hökumət başçılarını, BMT rəhbərlərini, beynəlxalq institutları, inkişaf təşkilatlarını, biznes liderlərini və vətəndaş cəmiyyəti nümayəndələrini, eləcə də digərlərini Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki mənzil-qərargahının yerləşdiyi Millətlər Sarayında bir araya gətirəcək.

Kosta-Rika, Efiopiya, Almaniya, Pakistan və Türkiyənin birgə təşəbbüsü ilə çağırılmış Foruma BMT QAK İsveçrə ilə birlikdə ev sahibliyi edir. Forumun məqsədi qaçqınlara və onların yaşadığı icmalara yardım üçün müxtəlif subyektlər tərəfindən yeni yanaşmaların və uzunmüddətli öhdəliklərin formalaşdırılmasından ibarətdir. Dünyada 70 milyondan artıq insan müharibə, münaqişə və təqib səbəbindən didərgin düşüb. Onların 25 milyonundan çoxu beynəlxalq sərhədləri keçən və evlərinə qayıtmaq imkanına malik olmayan qaçqınlardır.

"Qaçqınların sayının xeyli artdığı on illik didərginlik dövrünün şahidiyik", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

"Bu həftə Qaçqınlar üzrə ilk Qlobal Forumda biz diqqətimizi ona yönəltməliyik ki, qarşıdakı onillikdə səylərimiz indiyədək öyrəndiyimiz təcrübələr üzərində qurulmalı və qaçqınlara və onları qəbul etmiş ölkələrə və icmalara dəstək göstərməyə yönələn fəaliyyətlərin həyata keçirilməsinə yönəlməlidir. Bu Forum Qaçqınlar üzrə Qlobal Saziş üzrə kollektiv öhdəliklərimizə sadiqliyimizi və Dayanıqlı İnkişaf Məqsədləri arasında yer alan "heç kəs diqqətdən kənarda qalmamalıdır" məqsədinə nail olmağa yönələn səyləri dəstəklədiyimizi təsdiq etmək üçün bir fürsətdir", - F.Qrandi əlavə edib.

Qaçqınlar üzrə Qlobal Saziş hər kəsin, o cümlədən bütün səviyyələrdən olan hökumət strukturlarının, özəl sektorun, inkişaf qurumlarının və maliyyə institutlarının, vətəndaş cəmiyyətinin, dini qrupların və qaçqınların özlərinin məsuliyyəti üzərlərinə götürmələrinə və öz rollarını oynamalarına yol açır.

Gözlənilir ki, Forumda bəyan ediləcək yardımlar maliyyə, texniki və maddi yardımları; qaçqınların cəmiyyətə daha çox inteqrasiya olunmasına imkan yaradan qanunvericilik və siyasət dəyişikliklərini; yenidən məskunlaşma üçün yerləri və həll yollarının tərkib hissəsi qismində qaçqınların təhlükəsiz şəraitdə geri qayıdışlarını özündə ehtiva edəcək.

"Bizim bu kimi əlavə yardımlara ehtiyacımız var", – deyə Konqodan olan qaçqın və Forumun müştərək sponsorlarından biri Coel Hangi bildirib. "Artıq əməkdaşlığın çoxlu nümunələri var, amma qaçqınların sayı artdıqca biz daha çox insanın bizə dəstək verməsinə, daha çox hökumətlərin, şirkətlərin və icmaların qaçqınlara yardım məsuliyyətini bizimlə bölüşməsinə ehtiyac duyuruq. Məhz bu yolla biz sərbəstliyimizi və müstəqilliyimizi yenidən əldə edəcək və bizə köməyə gələnlərə bunun əvəzini verəcəyik", - C.Hangi deyib.

Üç günlük müzakirələr, xüsusi tədbirlər və yüksək səviyyəli rəsmilərin dialoqları altı əsas sahəni əhatə edəcək: vəzifə yükünün və məsuliyyətin bölüşdürülməsi mexanizmləri; təhsil; iş və maddi baxımdan təminat imkanları; enerji və infrastruktur; həll yolları; və himayə potensialı. Qaçqınlar üzrə Qlobal Sazişin mövcud durumu necə dəyişə biləcəyini əyani nümayiş etdirən bir sıra təşəbbüslərin və müsbət təcrübələrin paylaşılması üçün çoxlu imkanlar olacaq.

Forumda o da nəzərdən keçiriləcəkdir ki, humanitar və inkişaf tədbirləri biri-birini necə tamamlaya bilər. Bundan əlavə, özəl sektorun artmaqda olan mühüm rolu nəzərə alınaraq Forumda 100-dən çox şirkət və fond iştirak edəcək və iş yerləri, maliyyə və digər yardımlarla bağlı öhdəliklərini bəyan edəcəklər.

Siyasət rubrikasından digər xəbərlər