"Qazprom" Türkiyədə qaz qovşağı planını ləğv etdi

09:10 05.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın enerji şirkəti “Qazprom”un Türkiyədə Avropa üçün təbii qaz qovşağı yaratmaq planlarını dayandırdığı iddia edilir.

Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, bu qərar həm Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması, həm də Avropadakı siyasi və logistik maneələr səbəbindən verilib. Xəbərə görə, planın ləğvi “Qazprom”un Avropa bazarında öz nüfuzunu bərpa etmək ümidlərini xeyli zəiflədib.

Rusiya Avropa ilə enerji əlaqələrinin pozulmasından sonra Türkiyəni qaz ixracı üçün alternativ tranzit məntəqəsi kimi nəzərdən keçirirdi. “Şimal axını” boru kəmərlərinin istismarı dayandırıldığı üçün “Qazprom” Türkiyə üzərindən Cənubi Avropaya çıxmağı hədəfləyirdi. Lakin mənbələrə görə, aylarla davam edən qiymətləndirmədən sonra şirkət layihənin həm iqtisadi, həm də siyasi baxımdan mümkün olmadığına qərar verib.

Layihənin həyata keçirilməsini çətinləşdirən əsas amillərdən biri Türkiyənin Cənubi Avropaya kifayət qədər boru kəməri infrastrukturunun olmamasıdır. “Bloomberg” yazıb: "Bundan əlavə, Ankaranın Qazprom-a qazın marketinqində bərabər söz hüququ vermək istəməməsi Rusiya tərəfinin nəzarət gücünü məhdudlaşdırırdı. Vladimir Putinin 2024-cü ilin oktyabrında açıq şəkildə dəstəklədiyi layihə bu struktur maneələrə görə dayandırıldı. Bütün bu hadisələrin fonunda Avropa İttifaqının Rusiya qazından asılılığına son qoymaq məqsədi dayanır. Aİ-nin 2027-ci ilin sonuna kimi Rusiya qazının idxalını sıfıra endirmək strategiyası davam etsə də, “Qazprom”un Avropa bazarına qayıtması getdikcə çətinləşir”.

Xəbərə görə, layihənin ləğvi Rusiyanın enerji diplomatiyasındakı əlini zəiflədir və Türkiyənin regional enerji mərkəzi olmaq hədəfini qeyri-müəyyənliyə aparır. “Qazprom”dan hələlik rəsmi açıqlama verilməyib.