"Süni gölləri ləğv etmək doğru deyil"- Ekoloq

11:49 16.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Torpaq bir sərvətdir, torpaqların qorunması isə ərzaq təhlükəsizliyinin qarşısının alınması deməkdir. Ekoloqlar hesab edir ki, 1 qr torpağın əmələ gəlməsi üçün yüz illər lazım olur. Ancaq 1 ha torpaq sahəsini çirkləndirmək üçün bir gündən də az vaxt kifayətdir. Əkinə yararalı torpaqların çirklənməsi əsasən həddindən artıq şorlaşmanın baş verməsidir ki, bu da suvarılma və süni göllərin yaradılması kimi faktorları özündə ehtiva edir.

Məlumat üçün deyə bilərik ki, keçən illərdə süni göllərin ləğv edilməsi ilə bağlı bir sıra aidiyyatı qurumlara tapşırıqlar verilmişdir. Buna müvafiq olaraq torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 529 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.

Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb. Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb. 25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.

Süni göllərin ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılması aşkar edilib.

Mövzu ilə bağlı hafta.az-a danışan ekoloq Telman Zeynalov hesab edir ki, süni göllərin qurudulmasından daha çox, onların suyunu təmizləyib suvarılma üçün istifadə edilməsi daha məqsədəuyğun sayılardı:

“Hazırda Azərbaycanda daha çox səhralaşma prosesi gedir. Ağacların qırılması prosesi artıb. Ona görə də süni gölləri qurutmaq lazım deyil. Ağacların, bağların salınması üçün o suları təmizləyib istifadə etmək olardı. Bu da yaşıllıqların birbaşa artıılmasına çox böyük yardım edər. Maraqlıdır, o göllərin qurudulması kimin ağlına gəlib? Onu da deyim ki, balıqartırma məqsədi ilə yaradılan o göllərin heç tərkibi məlum deyil. Bizim zəhərli balığa ehtiyacımız yoxdur”.

 

Sosial rubrikasından digər xəbərlər