"Teleaparıcılıqla bərabər tərcüməçiliklə də məşğul oluram" - Ariz Tarverdiyev

16:24 13.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Teleaparıcı olmaq məsuliyyəti bir fərdin təyinatı üzrə boynuna düşən vəzifəni tələb olunan qaydalar çərçivəsində yerinə yetirmək və gördüyü işin yüzlərlə insana təsirinin nəticələrini qəbul etmək və dərk edə bilməkdir”.

Bunu hafta.az-a müsahibəsində "ATV" telekanalından tanıdığımız məşhur aparıcı, şərqşünas Ariz Tarverdiyev dedi. Müsahibəni təqdim edirik.

- Simanız, səsiniz efirdən bəllidir. İstəyərdik özünüzü istədiyiniz kimi təqdim edəsiniz?

-   Ariz Tarverdiyev, teleaparıcı, şərqşünas.

- Teleaparıcı olmaq məsuliyyəti necədir, hələ bu xəbərlərdirsə...

- Teleaparıcı olmaq məsuliyyəti bir fərdin təyinatı üzrə boynuna düşən vəzifəni  tələb olunan qaydalar çərçivəsində yerinə yetirmək və gördüyü işin yüzlərlə insana təsirinin nəticələrini qəbul etmək və dərk edə bilməkdir.

- Mənim diqqətimi çəkən isə sizin dini mahnıları bizlərə sevdirən Sami Yusiflə olan müsahibəniz oldu. Necə oldu, necə razılıq əldə etdiniz?

- Şəxsi münasibətlər sayəsində.

- Sizcə, Sami Yusif müsahibəsində olduğu qədər səmimidi, yoxsa kamera qarşısında olduğu üçün ölkəmiz haqqında ağız dolusu danışırdı?

- Məncə, səmimi idi. Ümumiyyətlə, mən hesab edirəm ki, ekran natiqin, müsahibin və ya aparıcının səmimiyyətini olduğu kimi ötürməyə qadirdir. Mənə elə gəlir sözügedən müsahibədə də bu hiss olunmuşdu. Müsahibənin böyük maraq doğurmasının əsl səbəbi də, məncə, səmimiyyət idi.

- İranlı rejissor Məcid Məcidi ilə də uğurlu müsahibəniz oldu. Bəlkə Məcidiyə dünya çapında o suallar verilməmişdi. Tanınmışlarla müsahibə etmək zövq məsələsidir, yoxsa iş üçün məcburiyyət?

- Məcburiyyət anlayışı doğru deyil. Sadəcə, tamaşaçının tələbini, müsahibin nə qədər maraqlı olması və sevilməsi burada rol oynayır. Söhbət Məcididən gedirsə, mənim arzuladığım və böyük həvəslə apardığım müsahibələrdən idi. Müsahibə hər nə qədər gözlənilməz olsa da.

- Gələcək planlarınızda belə tanınmışlarla müsahibələr nəzərdə tutursunuz?

- Niyə də olmasın.

- Siz həm də tərcümə işi ilə də məşğulsunuz. "Zirzəmi quşu" əsərini də farscadan doğma dilimizə uyğunlaşdırmısınız. Başqa əsərlər varmı sizin tərcümədə?

- Bu günə qədər 10 roman və bir neçə hekayə və şeir kitabını doğma türkçəmizə çevirmişəm.

- Tərcüməçilik ədəbiyyata olan marağınızdanmı?

- Bu, həm də mənim peşəmdir.

- Ədəbiyyatdan söz düşmüşkən, sizi hansı xalqın ədəbiyyatı daha çox özünə çəkir?

- Ədəbiyyatı xalqlara görə təsnifatlandırmağı düzgün hesab etmirəm. Həqiqi ədəbiyyat məni özünə çəkir.

- Heç düşünmüsünuz jurnalistikanı buraxıb, tərcüməçiliklə məşğul olasınız?

- Xeyr. Çətin də olsa, hər ikisi ilə də bir arada məşğul olmaq mümkündür.