"Tələbələrlə işəgötürənlər müqavilə bağlamırlar" - Ekspert

15:59 20.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Tətil bitdi, universitet başladı, tələbə günləri başladı. Adətən bir sıra tələbələr işləmək üçün müxtəlif yerlərə -  şadlıq sarayları, kafelər, marketlərə müraciət edirlər. İşəgötürənlər isə bu müraciəti “əlacsız” kimi qəbul edib, mimum əmək haqqı ilə çalışdırırlar. Bəzən isə bir ay sınaq müddəti kimi işlədib, ay sonu “sizinlə daha işləyə bilməyəcəyik” deyib uzaqlaşdırırlar.

Mövzu ilə bağlı hafta.az saytına açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərov dedi ki, ilk növbədə işəgötürənlə, işədüzələn arasında əmək müqaviləsi olmalıdır. Onun sözlərinə görə, sahibkarların çox böyük əksəriyyəti əmək müqaviləsi bağlamaqda maraqlı deyillər: "Çünki Dövlət Soial Müdafiə Fonduna maaşdan ödənişlər olunmalıdır. İşəgötürən maaşın 20 faizi həcmində DSMF-ə ödəniş etməldir. Ona görə də əmək müaviləsi bağlamaq istəmirlər. Əslində isə qanunvericilikdə üç gündən artıq hardasa çalışırsansa, əmək müqaviləsi mütləq olmalır. Azərbaycanda böyük problemdir. Müqavilə ilə işləyən işçilərin sayı azdır. Tələbələrə gəldikdə isə işəgötürənlər tələbələrlə ümümiyyətlə müqavilə bağlamırlar. Onlar bilirlər ki, tələbənin işə, pula ehtiyacı var. Bu da işçilərin hüquqlarının birbaşa pozulmasıdır. İstər tələbə olsun, istər hər hansı bir işçi, onlar işə girdikdə mütləq əmək müqaviləsi tələb etməldirlər. Əmək müqaviləsində də əmək haqqları normal şəkildə qeyd olunmalıdır. Bu həm də onların sığortasıdır. Yəni, sabah işdən çıxanda onlar işəgötürəndən, sosial sığorta fondundan əlavə ödəniş tələb edə bilərlər. Burada əsas məqamlardan biri də işədüzələnin öz marağının olmasıdır. Amma təəssüf ki, Azərbaycanda işə tələbatın çox olması, işsizlərin sayının çoxluğu müqavilə olmadan da işləməyə razı olmalara gətirib çıxarır. Tələbə də, vəziyyətdən çıxmaq üçün bir-iki aylıq işləyir. Məcburiyyətdən heç əmək müqaviləsi də tələb etmir. Sonda uduzan isə elə onlar özləri olurlar".

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov hesab edir ki,bu kimi problemlərin həlli üçün ilk növbədə işəgötürənlə, işçi – tələbə və ya digər şəxslər arasında müqavilə olmalıdır:

“Əcnəbi şirkətlərdə də oxşar vəziyyət hökm sürür. Onlar bu vəziyyətdən sui-istifadə etmə halları var. Eləcə də başqa problem odur ki, bir sıra şirkətlər xarici işçilərə daha çox, yerli işçilərə isə onlardan dörd dəfə az məvacib verirlər. Hesab edirəm ki, həm müvafiq dövlət qurumları, həm də ictimai təşkilatlar bu məsələdə aktivliyi artırmalı və əmək müqaviləsi imzalamayan şirkətlərə qarşı mübarizəni gücləndirməlidir. Düzdür, hazırda Vergilər Nazirliyi və digər qurumlar bu şirkətlərlə mübarizə aparırlar və bunun nəticəsidir ki, ötən illərlə müqayisədə əmək bazarında müqavilə olmadan işləyənlərin sayı nisbətən azalıb. Amma bu sahədə görüləcək işlər hələ çoxdur. Hesab edirəm ki, ilk növbədə əmək müqaviləsi bağlamayan şirkətlərin siyahısı ictimaiyyətə açıqlanmalıdır”.

Sosial rubrikasından digər xəbərlər