"Trendyol" Azərbaycan bazarına daxil olur? – Yerli daşıma şirkətləri üçün bəd xəbər

16:05 24.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin məşhur elektron ticarət platforması - "Trendyol" məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdıracaq. Bunu şirkətin prezidenti Çağlayan Çətin bəyan edib. Onun sözlərinə görə, bu məqsədlə məhsullarının əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq:

“Platformamızda hər bölgədən minlərlə satıcı var. Satdığımız malların 75 faizi Türkiyədə istehsal olunur. Məqsədimiz Türkiyədəki məhsullarını Avropa və Yaxın Şərq ölkələrində müştərilərin qapısına çatdırmaqdır. Biz bu məhsulların elektron ixracının texnoloji və logistika infrastrukturuna böyük sərmayə qoyacağıq, bununla da istehsalçıları 500 milyon müştəri ilə görüşdürəcəyik. Bunun üçün platformamıza alman və ərəb dilləri də əlavə olunacaq. Gələcək 5 ildə həm ölkə daxilində, həm də xaricinə 5 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Bu əməliyyatlar üçün xaricdə şirkətlər alınmasını da nəzərdən keçiririk. Bəzi sərmayələri isə sıfırdan edəcəyik. İnvestorlarımız da bizə inanır və öz sərmayələri ilə bizi dəstəkləməyə hazırdırlar".

O, həmçinin bildirib ki, ötən il "Trendyol" 265 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 150 milyon dollarlıq hissəsi birbaşa, 115 milyon dolları isə dolayısı ilə həyata keçirilib. Əsas ixrac istiqaməti Avropa ölkələri olub.

Qeyd edək ki, son bir neçə ildə Azərbaycanda da onlayn alış-verişə tələbat olduqca artıb. İnsanlar daşıyıcı şirkətlərin xidmətindən istifadə edərək müxtəlif məhsulları xüsusilə Türkiyədən sifariş edirlər. Statistikaya görə, müştərilərin daha çox sifarişi "Trendyol" platformasından olur.

Maraqlıdır, görəsən, "Trendyol"-nun yeni layihəsi Azərbaycanda fəaliyyət göstərən daşıyıcı şirkətlərin işinə necə təsir göstərəcək? Şirkətin məhsulu birbaşa müştərinin ünvanına çatdıracağı ölkələr arasında Azərbaycan da olacaqmı? Ümumiyyətlə, bu layhənin hansı müsbət və mənfi cəhətləri ola bilər?

Məsələni hafta.az-a şərh edən Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü, elektron ticarət məsələləri üzrə mütəxəssis Nicat Manafov bildirib ki, Türkiyənin bəzi elektron ticarət platformaları hazırda da Azərbaycana birbaşa göndəriş edə bilir:

“Məsələn, Hepsiburada.com, N11.com Azərbaycana birbaşa məhsul göndərir. İndi “Trendyol” da buna qoşulacaq. “Hepsiburada” və “N11” də ən böyük problem ondan ibarət idi ki, Azərbaycana çatdırılma qiyməti bahalı idi. Eyni zamanda, bir çox məhsulları, o cümlədən marka malları Azərbaycana göndərmirdi. Çünki həmin markaların ölkəmizdə rəsmi təmsilçiləri var. “Trendyol”un başqa bir üstünlüyü var ki, bu platformada satılan məhsulların 80 faizi türk markalarıdır. Hansı ki, onların bir çoxunun Azərbaycanda rəsmi dillerləri yoxdur. Ona görə də həmin məhsulları rahatlıqla ölkəmizə göndərə biləcəklər. Və onu da qeyd edim ki, “Trendyol”nun satış rəqəmləri və həcmi də digər internet mağazaları ilə nisbətdə Azərbaycanda daha yüksəkdir. Alınan məhsulun 75-80 faizi bu platformadan sifariş edildiyi üçün “Trendyol” münasib qiymətdən ölkəmizə məhsullarını göndərə biləcək. Amma bu indi baş verəcək proses deyil, bəlkə 1-2 ilə reallaşdı. Bundan sonra Türkiyənin bütün internet mağazaları, xüsusən yeni nəqliyyat yolunun açılması ilə də bərabər yolüstü, həm də hava nəqliyyatıyla məhsullarını Azərbaycana uyğun qiymətə göndərəcəklər. Nəticədə müştərilər məhsulları birbaşa əldə etmək imkanına malik olacaqlar. Azərbaycanda olan daşıyıcı şirkətlər isə məhsulu birbaşa aldığımız üçün fəaliyyət göstərə bilməyəcəklər”.

Ekspert onu da vurğulayıb ki, hazırda ölkəmizdə 150-yə yaxın daşıyıcı şirkət var: “Bu şirkətlər qeyd etdiyim ki, bir çoxu bağlanacaq,  ya da yaxın 2-3 ildə məcbur fəaliyyət istiqamətlərini dəyişəcəklər”.

Mövzu ilə bağlı bizimlə fikirləri bölüşən iqtisadçı-ekspert Xalid Kərimli isə deyib ki, “Trendyol"nun Azərbaycan bazarına daxil olacağı barədə məlumatlar dəfələrlə gündəmə gəlib:

“Bu barədə məlumatlar təxminən 1 ildir ki, yayılır. Amma bu məlumatlar şayiə xarakterli idi. Çünki türk markaları birbaşa sürətdə Azərbaycan bazarında var. Lakin “Trendyol”un üstünlüyü ondan ibarət idi ki, insanlar birbaşa özləri alırdılar və karqo şirkətləri də çatdırılma məsələsini həll edirdi. “Trendyol” birbaşa bazara girirsə, burada anbarlarını qurmalı, təmsilçiliyini yaratmalıdır. Yəqin ki, onlar yarana biləcək bütün inzibati xərcləri də hesablayıblar.

Çox güman ki, şirkət bu addımı ilə bütün satışlarını nəzarət altına almaq istəyir. Təbii ki, bu addım yerli karqo şirkətlərinin fəaliyyətini sual altına qoyacaq. Bu gün bazarda 100-dən çox karqo şirkəti var və həmin şirkətlərdə ən azı 10-15 nəfər işləyir. Xüsusilə gənclər arasında məşğulluğu təmin edirlər və müəyyən də qazancları var. “Trendyol” Azərbaycanda təmsilçilik qurarsa, bu şirkətlər zəifləyəcək və müflis olacaqlar, bəziləri də fəaliyyət istiqamətlərini dəyişəcəklər. İstənilən halda bu şirkətlərin biznes modeli dəyişmək məcburiyyətində qalacaq. Çünki bu biznesAzərbaycanda  “Trendyol” sayəsində məhşurlaşmışdı. Lakib burada bir məsələ də var ki, “Trendyol”un sahibi konkret olaraq Azərbaycan bazarına girəcəklərini açıqlamayıb. Ona görə də yaxın gələcəkdə onların bizim bazara daxil olacağı gözlənilən deyil. Trendyol"un sahibi Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri, anbarlar yaradacaqlarını bəyan edib. Azərbaycan onlar üçün o qədər əhəmyyətli böyük bazar deyil”.   

Oxunma sayı 32